Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1737/2025 29.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış məbləğin silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış məbləğin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən əsassız olaraq **********01270 saylı abonent koduna xx.xx.2018-ci il tarixli ******* saylı akta görə hesablanmış 345,60 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akta görə hesablanmış 518,40 manat olmaqla, cəmi 864 manat məbləğin silinməsi və borcdan tutularaq 11 manat vəsaitin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Qaradağ rayonu Korgöz qəsəbəsi ünvanda yaşayır. Həmin evdə qaz hesabatları onun adınadır, qazın alğısatqısı barədə müqavilə onunla bağlanmışdır. Cavabdeh İB-nin işçiləri evini qazla təmin edən, çöldə, heç bir qorunma vasitəsi ilə təmin edilməmiş, onun nəzarət edə bilməyəcəyi bir yerdə quraşdırılmış qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək adı ilə açaraq aparmışlar. 2023-cü ilin iyun ayında 4320 m3 (518,40 manat) məbləğində itirilmiş qazın həcmi hesablandığı, həmin borcun və qaz sayğacına müdaxilə ilə əlaqədar ******* saylı akt tərtib edilmişdir. Bundan öncə 2018-ci ilin mart ayında da, 1728 m3 itirilmiş qaz üzrə 345,60 manat əsassız borc yazılmışdır və bununla bağlı ******* saylı akt tərtib edilmişdir. Cəmi 864 manat. Bu günə qədər borc kimi yazılan məbləğdən 11 manat tutulmuşdur. O, aktlar əsasında yazılmış məbləğ ilə razı deyil. Hesab edir ki, tamamilə qanunsuz yazılmış və hesablanmışdır, çünki çöldə, heç bir qorunma vasitəsi ilə təchiz edilməmiş, qaydalara uyğun şəkildə quraşdırılmamış qaz sayğacına görə cavabdehlik daşımır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdeh nümayəndəsi məhkəməyə iddiaya etiraz göndərərək, mülki işə baxılaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyindən, məhkəmə qeyd edilən etirazı nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh İB-nin nümayəndəsi məhkəməyə iddiaya etiraz göndərərək, iddianı qəbul etmədiyini bildirmiş və etirazda qeyd etmişdir ki, İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına xx.xx.2018-ci il tarixdə baxış keçirilən zaman sayğacın yivli birləşməsində plomb aşkar edilməmiş və fotoşəkillər çəkilərək xx.xx.2018-ci il tarixli ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə 345,6 manat borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Daha sonra, növbəti dəfə 2023-cü ilin may ayında iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş, baxış keçirilən sayğacın yivli birləşmələrinin korroziyaya uğradığı, informasiyanın oxunmadığı aşkar olunmuş və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi tərəfindən də təsdiq edilmiş və qeyd olunan nəticələr xx.xx.2023-cü il tarixli ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə 518,4 manat borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Eyni zamanda, iddiaçının saldosundan mübahisəsiz qaydada görünür ki, iddiaçının illər ərzində ödənişi cüzi miqdarda (5 il ərzində 50 manat civarında) olmuş, 2021-ci ilin iyun ayından 2023-cü ilin may ayına kimi isə heç bir ödənişi olmamışdır. Qeyd edilənlər iddiaçının qaz sərfiyyatının az qeydə alınmasına nail olunması üçün sayğaca müdaxilə etdiyini göstərir. Qanunvericiliyə görə qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehkal edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda, həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi özözündə istisna edilir. İddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən etirazı nəzərə alaraq mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta, 09 iyun 2023-cü il tarixli Qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə aktda, 30 iyun 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə, xx.xx.2018-ci il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd olunmuşdur ki, Cavabdeh İB-nin əməkdaşları İddiaçı yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına xx.xx.2018-ci il tarixdə baxış keçirilən zaman sayğacın yivli birləşməsində plomb aşkar edilməmiş, 2023-cü ilin may ayında iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmişdir. Çıxarılmış sayğac yuxarıda qeyd edilən akta əsasən laboratoriyada yoxlanılarkən sayğacın yivli birləşmələrinin korroziyaya uğradığı, informasiyanın oxunmadığı aşkar olunmuşdur. Cavabdeh İB tərəfindən aktlarda qeyd edilən həcmlərə uyğun olaraq itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itkiyə görə müvafiq olaraq 345,60 manat və 518,40 manat borc hesablanmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, sayğaclara abonent tərəfindən hər hansı müdaxilə edilməmişdir, sayğaclar iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində yararsız hala düşməmişdir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Məhkəmə qeyd edir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir: «Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.» Qeyd olunan maddə 2022-ci ilin mayın 1-dən qüvvəyə minmişdir. Eləcə də, Qanunun 13-cü maddəsinin 8-ci hissəsi aşağıdakı redaksiyada verilmişdir: «Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). «Smart-kart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.» Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu bərədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibatı Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxan olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Analoji norma, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 6.5-ci bəndində də müəyyən edilmişdir (həmin norma yeni redaksiyada verilmişdir - 25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. «Xalq» qəzeti. 6 iyul 2023-cü il. № 138. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. 2023-cü il, № 6, maddə 878). Göründüyü kimi, Cavabdeh əməkdaşları tərəfindən Qanunun göstərilən maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, 2022-ci il mayın 1-dən sonra sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmiş, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə təsdiq edilmədən onun şəxsi hesabına borc kimi yazılaraq istehlakçıdan tələb edilmişdir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırki iş üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələbinin əsaslı olub-olmamasına qiymət verilməsi üçün kifayət edir. 2018-ci ildə tərtib edilmiş aktla bağlı isə məhkəmə qeyd edir ki, «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 2018-ci il tarixli akt tərtib edilən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci maddəsinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.8-ci maddəsinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.9-cu maddəsinin tələblərinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş materiallarından görünür ki, zərərin İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilmir. Göründüyü kimi, iddia əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2018-ci il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» aktlar əsasında İddiaçı adına (ünvanına) (abonent kodu: **********01270) itirilmiş təbii qazın həcmi üzrə hesablanmış 345,60 manat və 518,40 manat olmaqla, cəmi 864 manat məbləğində borc Cavabdeh İB tərəfindən silinməli, əsassız borca görə iddiaçıdan alınmış 11 manat Cavabdeh İB-dən İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2018-ci il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» aktlar əsasında İddiaçı adına (ünvanına) (abonent kodu: **********01270) itirilmiş təbii qazın həcmi üzrə hesablanmış 345,60 manat və 518,40 manat olmaqla, cəmi 864 manat məbləğində borc Cavabdeh İB tərəfindən silinsin. Əsassız borca görə iddiaçıdan alınmış 11 manat Cavabdeh İB-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1737/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1737/2025
29.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver