Məhkəmə qərarları › İş №2(002)-1452/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1452/2022

30.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1452/2022 30.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə qarşı «qanunsuz tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanda mülkiyyət hüququ əsasında ona məxsus Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi H.Aslanov küçəsində yerləşən 35 saylı evin qonşuluğunda qanunvericilikdə nəzərdə tutulmuş ara məsafəsi gözlənilmədən inşa edilmiş tikililərin (evin) cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəsatətinə əsasən Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində mülki işə cəlb edilmişlər. İddiaçı daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi H.Aslanov küçəsində yerləşən 35 saylı ev üzərində mülkiyyət hüququnun pozulmasına səbəb olan ünvan 1 ünvanda Cavabdeh tərəfindən ara məsafəsi, təhlükəsizlik qaydaları gözlənilmədən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və tikinti norma və qaydalarının tələblərinə riayət edilmədən inşa edilmiş tikilinin (evin) özbaşına (qanunsuz) tikinti hesab edilərək cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi H.Aslanov küçəsi 35 saylı mülk xx.xx.1991-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətindədir və o, həmin evdə ailə üzvləri ilə yaşayır. Cavabdeh onun qonşuluğunda Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi H.Aslanov küçəsindəki 36 saylı evdə yaşamışdır. Cavabdeh özünə məxsus torpaq sahəsindəki evi digər bir şəxsə satdıqdan sonra onun evinin qarşısında, tikinti normalarını gözləmədən fərdi yaşayış evi inşa edir. Cavabdehin inşa etdiyi həmin tikili onun evinin pəncərələrinin işığını kəsir və otaqdan istifadəni yararsız hala gətirir. Dəfələrlə bu barədə cavabdehə irad bildirsə də, heç bir nəticəsi olmamış, onun iradlarına məhəl qoymayaraq tikintini davam etdirmişdir. Bu barədə Qaradağ rayon İcra Hakimiyyətinə, Qaradağ RPİ 10-cu PB-yə və DİN-in 102 çağrı mərkəzinə müraciət etmişdir. Lakin cavabdeh bunlara məhəl qoymayaraq tikintini inşa etdirib, başa çatdırmaq istəyir. Qanunvericiliyin tələblərinə görə evlərin arasında ən azı 4 metr məsafə olmalıdır. Lakin cavabdeh bunlara məhəl qoymayaraq öz tikdiyi evi demək olar ki, onun evinə birləşdirmişdir. Ona görə də, tikinti normalarına zidd olaraq inşa edilmiş tikilinin sökülməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı qəbul etmədilər və onlar izahatında bildirdilər ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2022-ci il tarixli 10/4804 saylı rəyinə əsasən onun tərəfindən inşa olunmuş tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və tikinti norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilsə də, həmin tikili iddiaçının evinin otaqlarına pəncərədən düşən günəş işığının önünü kəsmir, otaqlarını istifadəsiz vəziyyətə gətirmir, otaqlardan təyinatı üzrə istifadə edilməsinə maneə yaratmır, iddiaçının hər hansı hüququnu məhdudlaşdırmır. Göstərilənləri nəzərə alıb onlar məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı, onun nümayəndəsi və vəkilini, cavabdehi, onun nümayəndəsi və vəkilini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi H.Aslanov küçəsində yerləşən 36 saylı evin 3/5 hissəsinin mülkiyyətçisi X3 olmuşdur. O, özünə məxsus payı 14 yanvar 2011-ci il tarixdə tərtib olunmuş vəsiyyətnaməyə əsasən iş üzrə cavabdeh olan nəvəsi Cavabdeh vəsiyyət etmişdir. Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 may 2007-ci il tarixli, MN seriyalı ******* saylı çıxarış verilmişdir. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi H.Aslanov küçəsində yerləşən 35 saylı ev və evin yerləşdiyi torpaq sahəsi isə 27 aprel 2022-ci il tarixdə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçı X2 mülkiyyətindədir. Cavabdeh özünə məxsus olan torpaq sahəsində yeni yaşayış evi inşa etdirir. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq, cavabdehin tikilisinin onun otağına pəncərədən təbii işığın düşməsini əngəllədiyinə və otaqdan istifadəni yararsız hala gətirdiyinə istinad edərək, cavabdehin inşa etdiyi tikilinin sökülməsini tələb etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(002)- 1452/2022 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2022-ci il tarixli 10/4804 saylı rəyindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində Cavabdeh tərəfindən istifadəsində olan torpaq sahəsinin sərhəd hasarından 0,38/0,7 m kənarda 7,3 m hündürlükdə mişar daşından iki mərtəbəli yaşayış evi inşa edildiyi və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 bəndinə əsasən ara məsafəsi 2,19 m (7,3 m x 0,3 hissəsi) müəyyən edildiyini nəzərə alaraq, tədqiq olunan ünvanda Cavabdeh tərəfindən inşa olunmuş tikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və tikinti norma və qaydalarının tələblərinə uyğun deyildir. İddiaçı mülkiyyətində olan 35 saylı evinin pəncərələri qarşısını cavabdeh tərəfindən inşa olunmuş tikili kəsmədiyini nəzərə alaraq, həmin ev iddiaçıya məxsus evə düşən günəş işığının qarşısını kəsmir. Fövqəladə Hallar Nazirliyinin X1 Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan X2 Fövqəladə Hallar Nazirliyinin X1 Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinə daxil olmuş və baxılması üçün X6 Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 37/02874 saylı müraciətinə 1-ci ərazi X6 İdarəsinin əməkdaşları tərəfindən baxılmış, sözügedən məsələ ilə bağlı həmin xidmətin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə həmin ünvanda yanğın-texniki müayinə keçirilmiş, mövcud vəziyyəti səciyyətləndirən akt tərtib edilərək, hadisə yerinin fotoşəkilləri çəkilmiş, aparılmış yanğın-texniki müayinə zamanı müraciətdə qeyd olunan fakt öz təsdiqini tapmamış, sözügedən ünvanda yerləşən məhəllə daxili yolun eni 7.5 metr məsafə təşkil edir (Az DTN 2.6-1 “Dövlət Şəhərsalma Norma və Qaydaları”) və hazırda həmin ərazidə yolun məhdudlaşdırılması ilə əlaqədar hər hansı bir işlər aparılmır. Yuxarıda istinad edilən sənədlərlə müəyyən olunur ki, Cavabdeh tərəfindən ünvan 3 ünvanda istifadəsində olan torpaq sahəsində inşa olunmuş tikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və tikinti norma və qaydalarının tələblərinə uyğun olmasa da həmin tikili İddiaçınün mülkiyyətində olan evin otağına düşən təbii işığın önünü kəsmir, otağı yararsız vəziyyətə və otaqdan təyinatı üzrə istifadə edilməsinə maneə yaratmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə qarşı qarşı «qanunsuz tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad edilirlər. Məhkəmə hesab edir ki, İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azaddır. Lakin o, dövlət rüsumu ödəməkdən azad edilmiş olsa da, işə baxılması ilə əlaqədar məsrəfləri ödəmək vəzifəsi daşıyır. Buna görə də 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə qarşı «qanunsuz tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi» tələbinə dair iddiası təmin edilməsin. 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar