Məhkəmə qərarları › İş №2(002)-1320/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1320/2025

24.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1320/2025 24.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış məbləğin silinməsi və sayğac dəyərinin ödənilməsi öhdəliyindən azad edilmə» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış məbləğin silinməsi və sayğac dəyərinin ödənilməsi öhdəliyindən azad edilmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən əsassız hesablanaraq **********00520 nömrəli abonent koduna yazılmış 777,60 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Balaqardaş 14 ünvanda yaşayır. Həmin evdə qaz hesabatları onun adınadır, qazın alğı-satqı müqaviləsi onunla bağlanmışdır. Cavabdeh işçiləri onun evini qazla təmin edən, çöldə, heç bir qoruma vasitəsi ilə təmin edilməmiş, onun nəzarət edə bilməyəcəyi bir yerdə quraşdırılmış qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək adı ilə açaraq aparmışlar. 2023-cü ilin iyul ayında 6480 m3 itirilmiş qaz həcmi üçün 777,60 manat məbləğində borc hesablanmış, həmin borc və qaz sayğacına müdaxilə ilə əlaqədar ******* saylı akt tərtib edilmişdir. Bildirir ki, o, akt əsasında yazılmış məbləğ ilə razı deyil. Hesab edir ki, tamamilə qanunsuz yazılmış və hesablanmışdır, çünki, çöldə, heç bir qoruma vasitəsi ilə təchiz edilməmiş, qaydalara uyğun şəkildə quraşdırılmamış qaz sayğacına görə cavabdehlik daşımır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdeh nümayəndəsi məhkəməyə iddiaya etiraz göndərərək, mülki işə baxılaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyindən, məhkəmə qeyd edilən etirazı nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh İB-nin nümayəndəsi məhkəməyə iddiaya etiraz göndərərək, iddianı qəbul etmədiyini bildirmiş və etirazda qeyd etmişdir ki, İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş, baxış keçirilən sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın kənar təsir nəticəsində kəsildiyi aşkar olunmuş və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2023-cü il tarixli ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Qeyd edilənlər iddiaçının qaz sərfiyyatının az qeydə alınmasına nail olunması üçün sayğaca müdaxilə etdiyini göstərir. Qanunvericiliyə görə qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehkal edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda, həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi özözündə istisna edilir. İddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən etirazı nəzərə alaraq mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 06 fevral 2023-cü il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktda, 12 iyul 2023cü il tarixli Qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə aktda, xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə, xx.xx.2023-cü il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd olunmuşdur ki, Cavabdeh İB-nin əməkdaşları İddiaçı yaşadığı ünvanda istifadə olunan təbii qazın həcmini ölçən sayğacı çıxararaq, yeni sayğac quraşdırmışlar. Çıxarılmış sayğac yuxarıda qeyd edilən akta əsasən laboratoriyada yoxlanılarkən sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın kənar təsir nəticəsində kəsildiyi aşkar olunmuşdur. Cavabdeh İB tərəfindən G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6480 m3 itkiyə görə 777 manat 60 qəpik hesablanmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, sayğaca abonent tərəfindən hər hansı müdaxilə edilməmişdir, sayğac iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində yararsız hala düşməmişdir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Məhkəmə qeyd edir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir: «Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.» Qeyd olunan maddə 2022-ci ilin mayın 1-dən qüvvəyə minmişdir. Eləcə də, Qanunun 13-cü maddəsinin 8-ci hissəsi aşağıdakı redaksiyada verilmişdir: «Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). «Smart-kart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.» Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu bərədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibatı Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxan olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Analoji noıma, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 6.5-ci bəndində də müəyyən edilmişdir (həmin norma yeni redaksiyada verilmişdir - 25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. «Xalq» qəzeti. 6 iyul 2023-cü il. № 138. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. 2023-cü il, № 6, maddə 878). Göründüyü kimi, Cavabdeh əməkdaşları tərəfindən Qanunun göstərilən maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, 2022-ci il mayın 1-dən sonra sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmiş, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə təsdiq edilmədən onun şəxsi hesabına borc kimi yazılaraq istehlakçıdan tələb edilmişdir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırki iş üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələbinin əsaslı olub-olmamasına qiymət verilməsi üçün kifayət edir. Göründüyü kimi, iddia əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli ******* saylı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» akt əsasında İddiaçı adına (ünvanına) (abonent kodu: **********00520) itirilmiş təbii qazın həcmi üzrə hesablanmış 777 manat 60 qəpik məbləğində borc Cavabdeh İB tərəfindən silinməlidir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinə giriş hissədə borcun silinməsi ilə yanaşı sayğac dəyərinin ödənilməsi öhdəliyindən azad edilmə başlığı verilsə də, iddia ərizəsinin əsaslandırıcı və xahiş hissəsində bu barədə heç nə qeyd edilmədiyindən, bu cür tələb iddia ərizəsində irəli sürülmədiyindən, həmin tələbə mahiyyəti üzrə baxılması və hüquqi qiymət verilməsi mümkün deyil. Məhkəmə iddia ərizəsinin giriş hissəsində sayğac dəyərinin ödənilməsi öhdəliyindən azad edilmə başlığının texniki səhv nəticəsində yazıldığı qənaətinə gəlmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli ******* saylı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» akt əsasında İddiaçı adına (ünvanına) (abonent kodu: **********00520) itirilmiş təbii qazın həcmi üzrə hesablanmış 777 manat 60 qəpik məbləğində borc Cavabdeh İB tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar