Məhkəmə qərarları › İş №2(002)-1539/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1539/2023

25.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1539/2023 25.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ İHakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 68223356 nömrəli akta əsasən, ünvan 1 ünvanında quraşdırılmış 10595019 nömrəli qaz sayğacının çıxış borcusunun deşildiyi aşkar olunduğundan yeni sayğac quraşdırılmışdır.

2. Cavabdeh tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli ******* №li Akta əsasən, ünvan 1 ünvanında quraşdırılmış 10595019 nömrəli qaz sayğacının çıxış borcusunun deşildiyi aşkar olunmuş və sayğac yenisi ilə əvəz olunmuşdur.

3. Cavabdeh Qaz sayğacının yoxlanması barədə xx.xx.2022-ci il tarixli Metrologiya Departamenti tərəfindən keçirilmiş baxış üzrə aktına əsasən müəyyən edilmişdir ki, 10595019 zavod nömrəli, Elster tipli qaz sayğacı üzrə yoxlamanın nəticəsində 20443697 nömrəli plomb kəsilərək G-4 SM/0679 saylı qutu açılmışdır. Sayğaca ümumi baxış keçirilmişdir. Sayğacın çıxış plastmas borusu deşilib. Xətalar normadan artıqdır. Sayğav minimal və nominal sərfiyyatda 100% nisbi xəta ilə işləyir. Sayğac istismara yararsızdır.

4. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta əsasən **********00112 saylı abonent İddiaçı 8640 m3 dəymiş ziyan həcmi hesablanmışdır.

İddia tələbi

5. İddiaçı Cavabdehnə qarşı aktın ləğv olunması və hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsini və akt əsasında hesablanmış 8640 m3 itirilmiş təbii qaza görə 1143.64 manat borcun silinməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ailə üzvləri ilə birgə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 11 B ünvanında yaşayır. Vaxtı-vaxtında istifadə olunan təbii qaza görə kommunal xidmətlərini ödeyir. Ödənişlə bağlı heç bir problem olmamışdır. Lakin sayğacın düzgün, yəni sərfiyyata görə deyil daha artıq fiksə etdiyini müşahidə etmişdir. Bu barədə “Azəriqaz" İB-nin əməkdaşlarına məlumat vermişdir. Qaz sayğacının çıxarılması, Quraşdırılması ve istismara qəbulu haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli Aktdan göründüyü kimi, cavabdehin nümayəndələri sayğacı onun iştirakı ilə müayinə etmişler və "sayğacın çıxış borusunda deşik aşkarlandı." qeyd edilmişdir. Aktda göründüyü kimi sayğacın plombu zədələnməmiş ve 12740056 nömrəli plomb sayğacın üzərinde olmuşdur. Göründüyü kimi qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz ve zədə aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixdə ise cavabdehin nümayəndələri tərəfindən onun iştirakı olmadan tebii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli əsassız akt tərtib edilmişdir. Aktda onun iştirakı qeyd edilsə də, guya aktı imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Akt yalnız cavabdehin 2 əməkdaşı tərəfindən imzalanmışdır. Bu fakt aktın əsassızlığını sübüt edir. Belə ki, o aktı imzalamaqdan imtina etmiş olsa idi, cavabdehin nümayəndələri 2 nəfər hal şahidi dəvət etməklə aktı tertib edə bilərdilər. Lakin cavabdehin əməkdaşları tərtib etdikləri aktı yalnız özləri imzalamışlar. Aktda qeyd edilmişdir ki, "əraziyə baxış zamanı qeyd olunan mənzildə quraşdırılmış 10595019 saylı qaz sayğacının çıxış borusunun deşildiyi aşkar olundu. Dəymiş ziyan hesablansın". Qaz sayğacı mənzilin daxilində deyil, mənzildən kenarda yerləşir. Mənzildən kənarda yerləşən sayğaca onun ve ailə üzvlərinin daim nəzarət etməsi qeyri-mümkündür. Sayğacın çıxış borusunun deşilmesinin hansı nəticələrə səbəb olması ümumiyyətlə gösterilməmişdir. Lakin cavabdeh Birliyin xx.xx.2022-ci il tarixli tələbnaməsinə əsasən ondan itirilmiş 8640 m³ tebii qaz sərfiyyatına görə borc hesablanmışdır. Qeyd edilen borcun onun hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi isə sübut olunmur. Hazırda **********11200 abonent hesabında tebii qazdan istifadeye göre 1143,64 manat borcu olduğu qeyd olunur. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

7. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixi 12 may qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə istinad etmişdir.

8. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və əlavə olaraq sayğacın evdən 70 metr aralı olduğunu, qazdan istifadəyə görə ödənişlərində gecikmələr olmadığını, haqsız yerə akt tərtib olunduğunu bildirdi. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi.

10. Cavabdeh İB-nin nümayəndəsi X3 məhkəmənin iclasında iştirak edərək iddianı qəbul etmədiyini, sayğacı mütəxəssislərin yoxladığını, 1143 manat borcun 1036 manatı dəymiş zərərə görə borc olduğunu bildirmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir.

Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.

14. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

15. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.

«İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanunu

16. 17-ci maddəsinə əsasən, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanun

17. 6-2-ci bəndinə əsasən, müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür.

18. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»

19. 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

20. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

22. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

23. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

24. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

26. 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

27. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

28. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

29. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

b) Əsaslandırma

31. İddia qismən əsaslıdır.

32. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac üzrə xx.xx.2022-ci il tarixli akta əsasən sayğacın plastmas borsunun deşilməsi aşkar edilmiş, həmin akt əsasında hesabat müddəti 90 gün qəbul edilməklə 8640 m3 qaz itkisi müəyyən edilmiş və onun əsasında cavabdehə 1036,80 manat borc hesablanmışdır. İstehlakçı cavabdehin hesablanmış olduğu ziyan məbləği ilə razılaşmayaraq həmin aktın ləğv edilərək borcun silinməsini tələb edir.

33. Məhkəmə ilk növbədə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, hazırkı iddia tələbi bilavasitə qanundan irəli gəlməklə, tərəflər arasında mübahisə mülki hüquq pozuntusundan (delikt) yaranan münasibətlərə aiddir.

34. Mülki hüquq pozuntusu (delikt) (Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələri) dizpozisiya şərtləri aşağıdakı ünsürlərdən ibarətdir: 1) əməl (hərəkət və hərəkətsizlik) 2) əməlin hüquqazidd olması 3) təqsir.

35. Hazırkı işdə əməlin baş verib-vermədiyi, iddiaçının hüquqazidd hərəkət etməsi və bu zaman təqsirli olmasının yoxlanması zamanı ilk növbədə sübutetmə yükünün düzgün müəyyən edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, sayğaca müdaxilə edilməklə qaz itkisinin baş verməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2ci cümləsinə görə məhz Cavabdeh İB-nin üzərinə düşür.

36. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı sübut qismində xx.xx.2022-ci il tarixli akta və həmin akta əsasən hesablanmış dəymiş ziyanla bağlı tələbnaməyə istinad edilmişdir.

37. Məhkəmə qeyd edilən sübut vasitəsilə bağlı onu qeyd edir ki, həmin akt kserosurət olmaqla, lazımi qaydada təsdiq edilməmişdir. Halbuki, mülki qanunvericiliyin tələbinə əsasən yazılı sübutlar-sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməlidir.

38. Bundan əlavə qeyd edilən aktların tərtib edilməsində istehlakçı qismində çıxış edən iddiaçının iştirakı təmin edilməmiş (akt iddiaçı tərəfindən imzalanmamış), həmin akt cavabdehin özü tərəfindən tərtib edilmişdir. Bu hal isə həmin aktların formal olaraq tərtib edilməsi kimi qiymətləndirilməsinə əsas verir. Bu halda isə cavabdeh tərəfindən təqdim edilmiş həmin sənədlərin iş üzrə mötəbər sübut qismində qəbul edilməsi yolverilməzdir. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması halına dair başqa heç bir sübutvasitəsi təqdim edilməmişdir. Bununla da, hazırkı mülki iş üzrə istehlakçı qismində çıxış edən iddiaçının sayğaca müdaxiləsi nəticəsində qaz paylayıcısına ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır. Bununla da, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın əsasının müəyyən edilməsi mümkün olmamışdır.

39. Məhkəmə göstərilən qərara gələn zaman onu da nəzərə alır ki, sayğac iddiaçının yaşadığı evdən kənarda yerləşdirilmiş, iddiaçı bu vaxta qədər sayğaca qanunsuz müdaxiləsi halının olmadığını və borcunu vaxtında ödədiyini bildirmiş, göstərilənlər cavabdeh tərəfindən təkzib edilməmişdir. Belə şəraitdə iddiaçı tərəfindən sözügedən sayğacda deşik açılması barədə müdaxilə edilməsi ağlabatan görünməməklə, həm də cavabdeh tərəfindən bununla bağlı mötəbər sübutlar təqdim edilməmişdir.

40. Bununla da, məhkəmə hazırkı mülki iş üzrə istehlakçı qismində çıxış edən iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində qaz paylayıcısına maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması halını sübut edilməmiş hesab edir. Bu da öz növbəsində iddiaçıya hesablanmış borc məbləğinin əsassız olmasını şərtləndirir.

41. Göstərilənlərlə yanaşı məhkəmə vurulmuş ziyanın məbləği ilə bağlı araşdırma apararaq, təqdim edilmiş akt və abonentə məxsus saldo məlumatlarının qarşılıqlı müqayisəsinə əsasən iddia üzrə silinməsi tələb edilən zərər məbləği ilə razılaşmır.

42. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı məxsus saldo məlumatlarına baxış keçirilməsi nəticəsində müəyyən edilir ki, 2022-ci ilin dekabr ayı üçün iddiaçıya qeyd edilən akt əsasında 1143.64 manat deyil, məhz 1036.80 manat məblğində borc məbləği hesablanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli akta və tələbnaməyə əsasən itirilmiş qazın bərpası üçün maye qazın 1 m3-i 0,12 manatdan hesablanmışdır (8640 x 0.12 = 1036,8 manat).

43. Odur ki, iddiaçı mübahisələndirdiyi akt əsasında ona hesablanmış ziyan məbləği 1036,80 manat təşkil etdiyindən məhkəmə hesab edir ki, iddia tələbi borcun silinməsi hissəsində qismən təmin edilməlidir.

44. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

45. Göstərilənlər “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında da öz əksini belə tapmışdır ki, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır.

46. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar və 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, MPM-in 119cu maddəsinin tələbi baxımından hazırkı mülki iş üzrə tərəflərin dövlət rüsumu ödəməkdən azad olunması halının nəzərə alınmasını zəruri hesab edir.

47. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh İB tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 11 B ünvan üzrə **********00112 №li abonentə dair tərtib edilmiş ******* nömrəli 30 dekabr 2022-ci il tarixli akta əsasən ünvan 2 ünvanı üzrə (abonent kodu: **********00112 üzrə) hesablanmış 1036.80 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən silinməli, iddia qalan hissədə təmin edilməməlidir.

47. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 11 B ünvan üzrə **********00112 №li abonentə dair tərtib edilmiş ******* nömrəli 15 dekabr 2022-ci il tarixli akta əsasən ünvan 2 ünvanı üzrə (abonent kodu: **********00112 üzrə) hesablanmış 1036.80 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar