Məhkəmə qərarları › İş №2(002)-133/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-133/2024

13.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-133/2024 13.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 onun övladıdır, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Hazırda oğlu onunla birlikdə ünvan 1 ünvanda yaşayır. Oğlu 44 günlük ikinci Qarabağ Müharibəsində iştirak etmiş və hərbi əməliyyatlar zamanı ağır yaralanmışdır. Hərbi əməliyyatlar zamanı hər iki gözündən şikəst olmuş, sol ayağı dizdən aşağı, sağ ayağının iki barmağı amputasiya edilmiş, hadisələr nəticəsində demək olar ki, psixi travma almış və müalicə tələb edən ciddi davranış pozuntusu vardır. Oğlunun kənar şəxslərin qulluq və himayəsinə ehtiyacı vardır. Oğlu müddətsiz birinci qrup əlildir. Göründüyü kimi, oğlu psixi xəstədir, özünü idarə edə bilmir, kənar şəxsin qulluğuna ehtiyacı vardır. Oğluna xüsusi qulluq olmaqla ona kiminsə baxması zəruridir və ona qəyyum təyin edilməlidir. Odur ki, oğlu X3 fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Hazırda oğlunun fəaliyyət qabiliyyəti olmamasını müəyyən etdirmək ona oğluna qəyyum təyin olunması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkamə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Ərizəçi xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 anasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış xx.xx.2023-cü il tarixli əlillik haqqında arayışdan görünür ki, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İ qrup (müddətsiz) gözdən əlildir. Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması (xx.xx.2020). Hər iki gözün penetran yaralanması. Söl gözün penetran yaralanmasına görə aparılmış birincili-cərrahi işlənməsindən sonrakı korneanın imbibisiyası, torlu qişanın total qopması, sağ gözün müvəqqəti keratoprotezlə pars plana vitrektomiyası, yad cismin xaric olunması, silikon yağı inyeksiyası, dəlib-keçən keratoplastika əməliyyatından sonrakı keratopatiyası, görmə itiliyinin hər iki gözdə 0-a (sıfır) qədər azalması. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi PHŞ-nin 1 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023cü il tarixli arayışından görünür ki, X5 (FİN 6KC24NF) İ dərəcəli əlilliyə görə 500 manat məbləğində prezident təqaüdü alır (təyinatın bitmə tarixi: müddətsiz). İş materiallarına əlavə olunmuş tibbi sənədlərlə tanış olduqdan sonra, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin müvafiq qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» PHŞ-nin xx.xx.2023-cü il tarixli 3487 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X4 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs hazırki psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətindədir. Yoxlanılan şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» PHŞ-nin xx.xx.2024-cü il tarixli 1501 saylı rəyindən görünür ki, X4 hazırda üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması ilə yanaşı görmənin itirilməsi və aşağı ətraflarında yaranmış fiziki qüsurlar nəticəsində yaranmış) ifadəli şəxsiyyət pozuntusu, depressiv epizodlarla diaqnozlu psixi pozuntu müəyyən edilir. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. O, tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə qeyd edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Yuxarıda qeyd olunan rəydən də göründüyü kimi, X1 ilə əlaqədar olaraq məhkəmə iclasında iştirakı mümkün deyil. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, öz hərəkətlərinin mənasını dərk etməyən və onları idarə etmək iqtidarında olmayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar