Məhkəmə qərarları › İş №2(002)-1693/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1693/2022

16.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1693/2022 16.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzil birgə nikah dövründə əldə edilmədiyindən, mənzilin üzərində tam pay üzrə mülkiyyət hüququnun tanınması, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev 2, 5 saylı mənzildən istifadə hüququna 3.000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzilinin Cavabdeh1 ilə olan birgə nikah dövründə əldə edilmiş vəsait hesabına əldə edilməməsi, həmin mənzilin onun atası Umudun vəsaiti hesabına əldə olunması nəzərə alınaraq, həmin mənzilin digər 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kompensasiya ödənilmədən mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzili valideynləri tərəfindən təxminən 1980-ci ilin sonlarında baş etibarnamə ilə pulunu tam ödəməklə milliyyətcə rus olan Azərbaycan vətəndaşından almışdır. Həmin şəxs də mənzilini satandan sonra Rusiya Federasiyasına köçmüşdür. Sonradan valideynləri həmin mənzili onun adına rəsmiləşdirmişlər, hazırda mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh1 ilə 14 noyabr 1987-ci il tarixdə rəsmi nikaha daxil olmuş və valideynləri ilə birlikdə yuxarıda qeyd edilən mənzildə yaşamışlar. Həmin mənzildə yaşayarkən birgə nikahlarından xx.xx.1988-ci il tarixdə Ayaz, xx.xx.1992-ci il tarixdə isə Ağabacı adlı iki uşaqları doğulmuşdur. Birgə nikah dövründə ünvan 1 ünvanda sərəncam əsasında iki torpaq sahəsi (6 sot + 6 sot) almış və həmin ünvanda üç yataq otağı, bir qonaq otağı və bir mətbəxdən ibarət ev tikmişdir. 2005-ci il tarixdən ailə üzvləri ilə birlikdə yeni tikdirdikləri evə köçüb orada yaşamışlar. Xasiyyətləri uyğun gəlmədiyindən Cavabdeh1 ilə olan nikahları 2013-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Nikahları pozulandan sonra o, ünvan 2 ünvanda tikdirdikləri fərdi yaşayış evində, cavabdehlər isə ünvan 3 ünvanda yaşamışlar. Bir müddət sonra cavabdehlərlə aralarında razılaşma olmuş və cavabdehlər onun icazəsi ilə gəlib onunla birlikdə fərdi yaşayış evində yaşamışlar. Əvvəllər münasibətləri normal olsa da, sonradan cavabdehlər onunla yola getməmiş və 2019-cu ilin mart ayında onu evdən qovmuşlar. Mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzilini də kirayəyə verməklə onu həmin mənzilə buraxmırlar. Ona görə də, bacısı Təranənin yaşadığı ünvan 4 ünvanda müvəqqəti yaşayır. Bu səbəbdən də, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 4, keçid 2, 19 saylı evə köçürülməsi və evin bölünməsi ilə bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-732/2021 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, həmin ünvana istifadə hüququ tanınsa da, evin bölünməsi evin qeydiyyatı dövlət reyestrindən keçmədiyi üçün təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bundan sonra həmin ünvana köçüb yaşamaq istəsə də, cavabdehlər buna imkan verməmişlər. Qeyd edir ki, göstərilən ünvanda yaşayarkən cavabdehlərlə dəfələrlə münaqişələri olub. Hətta cavabdehlərdən Ayaz həyətdə saxladığı avtomobilin təkərlərini doğramış, avtomobilin pəncərə şüşələrini qırmış və avtomobilinə digər xəsarətlər yetirmişdir. Bununla bağlı hətta DİN-in 102 xidmətinə müraciət etmişdir. Bununla bağlı polis orqanlarında araşdırma da aparılmışdır. Altmışdan çox yaşı var, bu münaqişələr onu həddindən çox yormuş və səhhətinə çox pis təsir etmişdir, cavabdehlərlə də bir yerdə yaşamaları mümkün deyil. Ona görə də, bütün bu mübahisə və münaqişələrə son qoymaq üçün qərara gəlmişdir ki, məhkəməyə müraciət etməklə cavabdehlərin onun mülkiyyətində olan mənzildən istifadə hüququna müəyyən miqdarda kompensasiya ödənilməklə xitam verilməsini xahiş etsin. Qanunvericilik də buna imkan verir. Digər tərəfdən, cavabdehlərin köçüb daimi yaşadıqları, onun tərəfindən tikilmiş fərdi yaşayış evi də vardır. Qanunvericiliyin tələbinə görə tərəflər arasında razılaşma olmadıqda, mülkiyyətçinin tələbinə əsasən müəyyən miqdarda kompensasiya verilməklə cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilə bilər. Qeyd edir ki, cavabdehlər onun tərəfindən artıq yaşayış sahəsi ilə təmin edilmişlər. Yəni, onun tərəfindən tikilmiş fərdi yaşayış evində yaşamaqla qeydiyyatda olduqları, onun xüsusi mülkiyyətində olan mənzildən daha yaxşı şəraitdə yaşayırlar. Həmin evi də onlara vermişdir. Demək olar əlavə olaraq mənzil kirayə haqqı ödəməyəcəklər. Ona görə də, imkanlarını maksimum nəzərə alaraq cavabdehlərə 3.000 manat civarında kompensasiya ödəmək qərarına gəlmişdir. Hesab edir ki, mübahisənin bu cür həlli daha ədalətli olar, o da, bu yaşında sakit və stressiz (gərginliksiz) qalan həyatını yaşayar. Qeyd edir ki, mübahisə ilə bağlı mediasiya təşkilatına da müraciət etmişdir, lakin aralarında razılıq olmamışdır. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən təqdim etdiyi ərizəsində iddiaçı qeyd etmişdir ki, 1980-ci illərin sonlarında atası Məmmədov Umud Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzilində yaşayan rus millətindən olan Vladimir adlı şəxs yaşamaq üçün Rusiyaya köçmək istədiyindən etibarnamə əsasında yaşadığı mənzilin pulunu tam ödəməklə almış, 1990-cı ildə isə valideynlərinin təklifinə əsasən həmin şəxslə mübahisəli ünvana dair aralarında alğı-satqı müqaviləsi bağlanmışdır. Qeyd edir ki, həmin mənzilin alğı-satqı müqaviləsi cavabdehlə olan birgə nikah dövrünə düşsə də, həmin mənzili atası almışdır. Bu faktı cavabdeh məhkəmə gedişində vermiş olduğu ifadəsində də təsdiq etmiş oldu. Bunu şahidlər də təsdiq edirlər. Digər tərəfdən, cavabdeh xalası qızıdır, valideynlərinin maddi imkanı, eləcə də, onun və təzə gəlin kimi cavabdehin elə bir imkanı yox idi ki, həmin ərəfədə ev alsınlar. Həmçinin 2013-cü ildə məhkəmə qaydasında nikahları pozulsa da, cavabdeh həmin mənzili mübahisələndirməmişdir, bu onu təsdiq edir ki, mənzil birgə nikah dövründə əldə etdikləri vəsait hesabına deyil, atası tərəfindən alınmışdır. Hazırda cavabdehlər həmin mənzili kirayəyə vermiş, ona da həmin mənzildə də, fərdi yaşayış evində də yaşamağa imkan vermədiklərindən kompensasiya ödənilməklə mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Hazırda həmin tələbi dəyişdirmək qərarına gəlmişdir. Belə ki, yuxarıda qeyd etdiyi kimi, mülkiyyətində olan mənzilin alınması cavabdehlə olan birgə nikah dövrünə düşsə də, mənzili valideynləri almışdır. Bu faktı cavabdeh özü də məhkəmədə ifadə verərkən təsdiq etmişdir. Ona görə də, iddia tələbini dəyişdirməklə mənzilin birgə nikah dövründə əldə edilmiş vəsait hesabına əldə edilmədiyindən, atası Umudun vəsaiti hesabına əldə edildiyindən daşınmaz əmlakın digər 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması və cavabdehə kompensasiya ödənilmədən mənzilə olan istifadə hüququna xitam verilməsi qərarına gəlmişdir. Qeyd edir ki, qanunvericiliyin tələbinə görə cavabdehlərin mənzilə istifadə hüquqları vardır, eləcə də, Ali Məhkəmənin 26 sentyabr 2007-ci il tarixli Plenum qərarının mahiyyətinə görə onun tərəfindən cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə sonunculara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, birgə nikah dövründə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, keçid 2, 19 nömrəli fərdi yaşayış evi tikmiş, cavabdehlər 2005-ci il tarixdən bütün şəraiti olan həmin ünvana köçməklə orada yaşayırlar. Bunu məhkəməyə təqdim etdiyi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-732/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi də təsdiq edir. Belə olan halda, cavabdehlərə kompensasiya ödəməsinə də lüzum qalmır. Çünki, bütün şəraiti geniş olan və rahat fərdi yaşayış yerinə malik olmaqla daimi olaraq orada yaşayırlar. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, iddiaçının bacısıdır. İlk əvvəl bildirmək istəyir ki, qardaşı evində öz oğlu tərəfindən döyülmüşdür. 1998-ci ildə mənzili valideynləri qardaşı üçün almışlar. Etibarnamə ilə valideynləri mənzili almışlar, alğı-satqı isə sonradan qardaşının adına bağlanıb. Qardaşı həyət evinə köçdükdən sonra, həmin mənzili kirayə vermişdi. Boşandıqdan sonra keçmiş həyat yoldaşı və övladları həmin evə köçmüşlər. 2017-ci ilin aprel ayının 26-da nikahları pozulmuşdur. Evin sənədlərini iddiaçının yoldaşı gizlətdiyinə görə proses uzun çəkmişdir. Qardaşı müraciət edib sənədləri əldə edənə qədər uzun müddət keçmişdir. Bu səbəbdən, qardaşının adına çıxarış 2021-ci ildə alınmışdır. Ev valideynləri tərəfindən 1980-ci illərin axırlarında alınmışdır. Cavabdehlər hal-hazırda massiv 4 ünvanda yaşayırlar. Köçürülmələri ilə bağlı qətnamə vardır. Digər mənzili isə kirayə vermişlər və iddiaçının yaşayış yeri yoxdur. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X8 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, digər nümayəndənin izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, mənzil 1990-cı ildə birgə nikah dövründə alınmışdır. 1987-ci il tarixdə nikaha daxil olmuşlar. Mənzil həyat yoldaşının adına alınmışdır. O, tibb işçisidir. Ailə quranda mənzili həqiqətən qayınatası və qayınanası almışdır. Pulunu o, xırda-xırda yoldaşına vermişdir ki, atasıgilə versin. Yoldaşı işləməmişdir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, 1987-ci ildə atası və anası ailə qurmuşlar, nənəsigilin evinə köçmüşlər. İddia tələbi ilə razı deyil. Həmin evi kirayəyə vermişdir. Hazırda həyət evində yaşayırlar. Kirayəçini mənzildən çıxarıb, mənzili boşaltmışdır. Mənzili təmir edib, ailə qurub, ora köçmək istəyir. Atası onları 2009-cu ildə qarın altında evdən qovub. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, hal-hazırda 4-cü massivdə, həyət evində yaşayırlar. Evin 4 otağı var. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndələrinin, cavabdehlərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X7 ifadəsində bildirdi ki, evi qardaşına o almaları üçün tapmışdır. Eyvazın həmin vaxt 25-26 yaşı var idi. Qardaşı Umud pulu Volodyaya ödəyib mənzili almışdır. 2 otaqlı mənzil idi. Təxminən 4-5 min rubla almışdır. Evi təxminən 1990-cı ildə almışlar. Cavabdehlər hazırda həyət evində yaşayırlar. X1 ifadəsində bildirdi ki, rəhmətlik Umud kişi ilə qonşu olmuşlar. O, həyət evində yaşamışdır. 30 il bundan əvvəl Rəhilə, yəni Umudun yoldaşı yanına gəlmiş və demişdir ki, Umud Eyvaza ev alıb. Umud kişi böyük yük maşınında, Rəhilə də tibb bacısı işləyirdi. Demişdir ki, pul yığmışlar və Eyvaza ev almışlar. Bu hadisə təxminən 30 il əvvəl olub. Eyvazın o vaxtlar ikinci uşağı yox idi. İş materiallarına əlavə olunmuş 28 iyul 1990-cı il tarixli alğı-satqı müqaviləsindən görünür ki, X6 özünə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzilini İddiaçı satmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzili tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(002)-732/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «evə köçürülmə və bölünmə» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ünvan 2 ünvanlı mənzilindən istifadə hüququ tanınmış, onun həmin mənzilə köçürülməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 aprel 2017-ci il tarixli, AZ-İ seriyalı, 264390 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikah 26 aprel 2017-ci il tarixdə 71 saylı akt qeydi ilə pozulmuşdur. 25 aprel 2022-ci il tarixli, MŞB/3-00804 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflərin nümayəndələri 25 aprel 2022-ci il tarixdə hazırkı mübahisə ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etsələr də, sonra prosesi davam etdirmək bəradə qərar qəbul etməmişlər. İddiaçı nümayəndəsi Şükür Şıxıyev ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Təqdim edilmiş fotoşəkillərdən görünür ki, «BMW» markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin müxtəlif hissələrinə ciddi zərər vurulmuşdur. İşin mübahisə edilməyən halları aşağıdakılardır: - İddiaçı Cavabdeh1 ilə ailə qurmuşdur; - İddiaçıla Cavabdeh1 birgə nikahdan iki övladları doğulmuşdur (iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh2); - Tərəflər birgə nikahda olduqları dövrdə mübahisə edilən mənzil iddiaçının adına alınmışdır və mənzil tam pay üzrə xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyata alınmış, adına çıxarış təqdim olunmuşdur; - Sərəncam əsasında alınmış torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir, cavabdehlər həmin evdə yaşayırlar və mübahisəli mənzilin şəraitinə nəzərən daha geniş, şəraitli, rahat evdir; - Mübahisəli mənzil cavabdehlər tərəfindən kirayə verilmişdir; - İddiaçı nə mübahisəli mənzildə, nə də sonradan inşa edilmiş fərdi yaşayış evində yaşaya bilmir, çünki tərəflər arasında münasibətlər korlanıb; qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq, iddiaçı fərdi yaşayış evində yaşaya bilmir, övladı olan Cavabdeh2 iddiaçıya məxsus daşınar əmlaka (avtomobilə) sinirlənərək ciddi zərər vurmuşdur; tərəflər arasında olan münasibətlərin nə dərəcədə gərgin olması işin faktiki hallarından aşkar görünür. İddiaçı məhkəməyə müraciət edərək, ilk öncə cavabdehlərə 3.000 manat kompensasiya ödənilməklə cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Məhkəmənin gedişatı zamanı müəyyən olundu ki, mübahisəli mənzil tərəflərin birgə nikahları dövründə alınsa da, mənzil faktiki olaraq iddiaçının valideynləri tərəfindən alınmışdır, iddiaçının atası və anası pul vəsaiti toplayaraq (ikisi də əmək qabiliyyətli şəxslər olmaqla, iddiaçının atası yük avtomobili idarə etmiş, anası isə tibb bacısı işləmişdir, sovet dönəmində sabit qazancları olmuşdur və pul yığmaq (birikdirmək, toplamaq) imkanları olmuşdur) oğulları İddiaçı mübahisəli mənzili almışlar. Mübahisəli mənzilin İddiaçı adına valideynləri tərəfindən alınmasını cavabdehlər etiraf edirlər. İşin mübahisə edilən halı ondan ibarətdir ki, Cavabdeh1 alınmış mənzilin pulunu iddiaçının atasına hissə-hissə ödədiyini bildirir. Lakin cavabdehin bildirdikləri işin faktiki halları ilə uzlaşmır. Təqdim olunmuş sübutlar, habelə cavabdehlərin özlərinin izahatlarından aşkar şəkildə görünür ki, mübahisəli mənzil iddiaçının əmək qabiliyyətli və işləyən valideynləri tərəfindən pul yığılaraq əldə olunmuşdur, cavabdeh tərəf həmin mənzilin alınmasına hər hansı vəsait sərf etməmişdir. Bu səbəbdən, həmin mənzil tərəflərin ümumi birgə mülkiyyəti hesab edilmir. Məhkəmə bir daha vurğulayır ki, mübahisə edilən mənzil tərəflərin birgə vəsaiti hesabına deyil, məhz iddiaçının valideynlərinin vəsaiti hesabına iddiaçının adına alınmışdır. Bu səbəbdən, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzili üzərində tam pay üzrə mülkiyyət hüququ tanınmalıdır. Düzdür, mənzil daşınmaz əmlakın dövlət reyestrində tam pay üzrə iddiaçının adına qeydiyyatdan keçmişdir. Lakin alğı-satqı müqaviləsinin bağlanması tarixi tərəflərin birgə nikah dövrünə təsadüf etdiyindən, mənzilin 1/2 hissəsinin deyil, tam şəkildə iddiaçının mülkiyyətində olmasının vurğulanması hüquqi müəyyənlik baxımından zəruridir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinin tələbinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. İddianın cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair hissəsinə hüquqi qiymət verərək, məhkəmə qeyd edir ki, bu hissədə də iddia əsaslıdır və təmin edilməlidir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarından göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. İşin faktiki hallarından aydın şəkildə görünür ki, cavabdehlər birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evində yaşamaqla, onların mübahisəli mənzilə (yaşayış sahəsinə) ehtiyacları yoxdur. İddiaçı isə mülkiyyətində olan mənzildən məhrum edilməklə yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq, istifadə hüququ tanınmış fərdi yaşayış evinə köçüb yaşaya bilmir, bu səbəbdən bacısıgildə qalmağa məcburdur. Sözügedən fərdi yaşayış evinin şəraiti, genişliyi və s. göstəriciləri mübahisəli mənzillə müqayisədə daha yaxşıdır və cavabdehlər davamlı şəkildə həmin fərdi yaşayış evində yaşayırlar. Bu səbəbdən, onlara hər hansı kompensasiya məbləğinin təklif edilməsinə, kompensasiya ödənilməsinə, məhkəmə tərəfindən kompensasiya məbləğinin müəyyən və təyin olunmasına zərurət yoxdur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzili üzərində tam pay üzrə mülkiyyət hüququ tanınmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsinə ehtiyacları olmadığına görə kompensasiya ödənilmədən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzili üzərində tam pay üzrə mülkiyyət hüququ tanınsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsinə ehtiyacları olmadığına görə kompensasiya ödənilmədən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar