Məhkəmə qərarları › İş №2(002)-1502/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1502/2024

29.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1502/2024 29.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız yaranmış 377 manat borc və illər üzrə artıq etdiyi ödənişləri 75,60 manatı nəzərə alıb, qalıq borcla əvəzləşdirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız yaranmış 377 manat borc və illər üzrə artıq etdiyi ödənişləri 75,60 manatı nəzərə alıb, qalıq borcla əvəzləşdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ünvan 1 ünvana **********000 saylı abonent koduna su və çirkab su xidmətinə görə əsassız yaranmış borc 377 manat və illər üzrə artıq etdiyi ödənişləri 75,60 manat nəzərə alıb, qalıq borcla əvəzləşdirilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. Halhazırda bu günə 535 manat borc yaranmışdır. Cavabdeh ASC ilə aralarında su təchizatından istifadəyə görə hesabatın aparılması üçün xx.xx.2013-cü il tarixdə 26075737 nömrəli müqavilə bağlanaraq, **********000 saylı abonent kodu açılmışdır. O, evdə olmadığı halda, onun iştirakı olmadan cavabdeh təşkilatın əməkdaşları hasarın çöl hissəsindən su sayğacı quraşdırıb getmişlər və bu barədə ona heç bir akt təqdim olunmamışdır. Növbəti ay onun ünvanına su borcu ilə əlaqədar bildiriş təqdim etdikdə 377 manat borcun olduğu ona məlum olmuşdur. Dəfələrlə şifahi formada Qaradağ rayon Sukanal idarəsinə yaranmış borcun hansı səbəbdən yarandığı barədə yazılı və izahlı rəsmi qaydada ona cavab verilməsini xahiş etmişdir. Müraciətinə baxılmamışdır. Şifahi formada ona demişlər ki, əsassız yaranmış borcun silinməsi ilə əlaqədar Cavabdeh ASCyə müraciət etsin. Bu barədə cavabdeh təşkilata rəsmi qaydada yazılı ərizə ilə xx.xx.2024cü il tarixdə xəbərnaməli məktubla müraciət etmişdir. Göndərdiyi məktub xx.xx.2024-cü il tarixdə çatmışdır. Məktubunda qeyd olunan məsələ öz həllini tapmamışdır. Çox təəssüflər olsun ki, öz maraq dairələrini istehlakçının hüququndan üstün tutub onun şikayətinə baxmamışlar və məktubuna da izahlı cavab verməmişlər. İstehlakçı kimi onun hüquqları pozulub və əsassız olaraq abonent koduna 377 manat borc hesablanmışdır. Məhkəmədən onun iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiyi vəsatəti nəzərə alaraq, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, abonent kartına əsasən 2013-cü ildən abonentə su və kanalizasiya xidməti göstərilir. İddiaçı həmin ildən 2021-ci ilədək ödənişlərini nizamlı şəkildə, vaxtlı vaxtında ödəmişdir. Həmin dövr ərzində illər üzrə iddiaçının borcu mövcud deyil. Ötən illərə və aylara baxanda abonentin ödənişləri 10, 11, 12 manat civarında dəyişir. 377 manat borc 2022-ci ilin 7-ci ayının 4-ü 2022-ci ilin 8-ci ayının 3-ü dövrünü əhatə edən 1 ay ərzində yaranan borcdur. İllər üzrə artıq ödənişlərin cəmi 75 manat 60 qəpik təşkil edir. 2015-ci ildə 63,60 manat, 2016-cı ildə 10,50 manat, 2017-ci ildə 1 manat, 2019-cu ildə 50 qəpik. Məhkəməyə müraciət etdiyi tarixə abonentin ümumi borcu 535 manat təşkil edir. İddiaçı 452 manat 60 qəpik məbləğin silinməsini xahiş edir. Məhkəmədən iddianın təmin edlməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş **********000 kodlu abonent kartından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2022-ci ilin 7-ci ayının 4-ü 2022-ci ilin 8-ci ayının 3-ü dövrünü əhatə edən 1 ay ərzində yaranması qeyd olunan 377 manat borc hesablanmışdır. Lakin həmin borcun hansı əsasla hesablanmasına dair sübutlar (akt və s.) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, borcun qanuni əsasa istinadən hesablanması sübut edilməmişdir. Abonent kartını nəzərdən keçirərkən müəyyən olunur ki, iddiaçı tərəfindən hər ay 10, 11, 12 manat civarında abonentin ödənişləri icra edilir. Digər sözlə ifadə etdikdə, iddiaçının hər ay istifadə etdiyi suyun və axıtdığı çirkab sularının həcmi bəllidir (10-12 manat civarında). Aşkar şəkildə görünür ki, iddiaçı 1 ay ərzində 377 manat həcmində sudan istifadə edərək çirkab suyu axıda bilməzdi. Bundan başqa, abonent kartında olan məlumatlardan görünür ki, iddiaçıya əsassız borc hesablanmaqla yanaşı, iddiaçının cavabdehə artıq ödənişləri olmuşdur. Belə ki, iddiaçı tərəfindən 2015-ci ildə 63,60 manat, 2016-cı ildə 10,50 manat, 2017-ci ildə 1 manat, 2019-cu ildə 50 qəpik olmaqla, cəmi 75 manat 60 qəpik artıq ödəniş icra edilmişdir. Beləliklə, iddiaçının abonent koduna işlənmiş 377 manat borc əsassız hesablanmışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, əsassız hesablanmış 377 manat borc məbləği silinməli, eləcə də, artıq ödəniş kimi icra edilmiş 75 manat 60 qəpik abonent kartında iddia ilə məhkəməyə müraciət edilən dövrə mövcud olan 535 manat məbləğindən çıxılmalıdır (ümumi silinən məbləğ 452 manat 60 qəpik təşkil edir), digər sözlə ifadə etdikdə İddiaçı abonent kodundan silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ASC tərəfindən abunəçi İddiaçı ünvan 1 ünvanı (abonent kodu **********000) üzrə yazılmış 377 manat əsassız borc, eləcə də artıq ödənilmiş 75 manat 60 qəpik silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən abunəçi İddiaçı ünvan 1 ünvanı (abonent kodu **********000) üzrə yazılmış 377 manat əsassız borc, eləcə də artıq ödənilmiş 75 manat 60 qəpik silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar