Məhkəmə qərarları › İş №2(002)-131/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-131/2023

05.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-131/2023 05.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X9 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı həyətlərini ayıran mişar daş hasarın üstündə tikilmiş evin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı həyətlərini ayıran mişar daş hasarın üstündə tikilmiş evin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən, ümumi daş hasarın üstündə tikinti normalarına uyğun olmadan tikilmiş evin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Bir ildən çoxdur ki, cavabdeh əvvəlki evin üstündə qanunvericiliyin tələblərini pozmaqla bir mərtəbə qaldırmışdır. Cavabdeh tərəfindən tikilmiş ev həyətlərini ayıran ümumi daş hasarın üstündə tikilmişdir ki, o da nənəsindən ona vərəsəlik qaydasında qalmış evin yan hissəsini tamamilə bağlamışdır. Nənəsindən miras qalmış evin yanında hasara tərəf inşa edilmiş tikililər isə çoxdan tikilib. Bundan başqa, cavabdeh onlara məxsus torpaq sahəsindən təxminən 1 (bir) metrə yaxın torpaq sahəsini zəbt etmişdir. Bundan əlavə, evi tikən zaman ara məsafəsinə məhəl qoymamışdır və cavabdehin evinin hüquqmüəyyənedici sənədi yoxdur. Ona görə də ekspertin rəyi əsas götürülərək cavabdehin evi sökülməlidir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh daha əvvəl iddiaçıya qarşı onun evinin sökülməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir, əslində həmin məhkəmə mübahisəsi olmasaydı, iddiaçının ümumiyyətlə məhkəməyə müraciət etmək fikri yox idi. Bundan əlavə bildirmək istəyir ki, mülki iş üzrə ekspert rəyində Cavabdeh məxsus ünvan 2 ünvanda inşa olunmuş iki mərtəbəli yaşayış evi ilə, ünvan 3 ünvanda yerləşən bir mərtəbəli fərdi yaşayış evi arasında ara məsafəsi saxlanılmadığından, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələbinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Ekspert isə məhkəmə iclasında ara məsafəsini iddiaçıya miras qalmış, çıxarışda qeyd olunan evdən deyil, evin yanında hasara tərəf inşa edilmiş və texniki pasportda əks olunmayan tikililərdən hesabladığını qeyd etmiş, öz rəyini təkzib etməyə çalışmışdır. Lakin ekspert xüsusi biliyə malik şəxsdir və hər bir tikilinin nəzərə alınması onun vəzifəsidir. Ona görə də ekspertin rəyi əsas götürülərək cavabdehin evi sökülməlidir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir. Belə ki, ona məxsus 35 saylı evə dair bütün hüquqmüəyyənedici sənədləri, o cümlədən çıxarışı və texniki pasportu vardır. İddiaçıya nənəsindən 2007-ci il tarixli çıxarışa əsasən cəmi bir mərtəbəli, bir otaqlı, 36 saylı evin 3/5 hissəsi miras qalmışdır. İddiaçı isə həmin evdən kənarda yeni iki mərtəbəli ev tikmiş, əvvəlki məhkəmə mübahisəsi də məhz yeni evlə bağlı olmuşdur. İddiaçı hazırda 2007-ci il tarixli çıxarışa istinad edərək ona qarşı əsassız iddia qaldırmışdır. Belə ki, əslində hasar 1970-ci illərdə tikilib, hasarla iddiaçının nənəsinin evi arasında geniş yol olmuş, bu barədə 1985-1987-ci illərə aid fotoşəkil təqdim edilmişdir. Həmin evdən hasara qədər olan qanunsuz tikililər isə təxminən 2010-cu ildə inşa edilmişdir. Əslində 2007-ci il tarixli çıxarışda qeyd olunan evlə hasar arasında böyük məsafə vardır. Ekspert məhkəmə iclasında ara məsafəsini iddiaçıya miras qalmış, çıxarışda qeyd olunan evdən deyil, evin yanında hasara tərəf inşa edilmiş və texniki pasportda əks olunmayan tikililərdən hesabladığını təsdiq etmiş, bununla da öz rəyini təkzib etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X15 cavabdehin izahatına uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2007-ci il tarixli çıxarışda bir otaqlı evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətdə olmasına dair hər hansı qeyd yoxdur. Bundan əlavə, 2007-ci ildən sonraya, yəni 2008-ci ilə aid “google” proqramı üzrə peyk görüntüsünə əsasən həmin evdən hasara qədər hər hansı tikili mövcud deyildir. Bütün bunlar təsdiq edir ki, əvvəllər hasarla ev arasında yol olmuş, aradakı qanunsuz tikililər sonradan tikilmişdir, həmin tikililərə dair hər hansı hüquqmüəyyənedici sənəd yoxdur. Həmin tikililər iddiaçının təqdim etdiyi sxemdə və texniki pasportda da əks olunmamış, lakin ekspertiza zamanı ekspert tərəfindən səhvən nəzərə alınmışdır. Ekspert məhkəmə iclasında ara məsafəsini iddiaçıya miras qalmış, çıxarışda qeyd olunan evdən deyil, evin yanında hasara tərəf sonradan inşa edilmiş və texniki pasportda əks olunmayan tikililərdən hesabladığını özü etiraf etmiş, bununla da öz rəyini təkzib etmişdir. Ona görə də ekspert rəyi əsassız olduğundan nəzərə alına bilməz. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadə verərək bildirdi ki, o, uşaqlıqdan Lökbatan qəsəbəsində yaşayır. Cavabdehi uşaqlıqdan tanıyır, iddiaçının isə atasını tanımışdır. Hasarla iddiaçının nənəsinin evi arasında 1980-ci illərdə piyada yolu olub, təxminən 7-8 metr ara məsafəsi olub, sonradan həmin yol bağlanıb, digər tikililər isə 10-15 il əvvəl tikilib. Sonuncu dəfə təqribən 2010-cu ildə iddiaçının əmisi rəhmətə gedəndə həmin ərazidə olmuşdur. Məhkəmə iclasında ekspertizanın icraçısı olan ekspert, 1-ci dərəcəli ədliyyə qulluqçusu X14 izahat verərək bildirdi ki, iş materiallarında olan, iddiaçı tərəfindən təqdim olunan texniki pasportda 36 saylı evin yeri qeyd olunub, lakin yerli baxış zamanı həmin evin yanında hasara tərəf başqa tikililərin olduğu aşkar edildiyindən, tədqiqat həmin tikililərlə hasar arasında aparılıb, nəticədə rəydə anlaşılmazlıq əmələ gəlib. Əslində 35 saylı ev və hasarla texniki pasportda qeyd olunan 36 saylı ev arasında kifayət qədər ara məsafəsi saxlanılmışdır. Texniki pasportda iddiaçıya məxsus “A” tikilisinin yanı boşluqdu, lakin mövcud vəziyyətdə baxış keçirilən zaman başqa bir tikilinin olduğu aşkar edildi. Həmin digər tikilinin fotoşəkli iş materiallarında da mövcuddur. Ara məsafəsi həmin digər tikiliyə münasibətdə ölçülmüş və pozuntu qeyd olunmuşdur. Lakin, texniki pasportda öz əksini tapan, iddiaçıya məxsus olan 36 saylı ev ilə cavabdehə məxsus olan 35 saylı ev, hasar arasında ara məsafəsi gözlənilmişdir, bu halda ara məsafəsi ilə bağlı pozuntu yoxdur. Bundan əlavə, qeyd edir ki, 36 saylı evə aid torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Bu torpaq hissəsi sadəcə texniki pasportda öz əksini tapmışdır, hüquqmüəyyənedici heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə, izahatları, şahid ifadəsini dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin 1996-cı il tarixli texniki pasportunun surətindən görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsi, 36 saylı evin sahibi X3r. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2-335/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsi, 36 saylı evin tərəflər arasında bölünərək X7 3/5 payın, X10 və İddiaçı 1/5 payın, X8 isə 1/5 payın müəyyən olunması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsində istifadədə olan 0.016 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 22.2 kv.m yaşayış sahəsindən ibarət 36 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X4 1/5 hissə, X5 3/5 hissə, X1 1/5 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 4838 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X11 ötən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 4 ünvanında yerləşən evdən ona məxsus 3/5 hissə payını ünvan 4 ünvanında yaşayan nəvəsi İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı No 235848 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 29 yanvar 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 02 fevral 2022-ci il tarixində 91 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan ünvan 5 ünvanladığı xx.xx.2022-ci il tarixli, 2229 saylı məktubun surətindən görünür ki, xx.xx.1937-ci il tarixdə anadan olmuş xx.xx.2022-ci il tarixdə ölmüş X2 miras qalmış ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün xx.xx.2022-ci il tarixdə vərəsələrdən ünvan 6 ünvanda qeydiyyatda olan X5 vəsiyyət üzrə vərəsəsi İddiaçı Bakı şəhəri 8 saylı notariat ofisinə mirasın qəbulu barədə ərizə ilə müraciət etmiş və müraciət əsasında 55/2022 nömrəli vərəsəlik işi açılmışdır. İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi ünvan 6 ünvanında qeydiyyatda olan İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak: Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında DƏDRX Bakı şəhəri Əraz İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə X7 verilmiş **********43-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi 22.2 kv.m olan 1 (bir) otaqlı fərdi yaşayış evindən X7 məxsus 3/5 hissə paydan ibarətdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş memarlıq-planlaşdırma bölməsinin surətindən görünür ki, həmin bölmə ünvan 6 ünvanında İddiaçı məxsus fərdi yaşayış evi üçün 2022-ci ildə tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 Cavabdeh tam pay üzrə xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2022-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, ünvan 2 evin hüquq subyekti Cavabdehdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2023-cü il tarixli, 10/7492 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh Əbdul oğluna məxsus ünvan 2 ev və daş hasarın yerləşdiyi torpaq sahəsinin İddiaçı sahibliyində olan, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışa əsasən, mərhum X5 3/5 hissədə mülkiyyətində olmuş Qaradağ rayonu, Löbatan qəsəbəsi, H.Aslanov küçəsi, 36 saylı fərdi yaşayış evinə məxsus torpaq sahəsini ayıran hasarın üzərində inşa olunmaqla 35 saylı yaşayış evinin ikinci mərtəbəsi fəzada 0,40 m enində 11,20 m uzunluğunda 36 saylı ünvana aid torpaq sahəsinin (fəzada) üzərində inşa olunduğu müəyyən edilir. Cavabdeh Əbdul oğluna məxsus ünvan 2 ünvanda inşa olunmuş iki mərtəbəli yaşayış evi ilə, ünvan 3 ünvanda yerləşən bir mərəbəli fərdi yaşayış evi ilə ara məsafəsi saxlanılmadığından Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələbinə uyğun inşa edilmədiyi müəyyən edilir. İş materiallarına həmçinin fotoşəkillər, “google” proqramı vasitəsi ilə çəkilmiş 2008-ci, 2013-cü, 2022-ci illərə aid peyk görüntüləri əlavə edilmiş və məhkəmə baxışı zamanı tərəflərin iştirakı ilə tədqiq edilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, xx.xx.2007-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 22.2 kv.m yaşayış sahəsindən ibarət 36 nömrəli fərdi yaşayış evinin mərhum X7 məxsus olmuş 3/5 hissəsini iddiaçı vərəsəlik qaydasında qəbul etmişdir. Tərəflərin və ekspertin izahatlarına, şahidin ifadəsinə, texniki pasportun surətinə, peyk görüntülərinə əsasən həmçinin müəyyən edildi ki, iddiaçıya miras qalmış həmin evdən cavabdehin mülkiyyətində olan 35 saylı evə, həmçinin hasara qədər olan ara məsafəsi ilə bağlı hazırda qüvvədə olan normalar baxımından hər hansı pozuntu mövcud deyildir. Belə olan halda, mülki iş üzrə keçirilmiş ekspertizanın rəyi, həmin rəydə ara məsafəsi iddiaçıya miras qalmış, 2007-ci il tarixli çıxarışda qeyd olunan evdən deyil, evin yanında hasara tərəf 2007-ci ildən sonra inşa edilmiş, texniki pasportda əks olunmayan, heç bir hüquqmüəyyənedici sənədi olmayan tikililərdən hesablandığından, habelə ekspertin özünün izahatı ilə təkzib olunduğundan, mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Bundan əlavə, məhkəmə iclasında müəyyən edildi ki, 36 saylı evə aid torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə müəyyən edir ki, iddiaçı tərəfin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğu və ara məsafəsinin pozulduğu ilə bağlı dəlilləri məhkəmə baxışında öz təsdiqini tapmadığından və mülki iş üzrə sübutlarla təkzib edildiyindən, bununla da iddia tələbinin əsası olan hallar sübuta yetirilmədiyindən, iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən, hüquqdan suiistifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Həmin Məcəllənin 69.5.2-1-ci maddəsinə əsasən, ara məsafəsi bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə-divar hündürlüyünün 0,3 hissəsi qaydasında müəyyən edilir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı həyətlərini ayıran mişar daş hasarın üstündə tikilmiş evin sökülməsi tələbi barədə iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar