Məhkəmə qərarları › İş №2(002)-1660/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1660/2020

28.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1660/2020 28.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Məhkəmə iclasının katibi Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Qaradağ rayon X1rşı “cərimə borcunun silinməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən onun ünvanına hesablanmış 111 manat 88 qəpik borcun silinməsi və ya Rəşad Abbasov tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, “xxxxxxxx” ASC-nin işə cavabdeh qismində cəlb edilməklə, əvəz olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək iddia tələbindən Rəşad Abbasov tərəfindən cərimənin ödənilməsi hissəsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,hazırda o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 2, massiv E ünvanında qeydiyyatsız yaşayır və islehlak etdiyi elektrik enerjisinin pulunu vaxtında ödəyir. xx.xx.2020-ci il tarixində Elektrik İdarəsinin əməkdaşı elektrik plombonu gözünün qarşısında qırmışdır. O, buna etiraz edəndə isə bildirdilər ki, narahatlığa əsas yoxdur, akt yazıb sabah plomb qoyarlar. Ondan daha sonra rüşvət tələb etdilər. xx.xx.2020-ci il tarixində isə ona 111 manat 88 qəpik cərimə yazaraq onun xəbəri olmadan bildirişi həyətə ataraq getmişlər. Onlar xx.xx.2020-ci il tarixində bildirdilər ki, istənilən abunentin əl sayğacı həyətdən kənarda olduğundan onlar sayğacı istədikləri vaxt plombu qırıb abunentdən rüşvət ala bilirlər. Sayğacların açarı isə ancaq onlarda olur. Enerji istehlakının son 5-6 altı qiymətləri ilə bağlı bildirirlər ki, sayğaca müdaxilə olunmayıb və bu tərtib olunmuş aktdakı texniki parametrlərdən də görünür. Lakin R.Abbasov kimi işçilər özləri bildirdiyinə görə rəhbərlərinin göstərişlərinə əsasən istədikləri qaydada cərimə cərimə yazır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək, həmin sayğac üzrə abonentin özünün olduğunu, istehlakçı qismində özünün çıxış etdiyini, bununla bağlı həmin qurumun tərtib etdiyi sənədlərdə də onun istehlakçı kimi qeyd olunduğunu, çünki həmin ünvanda yerləşən mənzilinin onun qohumuna məxsus olsa da, həmin mənzildə özünün ailəsi ilə birlikdə yaşadığını, istehlakçının özü olduğunu, cərimənin ona yazıldığını, heç bir əsas olmadan, ona heç bir məlumat vermədən, heç bir təqsiri olmadan cərimə yazdıqlarını bildirərək, iddiasını müdafiə edərək, onun adına əsassız yazılmış cərimənin silinməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 163229 nömrəli aktın məzmunundan görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 2 ünvanı üzrə **********10002 abonent koduna dair sayğac üzrə alt qapaq möhürünün siminin kəsik olduğu, həmin sayğac üzrə sxemin yoxlanılması və yenidən möhürlənməsi qeyd olunmuş, xxxxxxxx ASC-nin nümayəndələri və abonent İddiaçı tərəfindən imza edilmişdir. Həmçinin, iş materialalrından görünür ki, xx.xx.2020-ci il tarixli sayğacların quraşdırılması və yoxlanılması haqqında ******* nömrəli ptotokolun məzmunundan aydın olur ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 2 ünvanı üzrə **********10002 abonent koduna dair i163229 saylı akta əsasən sayğacın möhürləndiyi, habelə istehlakçı adı qismində Əliyev Məhəmmədiyyə qeyd olunmuş və onun tərəfindən imza edilmişdir. İş materiallarında olan müvafiq qəbzlərin məzmunundan aydın olur ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 2 ünvanı üzrə **********10002 abonent koduna dair sayğac üzrə xx.xx.2020-ci il tarixli son göstərici üzrə qalıq borc 0,57, ödəniləcək məbləğ 39,35 manat, xx.xx.2020-ci il tarixli göstərici üzrə qalıq borc 111,88 manat, sərfiyyat 53r kvts göstərici üzrə ödənilməli məbləğ 47,18 manat məbləğində müəyyən edilmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın (bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qərarın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sənədlər, iddiaçının izahatı və digər sübutlar əsasında müəyyən edilmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 2 ünvanı üzrə **********10002 abonent koduna dair sayğac üzrə istehlakçı qismində məhz İddiaçı çıxış etmişdir. Həmçinin, iş materiallarından görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 2 ünvanı üzrə **********10002 abonent koduna dair sayğac üzrə istehlakçı İddiaçı barəsində sayğacın alt qapaq möhürünün siminin kəsik olmasına, həmin sayğacın yedinən yoxlanılması və möhürlənməsinə dair 163229 nömrəli akt tərtib edilmiş və həmin akt xxxxxxxx ASC-nin nümayəndələri və İddiaçı tərəfindən imzalanmışdır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçının müvafiq sayğaca dair abonent kodu üzrə xx.xx.2020-ci il tarixli göstərici üzrə 0,57 manat məbləğində qalıq borcunun, 39,35 manat məbləğində sərfiyyata görə ödəilməli olan məbləği qeyd olunduğu halda, xx.xx.2020-ci il tarixli göstərici üzrə qalıq borc 111,88 manat məbləğ, sərfiyyata görə isə 47,18 manat məbləğində ödənilməli olan məbləğ qeyd olunmuşdur. Həmçinin, iş materiallarında olan müvafiq qəbzlərin məzmunundan aydın olur ki, qeyd olunan məbləğin məhz elektrik enerjisinin sərfiyyatına görə yazılmasını müəyyən etmək mümkün olmamamışdır. İddiaçının məhkəmə iclasında veridyi izahatından aydın olur ki, müvafiq sayğaca üzrə qalıq borc qismində qeyd olunmuş məbləğ onun sərfiyyata görə ödəməli olduğu borc məbləği deyil, məhz həmin möhürün dəyişdiirlməsinə dair yazılmış cərimə məbləği olmaqla, həmin möhürün kəsik olmasında onun heç bir təqsiri olmadan, belə bir məbləğdə cərimə yazılmışdır. Həmçinin, məhkəmə araşdıması zamanı cavabdehin nümayənədsi tərəfindən elektrik enerjisi sayğacının möhürünün kəsik olmasına məhz iddiaçının təqsirli hərəkət və hərəkətsizliyinin səbəb olmasına, onun zədələnməsinin məhz iddiaçının təqsiir nəticəsində baş verməsinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, müvafiq qanunvericiliyin tələbinə əsasən sayğacın zədələnməsi, sxemin pozulması ilə bağlı istehlakçı tərəfindən hərəkətlərə yol verildikdə, istehalkçı o halda, həmin hallara görə məsuliyyət daşıyırki, qedy olunan pozuntular məhz onun təqsirli hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş vermiş olsun, digər hallarda qeyd olunan zədələnmələrə görə məhz elektrik enerjisi təchizatı müəssisə özü məsuliyyət daşıyır. Həmçinin, cavabdeh tərəfindən məhz iddiaçının təqsilri hərəkət və ya hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsinə dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Bununla da məhkəmədə tədqiq olunmuş sübutlar əsasında iddiaçının istehlakçı qismində müvafiq sayğac üzrə möhürün zədələnməsində təqsirinin olmasını müəyyən etmək mümkün olmamamışdır. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh “xxxxxxxx” ASC tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 2,E(bina0001), mənzil 0002, **********10002 abonent koduna dair sayğac üzrə hesablanmış 111,88 (yüz on bir manat, səksən səkkiz qəpik) manat məbləğində borc silinməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “xxxxxxxx” ASC tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 2, E (bina0001), mənzil 0002, **********10002 abonent koduna dair sayğac üzrə hesablanmış 111,88 (yüz on bir manat, səksən səkkiz qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar