Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-176/2023 06.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pəncərənin qabağına vurulmuş dəmir lövhənin və evinə bitişik talvarın sökülməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pəncərənin qabağına vurulmuş dəmir lövhənin və evinə bitişik talvarın sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən evinin pəncərəsinin Cavabdeh tərəfindən dəmir lövhə ilə bağlanmış hissəsinin və həmçinin Cavabdeh tərəfindən tikilərək onun evinə birləşdirilmiş talvarın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu ünvan 2 ünvanda yerləşən 6 sot torpaq sahəsində 1983-cü ildə ev inşa etməklə ailəsi ilə birgə orada yaşamışdır. Həmin ev valideynlərinin evinə yaxın bir ərazidə yerləşir. 2007-ci ildə Qobustan bələdiyyəsinin 09 iyun tarixli 50/04 nömrəli qərarına əsasən həmin torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə qərar qəbul edilib. Cavabdeh qardaşıdır. 1993-cü ildə cavabdeh ailə həyatı qurmuş və atası ona yaşadığı evin bir otağını vermişdir. Cavabdehin yaşadığı evlə onların arasında 7-8 metr məsafə vardır. Cavabdehgilin çıxışı Dzerjinski küçəsinə (indiki Arif Zeynalov), onların çıxışı isə arxa küçəyədir. 2006-cı ildə evi yandığından, o, həmin yerdə 2007-ci ildə yenidən ev tikmişdir. 2013-2014-cü illərdə bir müddət evində olmamasından istifadə edən cavabdeh ona məxsus torpaq sahəsində onun evinə bitişik ev tikmişdir. Qardaşı olduğundan cavabdehin qeyd edilən hərəkətinə dinməmişdir. Lakin cavabdeh 2022-ci ilin may-iyun aylarında həyətdə talvar tikməklə onun evinə birləşdirmiş və onun pəncərəsini dəmir lövhə ilə bağlamışdır. Halbuki, cavabdeh özü də bilir ki, o, həm onkoloji xəstə, həm də gözdən əlil olmaqla, dövlətdən aldığı əlillik pensiyası ilə dolanır, dava-dərmanına belə pul çatdıra bilmir, xəstəliyi ilə bağlı təmiz havaya ehtiyacı olmaqla stresslərdən uzaq olmalıdır. Cavabdehə qanunsuz hərəkətləri ilə bağlı dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, onu eşitməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz göndərərək göstərmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri ilə razı deyil. İddiaçı ona qarşı «pəncərənin qabağına vurulmuş dəmir lövhənin və evinə bitişik talvarın sökülməsi» tələbi barədə ərizəsində qeyd etdiyi cümlələrin hamısı yalan və uydurmədır. O, 1992-ci ildə ailə həyatı qurmuşdur. Ailə həyatı qurandan sonra atasının yaşadığı fin layihəli evin bir otağında məskunlaşmışdır. Bir müddət keçdikdən sonra əziyyət və zəhmət çəkərək həmin evi genişləndirmişdir. Həmin zamanlar qardaşı İddiaçılə aralarında heç bir söz-söhbət olmamışdır. Onun həyətində tikilən evin zərrə qədər olsa da, qardaşının evinə və həyətinə maneəsi olmayıb. Qardaşı İddiaçı iddia etdiyi adı çəkilən pəncərəsi düz onun həyətinə açılır və tikdiyi talvarı da öz həyətində üstlərinə yağış yağmasın deyə qurmuşdur. Əlivev Əlipənah onun böyük qardaşıdır. Sonuncu ona ata əvəzi olaraq düz yol göstərməkdənsə, əksinə onu məhkəməyə verir. O cümlədən, onun və ailəsinin heç bir günahı olmaya-olmaya İddiaçı müraciətində yalan, yaşına yaraşmayan ifadələr verir. O, həmin pəncərəni tam bağlamamışdır. Üç-dörd ay bundan öncə övladı üçün toy edəndə həyətinə qonaqlar gəldiyi üçün və qardaşının həmin pəncərədən evinin içi göründüyü üçün, həmin pəncərənin qabağına kiçik bir dəmir lövhə vurmuşdur. Bunu görən qardaşı onun həyətinə daxil olub, təhqiramiz sözlərlə üstlərinə hücum çəkərək nalayiq sözlərlə təhqir etmişdir, amma onlar iddiaçıya heç bir təzyiq göstərmədən sonuncunu həyətdən uzaqlaşdırmışlar. Əlipənah həyətdən çıxandan sonra birbaşa öz təhqiramiz sözləri bir yana qalsın, bununla sanki razılaşmayıb polis idarəsinə yollanmış və polis işçisini onun həyətinə gətirmişdir. Polis işçisi onun günahsız olduğunu görmüş və haqqı demişdır. Həyətdə tikdiyi talvarın uzun müddət idi ki üstünün dəmirini vurmamışdı. Həmin müddət ərzində qardaşı talvarın guya onun evinə birləşdiyi barədə ona qətiyyən bir söz deməmişdi. Ancaq o, evdə olmadığı zaman həyətdəki talvarın üstünə oğulları və həyat yoldaşı dəmir vurdurarkən, qardaşı Əlipənah onun həyat yoldaşının və oğullarının üstünə hücum çəkərək təhqir etmişdir. Ailə üzvləri Əlipənaha yenə də heç bir söz demədən həyətdən çıxarmışlar. O, işdən gələndən sonra bunu ona başqaları desə də, iddiaçı onun böyük qardaşı olduğu üçün sonuncuya heç bir söz deməmişdir. Maraqlıdır, əgər o, öz həyətində tikdirdiyi talvarı iddiaçının evinə bitişik tikmişdisə, niyə iddiaçı bu müddət ərzində ona bir söz deməmişdi? Ancaq o, evdə olmayan zaman, talvarın üstü vurularkən onun ailəsinin üstünə hücum çəkərək təhqiramiz sözlər demişdir. İddiaçı dediyi «dərmanlara pul çatdıra bilmirəm» sözü də yalan və uydurma sözlərdir. İddiaçı onkoloji xəstə olsa da, pensiya kartı olmaqla bərabər onun əlavə pul kartları da vardır. Həyat yoldaşı X5 195 saylı orta mektəbdə ingilis dili müəllimi işləyir. X11 «SOCAR» şirkətində sürücü işləyir. Bir sözlə, iddiaçının ailə üzvlərinin və şəxsən iddiaçının maddi cəhətdən heç bir çətinliyi yoxdur. 2006-cı ildə iddiaçının evi yanarkən iddiaçının ailəsi aylarla onun evində məskunlaşmışlar. 2007-2008ci illərdə külli miqdarda bir neçə şəxsə borcu olduğuna görə, yoxa çıxmış və dörd-beş il nəinki oz evində, heç Qobustanda da olmamışdır. Belə olan təqdirdə iddiaçının borclu olduğu adamlar hər gün onun qapısına gəlmiş və iddiaçının yerini soruşub pullarını tələb etmışlər. İddiaçı onun qardaşı olduğuna görə və onun qapısını borc yiyələri döydüyünə, vicdanı buna yol vermədiyinə görə iddiaçının 9-10 min manat borcların öz çörək pulundan kəsərək ödəmişdir. İddiaçı buna da qiymət verməyib, əksinə yalan ifadələr verib onu öz günahı ola-ola məhkəməyə vermişdir. Belə olan təqdirdə, o da iddiaçıdan öz pullarını tələb edir. Hansı ki, həmin pullarla iddiaçının borcunu ödəmişdir. Xahiş edir ki, məhkəmə bu işə ədalətli yanaşsın. Həyətində tikdiyi talvarı və pəncərəni, yəni qardaşı İddiaçı qanunsuz olduğu halda onun həyətinə açılan pəncərəsinin video-fotosu vardır, lazım gələrsə məhkəmə nümayəndə yollayıb kimin iddiasının düzgün olduğunu yoxlaya bilər. İddiaçının iddiasında göstərdiyi, guya onun çıxışı Dzerjinski (indiki Akif Zeynalov) küçəsinə olmalıdır, bu da yalan ifadədir. Çünki həmin küçəyə çıxış onun kiçik qardaşı X1r. Onun isə çıxışı əks tərəfədir. O cümlədən, qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaş istənilən tərəfə çıxışını edə bilər. Onun da bir oğlu 2000-ci il təvəllüdlü X6 hərbi xidmətdə olarkən psixi sarsıntı keçirdiyinə görə hal-hazırda əsəb-sinir sisteminin pozulması diaqnozu ilə müalicə alır. Bu səbəbdən, məhkəmədən hər bir iddianın düzgün olub-olmadığını nəzərə alaraq, ədalətli qərar çıxarılmasını xahiş edir. Ümid edir ki, hər bir yazılan iddianın və hansı iddiaçının düzgün olduğunu qanuni şəkildə nəzərə alıb kimin haqlı olduğunu sübuta yetirib ədalətli qərar veriləcək. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını, eksperti dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizalar şöbəsinin böyük eksperti X4 məhkəmə iclasında bildirdi ki, verdiyi rəydə də göstərdiyi kimi, iddia ərizəsində qeyd olunan dəmir lövhənin hər hansı şəxsə maneə törədib-törətməməsinin müəyyən edilməsi mühəndistexniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. Lakin, həmin dəmir lövhə yaşayış evinin təbii işıqla təmin olunmasını və havalandırılmasını məhdudlaşdırır. Tikinti Norma və Qaydalarına əsasən yaşayış otaqları təbii işıqla təmin olunmalıdır. Talvar tikilisinə gəldikdə isə, həmin tikili iddiaçının evinə qaynaq vasitəsi ilə montaj edilmişdir, iddiaçının evinə bitişik vəziyyətdədir. İddiaçıya məxsus tikililərdə nəmişlik müşahidə edilmədiyindən, yağış sularının talvardan süzülərək evə təsir etmədiyi müəyyən olunmuşdur. Verdiyi rəyə əlavəsi yoxdur. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ünvan 2 ünvanda yaşayan Əliyev X3 rayonu Qobustan bələdiyyəsinə ərizə ilə müraciət edərək, həmin küçədə yerləşən fərdi yaşayış evinin və istifadə etdiyi ümumi sahəsi 600 m2 olan torpaq sahəsinin sənədləşdirilməsini xahiş etmişdir. Ərizə araşdırılmış və müəyyən edilmişdir ki, Əliyev X2 qəsəbəsi Dzerjinski küçəsində öz vəsaiti hesabına fərdi yaşayış evi tikmiş və istifadə olunan 600 m2 torpaq sahəsinin Qaradağ RİH aparatının memarı ilə razılaşdırılmış situasiya planı əsasında sənədləşdirilməsi mümkündür. Bu səbəbdən, Bakı şəhəri Qaradağ rayonu Qobustan bələdiyyəsinin 09 iyun 2007-ci il tarixli 50/04 saylı iclasının qərarı ilə qeyd olunan torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Bələdiyyə ilə İddiaçı arasında 09 iyun 2007-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmış, bu barədə akt tərtib olunmuşdur. İddiaçı yerli (bələdiyyə) büdcəsinin vergi ödəyicisi kimi uçota alınmış, ona xx.xx.2022-ci il tarixdə 81 saylı şəhadətnamə verilmişdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinin pəncərəsi dəmir lövhə ilə bağlanmışdır və həmin evə bitişik talvar tikilisi inşa edilmişdir. Cavabdeh özü də etiraf edir ki, pəncərəni dəmir lövhə ilə o bağlamış, talvar tikilisini inşa etdirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2023-cü il tarixli, 10/1274 saylı ekspert rəyindən görünür ki, pəncərəyə vurulmuş dəmir lövhələrin hər hansı şəxsə maneə törədibtörətməməsinin müəyyən edilməsi mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. Lakin, İddiaçı məxsus Bakı şəhəri Qaradağ rayonu ünvan 2 ünvanın pəncərəsinə vurulmuş dəmir lövhə yaşayış evinin təbii işıqla təmin olunmasını və havalandırılmasını məhdudlaşdırır. Bakı şəhəri Qaradağ rayonu ünvan 1 saylı evin həyətində inşa edilmiş talvarın iddiaçının evinə dəmir boru vasitəsi ilə qaynaq olunduğunu nəzərə alaraq, talvar tikilisinin iddiaçının yaşayış evinə bitişik vəziyyətdə olduğu müəyyən edilir. İddiaçı məxsus Bakı şəhəri Qaradağ rayonu ünvan 2 ünvanda yerləşən tikililərdə nəmişlik olmadığından, yağış nəticəsində talvardan süzülən suyun evə təsir etmədiyi müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı evin həyətində, iddiaçının fərdi yaşayış evinə bitişik talvar tikilisi inşa edilmiş, eləcə də, iddiaçının yaşadığı fərdi yaşayış evinin pəncərəsinə dəmir lövhə vurulmuşdur. Həmin dəmir lövhə iddiaçının yaşadığı evə düşən təbii işığın və hava axının qarşısını kəsməklə, Tikinti Norma və Qaydalarına ziddir. Talvar da öz növbəsində özbaşına tikili olmaqla, cavabdehin öz hesabına sökülməlidir. Cavabdehin talvar tikilisi inşa edilmiş torpaq sahəsi üzərində hər hansı hüququ mövcud deyil. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin pəncərəsinə vurulmuş dəmir lövhə və həmin evə bitişik inşa edilmiş talvar tikilisi Cavabdeh özünün hesabına sökülməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin pəncərəsinə vurulmuş dəmir lövhə və həmin evə bitişik inşa edilmiş talvar tikilisi Cavabdeh özünün hesabına sökülsün. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-176/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-176/2023
06.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver