Məhkəmə qərarları › İş №2(002)-1711/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1711/2023

14.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1711/2023 14.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, cavabdehlərin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh ASC Qaradağ rayon Sukanal İdarəsinə qarşı əlavə hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh ASC Qaradağ rayon Sukanal İdarəsinə qarşı əlavə hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, yaşadığı ünvan 1 ünvanında istifadə etdiyi suya görə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış 343,76 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, qeyd olunan ünvanda 2 (iki) nəfər yaşayırlar. 2021-ci ilin may ayından su sayğacları (abonent kodu: **********000) xarab olmuşdur. Bununla bağlı dəfələrlə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin qaynar xəttinə zəng etmişlər. Həmçinin şəxsən su nəzarətçilərinə, Qaradağ rayon Sukanal İdarəsinə müraciət etmişlər. Həmin vaxtlar nəzarətçi özü də sayğacın xarab olmasını görmüş və sayğacın dəyişdirilməli olması barədə işlədiyi İdarəyə yazılı məlumat vermişdir. Dəfələrlə müraciətlərindən bir il yarım sonra, yəni 12 yanvar 2023-cü ildə sayğac dəyişdirilmişdir. Eyni zamanda ona məlum olmuşdur ki, ona əsassız olaraq 343,76 manat borc yazılmışdır. Onu da qeyd etməyi zəruri hesab edir ki, sayğac işlədiyi zaman aylıq 5 (beş) manatdan artıq su istifadə etməmişlər və bu sərfiyyatın aylıq miqdarı Cavabdeh ASC-də mövcuddur. 2020-ci il üçün ümumi su sərfiyyatı 48 manat həcmində olmuşdur. Ondan əvvəlki illər üzrə də bənzər rəqəmlərdir (32, 65, 62 manat). Bu zaman sual yaranır ki, nəzarətçi, habelə idarənin rəhbəri sayğacın xarab olduğunu görür, lakin niyə münasibət bildirmir. Dəfələrlə edilən şikayətlərə baxmayaraq, bir il yarımdan sonra sayğac quraşdırılır və onu günahkar çıxardıb əlavə sərfiyyat yazırlar. Su sayğacı evdən kənarda yerləşir, bu səbəbdən cavabdeh təşkilat tərəfindən hesablanmış 343,76 manat borc tamamilə qanunsuzdur. Buna görə də məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı cavabdehlərin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, abonent kodu **********000 olan abonent İddiaçı 2017-2021-ci illər üzrə hər hansı borcu olmamışdır və ödənişləri tam həyata keçirmişdir. Abonentin sayğacı evdən kənarda yerləşir və hər ay nəzarətçi tərəfindən yoxlanılır. Qeyd olunan tarixdən sonra iddiaçı dəfələrlə qaynar xəttə və Qaradağ rayon Sukanal İdarəsinə sayğacın nasazlığı və dəyişdirilməsi barədə müraciətlər etmişdir. Qaydalara əsasən, evdən çöldə olan həmin sayğaca görə məsuliyyəti Cavabdeh ASC daşıyır. Nəhayət sayğac dəyişdirilmiş, müvafiq rəyə əsasən sayğacın yararsız olduğu müəyyən edilmişdir. Hazırda sayğacın aparılması barədə akt və həmin vaxt abonentin iştirakını təsdiq edən sübut mövcud deyildir. Mübahisəli borc isə xx.xx.2022-xx.xx.2023-cü ili əhatə edən bir aylıq dövr üçün sayğacın yararsız olması səbəbindən yazılmışdır və xx.xx.2023-cü ildə sistemə daxil edilmişdir. Abonentin sərfiyyatı həm əvvəlki dövrdə, həm də sayğac dəyişəndən sonra olduqca aşağıdır. Qeyd olunanlara əsasən, iddianın təmin olunması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, iddiaçı ilə uzun müddətdir ki, qonşudur. Su sayğacları hasarın çölündə quraşdırılmışdır. Su idarəsinin əməkdaşları sərbəst şəkildə sayğaclara nəzarət edir, vaxtaşırı bildiriş verir və bildirişə əsasən ödəniş edirlər. İddiaçının evində uzun müddətdir daimi yaşayış yoxdur və ona həddən artıq sərfiyyatın yazılması düzgün deyil. Məhkəmə, izahatı və şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonent kodu **********000:36769363 olan abonentin kartından görünür ki, abonent İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 2017-2021-ci illər üzrə borcu olmamış, xx.xx.2023-cü il tarixdə 343,76 manat borc hesablanmışdır. Həmin tarixdən əvvəl və sonra sərfiyyat rəqəmləri əsasən birrəqəmli olduğu halda, həmin tarixdə sərfiyyat 378m3 olaraq qeyd olunmuşdur. İş materiallarında olan “Azərsu ASC” Qaradağ rayon Sukanal İdarəsi tərəfindən verilmiş bildirişlərin surətindən görünür ki, abonent İddiaçı xx.xx.2023-xx.xx.2023 dövrü üçün su sərfiyyatı 2 m3, xx.xx.2023-xx.xx.2023 dövrü üçün su sərfiyyatı 2 m3 olmuşdur. İş materiallarında olan 98027/00239164 saylı rəydən görünür ki, suölçən cihazın yoxlanması nəticəsində kipliyin pozulması aşkar olunmuşdur. Suölçən cihazın platform hissəsi çatlamışdır. Suölçən cihazın hesablama mexanizminə su yığılmışdır. Nisbi xətanın təyini üçün yararlı deyildir. Suölçən cihaz avadanlıqlar üzrə yoxlanmaya yararlı deyildir. Elektron platası normal işləmir, təmirə və istismara yararsızdır. İş materiallarında olan ünvan 2 ünvanında yaşayan X3 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, 2014-cü ildən göstərilən ünvanda yaşayır. Məlumat üçün qeyd edir ki, iddiaçı su sayğacı adına olan evə həftədə 1-2 dəfə gedib gəlir, həmin evdə yaşayış yoxdur. Həmin evə onlar nəzarət edirlər. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən cavabdehin nümayəndəsinin izahatına, şahid ifadəsinə, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, fiziki şəxs olan iddiaçının ünvanında su sayğacı evdən kənarda quraşdırılmış, həmin sayğaca cavabdeh təşkilatın əməkdaşlarının sərbəst şəkildə nəzarət imkanı olmuşdur. Buna baxmayaraq, sayğacın nasazlığı barədə iddiaçı özü cavabdeh təşkilata müraciətlər etmiş, 2023-cü ilin yanvar ayında sayğac dəyişdirilsə də, sayğacın dəyişdirilməsi barədə akt və abonentin iştirakı barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Sayğac dəyişdikdən sonra sayğacın yararsız olması səbəbindən abonentə xx.xx.2023-cü il tarixdə 343,76 manat borc hesablanmışdır. Həmin tarixdən əvvəl və sonra sərfiyyat rəqəmləri əsasən birrəqəmli olduğu halda, həmin tarixdə sərfiyyat 378m3 olaraq qeyd olunmuşdur. Qeyd olunanlara və suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına görə tərəflərin cavabdehliyini müəyyən edən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələri bu Qanunun tələblərini pozduqlarına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “X4”nın 5.1.5-ci bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır. Həmin Qaydaların 6.4-cü bəndinə əsasən, yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM (su təchizatı və kanalizasiya müəssisəsi), mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanı üzrə (abonent kodu: **********000) xx.xx.2023-cü il tarixdə hesablanmış 343,76 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar