Məhkəmə qərarları › İş №2(002)-1441/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1441/2021

02.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1441/2021 02.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs1nə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı «torpaq sahəsinin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1nə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı «torpaq sahəsinin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, arxiv arayışında torpaq sahəsi ayrılmış şəxslər siyahısında 0.08 ha torpaq sahəsinin ayrılması barədə 216 torpağın sıra nömrəsi ilə qeyd edilmiş torpaq sahəsinin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayon XDS İK-nın 28 avqust 1991-ci il tarixli, 176 saylı qərarına əsasən, Yeni-Bakı broyler fabrikində işləyən ona fərdi ev tikmək üçün 0,08 ha hesabı ilə torpaq sahəsi ayrılması haqqında qərar qəbul edilmişdir. Bununla bağlı Əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 17 may 1991-ci il tarixli 7 saylı, 19 iyul 1991-ci il tarixi 8 saylı qərarları, 10 iyul 1991-ci il tarixli 48 saylı və 19 iyul 1991-ci il tarixli 30 saylı qərarları qəbul edilmişdir. Hətta həmin qərarla sözügedən torpaq sahəsi üzərində ona fərdi yaşayış evi tikintisinə icazə verilmişdir. Sözügedən qərarda ona məxsus məlumatlar (ad,soy ad, ata adı) düzgün göstərilsə də, arxiv məlumatında yanlışlıqla ata adı “Rəşid” kimi göstərilmişdir. Bu barədə 08 oktyabr 2020-ci il tarixli, F-704 saylı imtina məktubu ilə bildirilmişdir ki, torpaq sahəsi ayrılmış şəxslər arasında onun deyil Ərizəçi Rəşid oğlunun adına 0,08 ha torpaq sahəsi qeyd edilmişdir. Həmin yanlışlığın düzəldilməsi üçün Abşeron Rayon Dövlət Arxiv İdarəsinə müraciət etsə də, şifahi formada məhkəmə qaydasında həll edilməli olduğu tövsiyə edilmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmin torpaq sahəsinin onun adına ayrıldığını, lakin siyahıda onun ata adı fərqli yazıldığından, həmin torpaq sahəsinə dair heç bir sənəd ala bilmədiyini, sənədlər arasında uyğunsuzluq olduğunu, ona görə də məhkəmə qaydasında həmin faktın müəyyən edilməsini tələb etdiyini, həmin sahənin Binəqədi rayon İcra Hakimiyyətinin balansında olduğunu, lakin nə arxiv idarəsində, nə də icra hakimiyyətində onun adıyla bağlı heç bir sənədin olmadığını bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs1nə və maraqlı şəxs qismində işə cəlb edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrnin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş 08.10.20-ci il tarixli F-704 nömrəli arxiv arayışının məzmunundan görünür ki, Abşeron rayon XDS İK-nın 28 avqust 1991-ci il tarixli, 176 saylı qərarı ilə vətəndaşlara fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərarla torpaq sahəsi ayrılmış şəxslər siyahısında Ərizəçi adı aşkar edilməmişdir. Lakin həmin qərarda Ərizəçi Rəşid oğlu adına 0.08 ha torpaq sahəsi 218 torpağın sıra nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan 28 avqust 1991-ci il tarixli Azərbaycan Respublikası Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 176№ li Qərarından çıxarışın məzmunundan aydın olur ki, Yeni-Bakı broyler fabrikində işləyən Ərizəçi 216 № li fərdi yaşayış evi tikmək üçün 0,08 ha hesabı ilə torpaq sahəsi ayrılması haqqında fabrikin əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 17 may 1991-ci il tarixli 7№ li 19 iyul 1991-ci il 8№ li qərarları 10 iyul 1991-ci il tarixli 30 №li əmrləri nəzərə alınması, həmin torpaqda vətəndaşa fərdi yaşayış evinin tikintisi üçün icazə verilməsi qeyd edilmişdir. İş materiallarında olan 18.06.1991-ci il tarixli arayışın məzmunundan aydın olur ki, Yeni-Bakı Broyler fabrikinin işçisi Ərizəçi Azərbaycan SSR Nazirlər Sovetinin 23 oktyabr 1991-ci il tarixli 489 № li və fabrikin Həmkarlar İttifaqı Komitəsinin 17 may 1991-ci il tarixli 7№ li qəaraına əsasən fabrik üçün ayrılmış torpaq sahəsindən fərdi yaşayış evi tikmək üçün 216 № li torpaq sahəsi ona verilmişdir. Məhkəmə iddia tələbinə dair aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi müddəaları haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. 9 noyabr 1991-ci il tarixli Köhnə Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların,kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən isə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Torpaq islahatı haqqında» Qanunun 10-cu maddəsinin 5-ci və 6-cı hissələrinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələri, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən fərdi yaşayış evlərinin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin əsasnamənin 2-ci maddəsinə əsasən göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri və 88.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri və 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu XDS İcraiyyə Komitəsinin 176 № li 28 avqust 1991-ci il tarixli qərarı əsasında vətəndaşlara fərdi ev tikmək üçün həyətyanı torpaq sahələri ayrılmışdır. Ərizəçi həmin qərar əsasında 216 sıra nömrəsi ilə qeyd edilmiş torpaq sahəsinin məhz onun adına ayrılmasını, lakin sənədlər arasında uyğunsuzluq olduğundan, həmin torpaq sahəsinin ona məxsus olması halınn müəyyən edilməsinin zəruriliyini əsas gətirərək, həmin torpaq sahəsinin ona məxsus olması faktının müəyyən edilməsi tələbini irəli sürmüş, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Göründüyü kimi, ərizəçi müvafiq torpaq sahəsinin ona məxsus olmasına əsas verən sənədlə bağlı uyğunsuzluqla əlaqədar mübahisə olduğundan, həmin torpaq sahəsinin ona məxsus olması faktının müəyyən edilməsinə dair iddia tələbini irəli sürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı Abşeron rayonu Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş məktub əsasında müvafiq qərarla torpaq sahəsi ayrılmış şəxslərin siyahısında Ərizəçi adının aşkar edilmədiyi, habelə həmin qərarda 0,08 ha torpaq sahəsinin Ərizəçi Rəşid oğlunun adına 218 sıra nömrəsi ilə ayrıldığının qeyd edildiyi müəyyən edilmişdir. Göründüyü kimi, ərizəçi mübahisə predmeti olan torpaq sahəsinin ona məxsus olmasına dair sübutetmə vasitəsi qismində məhz müvafiq 176 № li Qərara istinad etsə də, Arxiv İdarəsində həmin Qərarda onun adına 216 nömrə ilə torpaq sahəsinin ayrılmasına dair heç bir məlumatın aşkar olunmadığı qeyd edilmişdir. Bundan başqa ərizəçi tərəfindən həmin halın müəyyən edilməsinə dair başqa hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı mübahisə predmeti olan torpaq sahəsinin məhz qeyd edilən 216 sıra nömrəsi ilə ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi mümkün olmamışdır. Qeyd edilən halları əsas götürərək, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Ərizəçinin tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Həmçinin, Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. .Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs1nə və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı «torpaq sahəsinin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs1nə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı «torpaq sahəsinin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar