Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-130/2025 14.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X11 oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən tərtib olunmuş, xx.xx.2023-cü il tarixli ******* №li akta əsasən, ünvan 1 ünvanında **********00000 nömrəli sayğaca müdaxilə olunub, qaz itkisi 25920 m3 hesablanmışdır.
2. Cavabdeh tərəfindən xx.xx.2023-cü il üzrə üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilir ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5- 4583/Q002 nömrəli Aktına əsasən G-4 markalı **********0 nömrəli sayğacın çıxış plastmas borusu deşilib xx.xx.2023-cü il tarixli təbii X8nın pozulması haqqında ******* nömrəli akta əsasən **********00000 saylı abonent X4 25920 m3 qaz sərfiyyatına uyğun dəymiş ziyan həcmi hesablanmışdır.
3. X4 (abonent **********00000) məxsus saldo məlumatlarına əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6 məhəllə, ev 62 Zenner G4T Mexaniki sayğac qurğusu üzrə istehlakçıya 2023-cü il üzrə 3110.40 manat məbləğində borc hesablanmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ümumi sahəsi 173.20 m2 olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ramiz Hüseynov küçəsi, ev 22 xüsusi mülkiyyət formasında X1 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
5. Bakı şəhər Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2019-ci il tarixdə vəfat etmişdir.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 8 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2V-251 №-li Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, xx.xx.2019-ci il tarixdə vəfat etmiş X2 vərəsələri: X3 (arvadı), miras əmlakdan 1/3 hissə, İddiaçı (oğlu), miras əmlakdan 1/3 hissə, X9 (qızı) miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Miras əmlakı: AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AB561757 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi NOMR-Z mühərrikin nömrəsi ******* və buraxılış ili 1978-ci il olan VAZ 21011 minik markalı **-KO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.
7. Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının X10 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 135 №-li məktubuna əsasən, vətəndaş Hacıyev X6 qəsəbəsi, Bilal Niftəliyev küçəsi, ev 29, mənzil 18 saylı ünvanda qeydiyyatdadır, lakin İddiaçı R.Hüseynov küçəsi, massiv 6, ev 22 saylı ünvanda yaşayıb yaşamaması barədə X10 ərazi nümayəndəliyində heç bir məlumat yoxdur.
8. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli istehlakçının qaz təsərrüfatının invertar Aktına əsasən, X4 məxsus ünvan 2 ünvanı dəyişdirilərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ramiz Hüseynov küçəsi, ev 22 olmuşdur. İddia tələbi
9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qaz idarəsinin və işçilərinin bu hərəkətləri barədə planlı tədbir görüb, qeyd edilən borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, Cavabdeh İB-in xx.xx.2023-cü il tarixli aktı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, Ramiz Hüseynov küçəsi, ev 22 **********00000 abonent nömrəsinə əsassız hesablanmış 3110.40 manat pulun (borcun) silinməsi, məhkəmə prosesi nəticəsində ona dəyən 200 AZN cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 5 nəfər ailə üzvü ilə birlikdə qeyd edilən 6 massiv, R.Hüseynov küçəsi ev 22-də yaşayırlar. Uzun müddətdir ki, yaşadığı ünvanda istifadə etdiyi qazın sərfiyyatını vaxtı-vaxtında ödəmişlər. Müəyyən müddət küçdikdən sonra qaz idarəsindən onlara bildirdilər ki, onların 3130 manat ayrı ayrı vaxtlarda yığılaraq borcu vardır. Halbuki bu borclar barədə onlara heç bir yazılı və şifahi formada xəbərdarlıq edilməmiş və heç bir sənəd təqdim edilməmişdir. Sonradan qaz idarəsinin işçiləri tərəfindən onlara 2023-2024-cü il tarixlərində 3130 manat borcu olduğu bildirilmişdir. Halbuki yuxarıda qeyd etdiyi kimi bu borcdan onların xəbəri olmamış, halbuki onlar qaza olan borcunu vaxtıvaxtında ödəməmişlər. 2023-cü il tarixdə qaz idarəsi tərəfindən bir neçə dəfə qaz sayğacı dəyişdirilmiş, guya ki onlar tərəfindən qaz sayğaclarına qanunsuz müdaxilələr olduğunu bildirmişlər. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaya etiraz
12. Cavabdeh İB iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, Cavabdeh ilə istehlakçılar arasında qaz təchizatı üzrə münasibətlər qazın alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Hazırki mülki işdə sonuncu qazın alqı-satqısına dair müqavilə mərhum X5 ilə Cavabdeh arasında bağlanılmışdır. Eyni zamanda iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ramiz Hüseynov küçəsi, ev 22 X1 mülkiyyətindədir. Lakin iddia X1 oğlu və etibarnamə üzrə nümayəndəsi İddiaçı tərəfindən qaldırılmışdır. Qeyd edilənlərə əsasən hazırkı mülki iş üzrə İddiaçı borcun silinməsini tələb etmək hüququ yoxdur.
13. Cavabdeh etirazın hüquqi əsası kimi “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndinə, “Əhalinin təbii qazda istifadə üzrə yaranmış borcların silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsaslanmışdır.
14. Qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı məhkəmə hazırlıq iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini, ona heç bir inzibati tənbeh tətbiq olunmadığını, onun tərəfindən sayğaca heç bir müdaxilə edilmədiyini qeyd edərək iddianın təmin edilməsini xahiş etdi.
16. Cavabdeh İB tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasında nümayəndənin iştirak edə bilməyəcəyini, iddia tələbini qəbul etmədiklərini və iddianın təmin edilməməsini xahiş edilmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
18. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 6-2-ci bəndinə əsasən, müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X8 ilə tənzimlənir.
19. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Qanunun: 17-ci maddəsinə əsasən, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «X8»nın: 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. b) Əsaslandırma
22. İddia qismən əsaslıdır.
23. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac üzrə xx.xx.2023-ci il tarixli cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən sayğacın hesablama mexanizminə kənar müdaxilə edilməklə qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, həmin akt əsasında hesabat müddəti 90 gün qəbul edilməklə 25920 m3 qaz itkisi müəyyən edilmiş və iddiaçıya məxsus saldo məlumatlarından göründüyü kimi ona 2023-cü il üzrə isə 3110.40 manat borc hesablanmışdır. İstehlakçı cavabdehin hesablanmış olduğu ziyan məbləği və aktla razılaşmayaraq 3110.40 manat borcun silinməsini tələb edir.
24. İddiaçının borcun silinməsi tələb edilən mənzil üzrə abonent olmadığından məhkəmə ilk növbədə, onun subyektiv hüququna qiymət verərək aşağıdakıları qeyd edir. subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).
25. Mübahisəli mənzil üzrə sayğacdan istifadəyə dair müqavilə iddiaçının mərhum atası X2 adına bağlanmaqla, abonent qismində X5 qeyd edilmişdir. İddiaçının abonentin vərəsəsi olmasına dair sübutlar iş materiallarına əlavə edilmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinin tələbinə əsasən, miras qoyanın öldüyü məqamadək malik olduğu vəzifələrin (miras passivi) toplusu miras əmlaka daxildir.
26. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı atasının qanun üzrə vərəsəsi qismində onun öhdəliklərini də əldə etdiyindən, həmin öhdəliyin yaranma əsaslarını mübahisələndirmək və məhkəmə qaydasında bununla bağlı tələb irəli sürmək hüquqlarına malikdir.
27. Borcun əsaslarına münasibətdə isə məhkəmə ilk növbədə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, hazırkı iddia tələbi bilavasitə qanundan irəli gəlməklə, tərəflər arasında mübahisə mülki hüquq pozuntusundan (delikt) yaranan münasibətlərə aiddir.
28. Mülki hüquq pozuntusunun (delikt) (Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1097.1ci maddələri) dizpozisiya şərtləri aşağıdakı ünsürlərdən ibarətdir: əməl (hərəkət və hərəkətsizlik), əməlin hüquqazidd olması və təqsir.
29. Hazırkı işdə əməlin baş verib-vermədiyi, iddiaçının hüquqazidd hərəkət etməsi və bu zaman təqsirli olmasının yoxlanması zamanı ilk növbədə sübutetmə yükünün düzgün müəyyən edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, kənar xəttin çəkilməklə qaz itkisinin baş verməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi MPM-in 77.1-ci maddəsinin tələbinə görə məhz Cavabdeh İB-nin üzərinə düşür.
30. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı sübut qismində xx.xx.2023-ci il tarixli akta, cavabdehin özü tərəfindən tərtib edilmiş laborator akt və həmin akta əsasən hesablanmış dəymiş ziyanla bağlı tələbnaməyə istinad edilmişdir.
31. Məhkəmə qeyd edilən sübut vasitəsilə bağlı onu qeyd edir ki, həmin aktlar kserosurət olmaqla, lazımi qaydada təsdiq edilməmiş, iddiaçı tərəfindən imzalanmamışdır. Halbuki mülki qanunvericiliyin tələbinə əsasən yazılı sübutlar-sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməlidir. Bundan əlavə qeyd edilən aktların tərtib edilməsində istehlakçı qismində çıxış edən iddiaçı tərəfindən imzalanmamış, həmin akt cavabdehin özü tərəfindən birtərəfli qaydada tərtib edilmiş, iddiaçı məhkəmə iclasında verdiyi izahatında aktı imzalamadığını bildirmişdir. Bu hal isə həmin aktın formal olaraq tərtib edilməsi kimi qiymətləndirilməsinə əsas verir. Belə olduqda, cavabdeh tərəfindən təqdim edilmiş həmin sənədlərin iş üzrə mötəbər sübut qismində qəbul edilməsi yolverilməzdir.
32. Bundan əlavə yuxarıda qeyd edilən “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsi (maddə 2022-ci ilin mayın 1-dən qüvvəyə minmişdir) və “X8”nın 6.5-ci bəndinin tələblərindən aydın olduğu kimi, istehlakçının qazın talanmasında təqsirli olması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan təleb etməlidir.
33. Hazırkı işdə Cavabdeh tərəfindən Qanunun yuxarıda göstərilən maddəsinin tələblərinə əməl edilməmiş, abonent Lamiyə Abbasova tərəfindən sayğaca müdaxilə halları ila bağlı tərtib edilmiş akt inzibati xəta haqqında iş üzra icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilməmiş, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların va ya məhkəmənin qərarı ilə təsdiq edilmədən onun şəxsi hesabına borc kimi yazılaraq tələb edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı qanunsuz müdaxilə halının etirafı baş verməmişdir.
34. Məhkəmə qeyd edir ki, istehlakçının sayğaca müdaxiləsi ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələblərinin əsaslı olmasına qiymət verilməsi üçün kifayət edir.
35. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması halına dair başqa heç bir sübut vasitəsi təqdim edilməmişdir. Bu da öz növbəsində iddiaçıya hesablanmış borc məbləğinin əsassız olmasını şərtləndirir. Bununla da, hazırkı mülki iş üzrə istehlakçı qismində çıxış edən iddiaçıya qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurulması halının müəyyən edilməsi və cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli ******* nömrəli aktın əsasının müəyyən edilməsi mümkün olmamışdır.
36. Məhkəmə qeyd edilən halları əsas götürərək hesab edir ki, mübahisələndirilən akt əsasında cavabdeh tərəfindən istehlakçıya məxsus sayğac üzrə onun şəxsi hesabına ziyan məbləği əsassız yazıldığından iddia tələbi borcun silinməsi hissəsində təmin edilməlidir.
37. Məhkəmə iddia tələbinin iddiaçının çəkdiyi xərclərə görə 200 manatın ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; və s. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Göründüyü kimi, qeyd edilən normalarda tərəflərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri təsbit edilsə də, həmin məbləğin ödənilmə qaydası və miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər.
39. Hazırkı mülki iş hüquqi mahiyyət etibarı ilə mürəkkəbliyi ilə seçilmir. Eyni zamanda, məhkəmə hazırkı mülki iş üzrə iddiaçının ümumilikdə 3 məhkəmə iclasında iştirak etməsini, məhkəmə baxışında iştirak etməməsini, tələb olunan bütün sübutların iddia ərizəsinə əlavə edilməsini və həmin sübutların əldə edilməsinin mürəkkəb olmamasını, tərəfin vəkil və ya nümayəndə köməyindən istifadə etməməsini, eyni zamanda, iddiaçının hansı xərcləri çəkməsinə dair sübutlar təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
41. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
42. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə bütün növ büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
43. Həmin qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir.
44. Məhkəmə hazırkı tələb üzrə ödənilməli olan dövlət rüsumunun “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən 51.12 manat təşkil etməsini, iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu və iddianın təmin edildiyi əsas götürərək, qanunvericliyin yuxarıda göstərilən tələblərinə əsasən qeyd edir ki, iş üzrə ödənilməli olan 51.12 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Nəticə
45. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, cavabdeh iddiaçının tələbdə göstərilən borcunun yaranması halını sübut edə bilməməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB-i tərəfindən iddiaçıya hesablanmış 3110.40 manat məbləğində pul vəsaiti silinməli, iddia qalan hissədə təmin edilməməlidir.
46. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı məhəllə, ev 62 (hazırda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ramiz Hüseynov küçəsi, ev 22) **********00000 saylı istehlakçı hesabına ******* saylı xx.xx.2023-cü il tarixli akt əsasında yazılmış 3110.40 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının azad edildiyi 51.11 manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova