Məhkəmə qərarları › İş №2(002)-1448/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1448/2023

24.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1448/2023 24.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya verməklə yaşayış və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “kompensasiya verməklə yaşayış və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyət hüququ əsasında ona mənsub olan ünvan 3in yaşayış sahəsindən istifadə hüququna 6000 (altı min) manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvana xx.xx.1996-cı il tarixdə Seriya MH N° 038505 nömrəli qeydiyat vəsiqəsi almşam. xx.xx.2017-ci il tarixdə isə qeydiyyat vəsqəsini dəyişdirərək ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçən Çıxarış almşam. Qeyd edilən ünvanda cavabdehlə birlikdə yaşayıram. Cavabdeh oğlumdur. Özüm 1940-cı il təvəllüdlüyəm, 83yaçım vardır, təqaüddə və xəstə olan adamam. Vəziyyətimlə bağlı övlad qayğısına və mənəvi dəstəyə ehtiyacı olan şəxsəm. Qalan ömrümü salct həyat şəraitdə yaşamaq istərirəm. Buyna baxmayaraq valideyini olsam da cavabdeh mənə yaşamağa imkan vermir. Dəfələrlə heç bir tutarlı səbəb və əsas olmadan mənimlə münaqişələr yaratmış, bir valideyin kimi məni saymamış, mənə qarşı ləyaqətsiz hərəkətlər etmiş, evimdən qovacağı ilə hədələmişdir. Artıq bu ləyaqətsiz davranışlara, münaqişələrə dözümüm qalmayıbdır. Fikirləşirəm ki, axırda bir xəta çıxa bilər. Ona görə də məhkəməyə müraciət etməklə kompensasiya ödəməklə cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi qərarıma gəlmişəm. Qanunvericilk də buna imkan verir. Qeyd edir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşadığım ərazidə yaşadığımız ev şəraitinə uyğun evlərdə kirayə haqqı təxminən 200-250 manat civarmdadır. Bununla bağlı arayş da almışam. Belə olan halda imkanımı nəzərə alaraq cavabehə 6000 (altı min) manat məbləğində kompensaiya ödəmək iqtidarındayam. Bu da qeyd edilən əvvəlki ev şəraitinə uğun davamlı surətdə başqa yerdə yaşamaq imkanı verir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçı Musayev X1 rayon Məhkəməsinə müraciət edərək ünvan 2 ünvandan 6000 (altı min) manat ödənilməklə mülkiyyətində olan yaşayış evindən istifadə hüququmun itirilməsini xahiş etmişdir. Qeyd edir ki, iddianı qəbul etmir. Belə ki, ailəsi Ermənistan Respublikasının Amasiya rayonunda yaşayıb. Məlum hadisələr zamanı atası olan iddiaçı Ermənistandakı yaşadığı evi erməni milliyətindən olan şəxsin Lökbatandakı evi ilə 1990-cı il tarixdə dəyişmiş və onlar ailəliklə bu evə köçmüşlər. O vaxtdan da hal-hazıradək bu evdə yaşayırlar. Atanın böyük oğlu kimi ona və anasına o, baxmış və qulluqlarında durmuşdur. Anası vəfat etmiş, onunda xərclərini o, çəkmişdir. Atası ilə hal- hazıradək nəinki münaqişə heç mübahisəsi olmamışdır. Atasının 83 yaşı vardır. Onu əvvəllər Ukraynada yaşamış sonradan isə geri qayıtmış qardaşı Musayev Çingiz yoldan çıxarır. Ukraynada yaşayarkən içkiyə qurşanmışdır. Oradan gələrkən özü ilə qeyri rəsmi-nikahda yaşadığı Ukraynalı xanımı da gətirmişdir. Atasını yoldan çıxartmaqla yaşadığı evi satıb yenidən ölkə xaricinə kömək istəyir. Onlara mane olduğundan müxtəlif variantlara əl atmaqla onu evdən uzaqlaşdırmaq istəyirlər. Özü fəhlə işləyir. Evlərə mala vurmaqla ailəsini bir təhər dolandırır. Başqa evi də yoxdur ki, orada yaşasın, iddiaçı tərəfindən təklif edilən məbləğ də elə məbləğdir ki, onunla heç nə eləmək olmaz, iddiaçı atasıdır, ona hörmətlə yanaşır, əgər onunla yaşamaq istəmirsə onda heç olmasa 30000 (otuz min) manat kompensasiya ödəsin ki, o, da ailəsinə bir çarə qıla bilsin. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, evdə halhazırda iddiaçı və cavabdehin ailəsi yaşayır, ev 4 otaqlıdır.İddiaçı məhkəmə iclasında kompensasiya məbləğini artırmaq istəmədiyini və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, mübahisəli evdə şəxsən onun özü də olmuş və ev köhnə tikilidir, belə ki, dəyəri çox deyildir. Cavabdeh məhkəmə iclasında iddia tələbinin rədd edilməsini xahiş etmişdir.Əlavə olararaq qeyd etdi ki, onun oğlunun toyu olacaq gəlinin cehizləri də həmin evə gətiriləcək, evin dəyəri demək olar ki, 90000 manat edir, bu yaxınlarda hətta evin təmir işlərinə 2000 manata yaxın xərc çəkib, onun və ailəsinin yaşamaları üçün başqa yerdə evləri yoxdur, ona görə ən azı 30000 manat məbləğində kompensasiya ilə istifadə hüquqlarına xitam verilməsinə razıdır, əks təqdirdə iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2017-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı, 038505 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 xx.xx.1996-cı ilı tarixdən İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Daşınmaz əmlakın alqısatqı mərkəzinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massivdə yerləşən evlərinin kirayə haqqı, təxmini 200-250 manat təşkil edir. AZEMİS Elektron Məhkəmə Sistemindən verilmiş sorğudan məlum olur ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 13 iyul 2023-cü il tarixli, LP-107/2023 nömrəli rəyindən görünür ki, ünvan 3in müfaviq şəraitinə uyğun həmin ərazidə və həmin şəraitdə evin illik kirayə haqqı dəyəri isə 1200-1560 manatdır. Ekpertiza tədqiqiatının dəyəri 300(üç yüz manat) təşkil edir. Tətbiq edilən hüquq normaları: Məkəmə ilk olaraq qeyd edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı olan mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinə uyğun, bu tarixə qədər yaranmış hüquq münasibətləri ilə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1, 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənlı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçinin və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı onun elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. İnsan hüquqları haqqında Ümumi Bəyənnamənin 25-ci maddəsinə əsasən hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq və yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən mərhum olduğu hallarda təminat hüququna malikdir. İqtisadi, sosial, və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 11-ci maddəsinə görə bu Paktda iştirak edən dövlətlər hər kəsin özü və ailəsi üçün, kifayət qədər qida, paltar, mənzil, həmçinin həyat şəraitinin fasiləsiz yüksəlişi daxil olmaqla, qənaətbəxş həyat səviyyəsinə nail olmaq hüququnu tanıyırlar. İştirakçı dövlətlər bununla əlaqədar azad razılığa əsaslanan beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyətini etiraf edərək, bu hüququn təmin olunması üçün lazımi tədbirlər görməyi qərarlaşdırmışlar. Məhkəmə kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı həmçinin aşağıdakıları qeyd edir: 1)Kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı işlər fərqli xüsusiyyətlərə malik olduqlarına görə kompensasiyanın məbləğinin müəyyən edilməsində hər bir işin konkret xüsusiyyətləri, özünəməxsusluğu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. 2) Kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə). 3) Kompensasiya ödənilən şəxsin evin təmirində, bərpasında rolu. 4) Yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranma əsası. 5) Kompensasiya təklif olunan şəxsin həmin evə köçməmişdən əvvəl yaşayış sahəsinə malik olub-olmaması, həmin yaşayış sahəsinin taleyi. 6) Yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği. 7) Kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları. 8) Kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri (məsələn, kompensasiya ödənilən şəxsin digər ailə üzvlərinə qarşı dəfələrlə cinayət törətməsi) 9) Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunanlar müəyyənləşdirildikdən sonra həmin meyarların kompensasiyanın məbləğinə təsiri nəzərə alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması həll edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmini mövqeyi: Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ünvan 3 xx.xx.1996-cı il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh isə iddiaçının oğludur və o da, mübahisə predmeti olan evdə qeydiyyatda olmaqla ailəəsi ilə birlikdə yaşayır. Hazırda iddiaçı cavabdehə ümumilikdə 6000 manat kompensasiya ödəməklə onların mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş edir, cavabdeh isə kompensasiya məbləği ilə razılaşmayaraq iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı qismində çıxış edən mülkiyyətçi tərəfindən cavabdehlərə təklif olunan kompensasiya məbləği ağlabatan və ədalətli olmamışdır. Belə ki, məhkəmə hesab edir ki, qeyd edilən cavabdeh iddiaçının oğlu olmaqla mübahisəli mənzildə qeydiyyatda olmaqla, uzun müddət yaşamışdır və hal-hazırda o, başqa yaşayış sahəsinə malik deyildir. Qeyd edilən hallar işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləği ilə razı olmayaraq, etirazını həmin məbləğdə pul vəsaiti ilə özünə yaşayış sahəsi ilə uzun müddət, davamlı təmin edə bilməməsi halı əsaslandırmışdır. Bu halda, məhkəmə hesab edir ki, ümumiyyətlə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Məhkəmə hesab edir ki, indiki halda iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləği məhz müddət baxımından uzun müddət, davamlı olaraq oxşar şəraitli mənzillə təmin edilməsi üçün yetərli hesab edilə bilməz. Belə ki, tərəflərin izahatı əsasında qeyd edilmiş aylıq kirayə haqqı məbləği əsas götürüldükdə, qeyd edilən kompensasiya məbləğinin cavabdehin oxşar şəraitli mənzillə davamlı təmin edilməsi 2-3 il müddəti əhatə edir ki, məhkəmə hesab edir ki, həmin evdə 20 ildən artıq yaşamış şəxsin evi daimi tərk etməsi üçün bu müddət yetərli hesab edilə bilməz. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi cavabdehə kompensasiya verilməklə mənzilə dair istifadə hüququna xitam verilməsi hissəsində əsassız olmaqla təmin edilməməlidir Məhkəmə iddiaçının kompensasiyanın məbləğini təklif edərkən mənzilin yerləşdiyi ərazidə real bazar qiymətlərini nəzərə almadığını qeyd edir və cavabdehə münasibətdə kompensasiyanın məbləğinin 6000 manat məbləğində təklif edilməsini ağlabatan, reallığa uyğun, həmçinin ədalətli hesab etmir. Göründüyü kimi, təklif olunan məbləğ cavabdehə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində başqa yaşayış sahəsinə malik olmayan cavabdeh heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalacaqlar. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “kompensasiya verməklə yaşayış və istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması” tələbinə iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddia tələbi rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İddia təmin edilmədiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına VÖEN:**********,Bank:"xxxx"ASCYasamalfilialı,Kod:512565,VÖEN:**********(bankınVÖENİ),H/h:AZ30AZ RT********************,M/h:AZ02NABZ********************,SWİFT:AZRT AZ 22) ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “kompensasiya verməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300(üç yüz) manat İddiaçı tutularaq "xxxx" MMCnin hesabına VÖEN:**********,Bank: "xxxx" ASC Yasamal filialı, Kod:512565,VÖEN:**********(bankınVÖENİ), H/h:AZ30AZRT********************,M/h:AZ02NABZ********************,SWİFT:AZRT AZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar