Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1341/2021 19.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 06 aprel 2016-cı il tarixli, 24/22 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 06 aprel 2016-cı il tarixli, 24/22 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki 24 saylı binada yerləşən 22 nömrəli 2 otaqlı mənzilin müvəqqəti istifadələrinə verilməsinə dair 06 aprel 2016-cı il tarixli 24/22 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası» təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirirlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verir, qeyri-qanuni öz aralarında alğı-satqı edir və yaxud ümumiyyətlə həmin mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 06 aprel 2016-cı il tarixli, 24/22 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Cavabdeh1 ailə üzvü ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Müşfiqabad qəsəbəsində yerləşən 24 saylı binanın 22 nömrəli 2 otaqlı mənzili ilə təmin edilmişdir. Sonradan, Müşfiqabad MKİS-in rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və ailə üzvlərinin həmin mənzildə yaşamadığı və mənzilin başqa bir şəxsə qeyri-qanuni satıldığı məlum olmuşdur. Sahə rəisi tərəfindən Cavabdeh1 mənzildə yaşamadığı, mənzilin başqa şəxsə satılmasının qanunsuz olduğu bildirilmişdir. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3-cü hissəsinə, 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7-ci bəndlərinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Komitənin Mənzil-İstismar Departamenti ilə Cavabdeh1 arasında Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 24 saylı binada 22 nömrəli 2 otaqlı mənzilin ona verilməsi ilə bağlı 06 aprel 2016-cı il tarixli 24/22 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 2.4.2, 2.4.3, 2.4.4, 2.4.9, 4.1, 4.3, 5.1, 5.3, 5.4, 5.4.1, 5.4.3, 5.4.4, 5.4.5, 5.7, 5.7.1, 5.7.2, 5.7.3-cü bəndlərinə istinad edən iddiaçı hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara verilmiş – Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 24 saylı binada yerləşən 22 nömrəli 2 otaqlı mənzildə yaşamadığı və mənzilin başqa şəxsə qeyri-qanuni satıldığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, Mülki Məcəllənin 157.2, Mənzil Məcəlləsinin 91, 98, 99, 100-cü maddələrinə istinad edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 06.04.2016-cı il tarixli 24/22 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki 24 saylı binada yerləşən 22 nömrəli 2 otaqlı mənzil 3 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı və övladı) Cavabdeh1 kirayə verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 06 aprel 2016-cı il tarixli, 24/22 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Cavabdeh1 ailə üzvü ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Müşfiqabad qəsəbəsində yerləşən 24 saylı binanın 22 nömrəli 2 otaqlı mənzili ilə təmin edilmişdir. Müşfiqabad MKİS-in rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və ailə üzvlərinin həmin mənzildə yaşamadığı və mənzilin başqa bir şəxsə qeyri-qanuni satıldığı məlum olmuşdur. Sahə rəisi tərəfindən Cavabdeh1 mənzildə yaşamadığı, mənzilin başqa şəxsə satılmasının qanunsuz olduğu bildirilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq olunmuş 01 sentyabr 2020-ci il tarixli razılıq ərizələrindən göründüyü kimi, həqiqətən Cavabdeh1 və Cavabdeh2 onlara kirayə verilmiş xüsusi yaşayış sahəsinin kirayə müqaviləsinin digər şəxsin adına dəyişdirilməsinə etiraz etmədiklərini bildirərək, mənzili faktiki olaraq qeyri-qanuni şəkildə digər şəxsə satmışlar. Bu isə, cavabdehlər tərəfindən nəinki 06.04.2016-cı il tarixli, 24/22 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin, həmçinin qanunvericiliyin bir sıra müddəalarının tələblərinin kobud şəkildə pozulmasıdır. İddiaçı cavabdehlərə xəbərdarlıq məktubu ünvanlayaraq bildirmişdir ki, yuxarıda qeyd olunan mənzil xüsusi yaşayış sahəsi kimi Dövlətqaçqınkomun balansında olmaqla, Dövlət mülkiyyəti sayılır. Ona görə də, Dövlətin mülkiyyətində olan mənzillərin hər hansı şəxslər tərəfindən alğı-satqısı, bağışlanması, kirayə verilməsi qəti qadağandır. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin müvafiq bəndlərinə əsasən: - yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə bu müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. - kirayəçi və ailə üzvləri yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqla; kirayəçi və ailə üzvləri yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3.2-ci bəndinə əsasən məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Qaydanın 3.3-cü bəndinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Qaydanın 3.7-ci bəndinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti ola bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Mənzil Məcəlləsinin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Mənzil Məcəlləsinin 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Mənzil Məcəlləsinin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Göründüyü kimi, cavabdehlər qanunvericiliyin və kirayə müqaviləsinin şərtlərini pozmuşlar, iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki 24 saylı binada yerləşən 22 nömrəli 2 otaqlı mənzilin müvəqqəti istifadələrinə verilməsinə dair 06 aprel 2016-cı il tarixli 24/22 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki 24 saylı binada yerləşən 22 nömrəli 2 otaqlı mənzilindən çıxarılmalıdırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki 24 saylı binada yerləşən 22 nömrəli 2 otaqlı mənzilin müvəqqəti istifadələrinə verilməsinə dair 06 aprel 2016-cı il tarixli 24/22 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki 24 saylı binada yerləşən 22 nömrəli 2 otaqlı mənzilindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1341/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1341/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver