Məhkəmə qərarları › İş №2(002)-1605/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1605/2020

09.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1605/2020 09.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, ondan 8500 manat məbləğində kompensasiyanın alınaraq Cavabdeh və uşaqlarına verilməklə cavabdehin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 66, 21 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və bunun Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə qeyd olunan ünvana qeydiyyatlarının ləğv edilməsi üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, E.Quliyev küçəsi, ev 66, 21 saylı mənzil MH seriyalı, ******* saylı çıxarış əsasında onun xüsusi mülkiyyətindədir. Həmin mənzildə o, hazırda qızı və nəvəsi ilə birlikdə yaşayır. Cavabdeh olan oğlu Mənsur mübahisəli mənzildə yaşamır, ailəsi ilə birlikdə başqa mənzildə yaşayır. Cavabdehlə həmin mənzildə yaşayarkən aralarında mübahisələr baş verirdi, bununla bağlı dəfələrlə polis bölməsinə müraciət etmişdir. Cavabdeh heç bir səbəb olmadan arvadının yalan sözlərinə inanaraq onu, bacılarını nalayiq söyüşlərlə təhqir edərək mübahisələr yaradırdı. Cavabdehə görə xüsusi mülkiyyətində olan Qaradağ rayonu, E.Quliyev küçəsi, ev 66, 21 saylı mənzilə sahib olmaq, sərəncam vermək və istifadə etmək hüquqlarını tam həyata keçirə bilmir. Həmçinin mənzil və kommunal xidmətlər üçün artıq məbləğ ödəməyə məcbur olur. Hazırda bir yerdə yaşamaları qeyri-mümkündür. Bundan əvvəl 7000 manat kompensasiya barədə iddia qaldırmış, lakin iddiası təmin edilməmişdir, hazırda kompensasiya tələbini bir qədər artıraraq 8500 manat təklif edir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, o, cavabdehin həyat yoldaşıdır. Cavabdeh onunla və iki azyaşlı uşaqları ilə birlikdə kirayədə qalmağa imkanları olmadığı üçün qohum evində müvəqqəti olaraq məskunlaşmışlar. Başqa yaşayış yerləri yoxdur. Cavabdehin mənzilə köçürülməsi barədə qətnamə icra mərhələsindədir. İddiaçının verdiyi iddia ərizəsini cavabdeh əsassız hesab edir. Belə ki, iddiaçının təklif etdiyi məbləğlə iki azyaşlı uşaqla yaşayışlarını təmin etmək mümkün deyildir. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, İddiaçı, X1, X2, Cavabdeh, X6, X12, X10 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 66, 21 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 66, 21 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 640 nömrəli reyestr kitabının 58773 nömrəli vərəqində ********** nömrəsi ilə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-2760/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı 7000 manat kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2218/20 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, apelyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsini xx.xx.2019-cu il tarixli, 2(002)-2760/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan X11 (VÖEN **********) tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Qaradağ rayonu, Sahil qəsəbəsində üç otaqlı evlərin aylıq kirayə qiyməti 250-280 manat arasında dəyişir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 66, 21 saylı mənzil xx.xx.1995-ci il tarixdə Seyidəliyev Bədəl Mövsüm oğlunun adına ilkin qeydiyyatdan keçmişdir. 45 saylı DNK-nın xx.xx.2000-ci il tarixli, 3-MA/1-134 nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil xx.xx.2000-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-963/2019 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddianın qismən təmin edilməsi, Cavabdeh və onun azyaşlı uşaqları X8, X5 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 66, 21 saylı mənzilə köçürülməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbi barədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Beləliklə, mülki iş üzrə sübutlara, o cümlədən qüvvədə olan qətnamələrə əsasən məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi, cavabdeh isə iki azyaşlı uşağı ilə birlikdə həmin mənzilə istifadə hüququna malik olmaqla iddiaçının ailə üzvüdür. Bundan əvvəl, iddiaçının cavabdehə qarşı 7000 manat kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi barədə iddia tələbi təmin edilməmişdir. Məhkəmə, tərəflər arasında qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən edilən halları, əvvəl və hazırda təklif edilən kompensasiya məbləğlərinin fərqini, həmin ərazidə aylıq kirayə məbləği barədə xx.xx.2020-ci il tarixli arayışı nəzərə alaraq müəyyən edir ki, iddiaçının hazırda təklif etdiyi kompensasiya məbləği cavabdeh tərəfin iki azyaşlı uşaqları ilə birlikdə mülkiyyətçinin hesabına davamlı sürətdə və uzun müddət daxilində əvvəlki mənzilə xas olmuş şəraitə oxşar şəraitdə yaşamaq imkanı vermədiyindən, iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (əri, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarına əsasən, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbi barədə iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar