Məhkəmə qərarları › İş №2(002)-1763/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1763/2023

11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1763/2023 11.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs Başçısının 24 fevral 1999-cu il tarixli 227 saylı sərəncamının X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni belə əsaslandırmışdır ki, Maraqlı şəxs Başçısının 24 fevral 1999-cu il tarixli 227 saylı sərəncamına əsasən mərhum həyat yoldaşı X2 fərdi yaşayış evinin tikintisi üçün Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-qərbində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sərəncan dövlət arxivində öz əskini tapmışdır. Sərəncamla ayrılmış torpaq sahəsində ev tikmiş və hazırda da orada yaşayırlar. Həyat yoldaşının soyadı Məhəmmədeminov olsa da sərəncamda soyadı Məmmədeminov kimi, həmçinin ata adı İsgəndəroviç əvəzinə İsgəndər oğlu kimi yazılmışdır. Həyat yoldaşı X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşının ölüm şəhadətnaməsində və başqa sənədlərdə də soyadı, adı və ata adı X3 kimi yazılmışdr. Hazırda həmin torpaq sahəsini sənədləşdirmək istəyir, lakin mərhum ərinin soyadında və ata adında olan uyğunsuzluğa görə torpağın sənədləşdirilməsi mümkün olmamışdır. Hazırkı hüquqi faktın müəyyən edilməsi ona torpaq sahəsini səndləşdirmək üçün lazımdır. Həmin sərəcam hüquqmüəyyənedici sənəddir, torpağın sənədləşdirilməsi üçün əsasdır və o bunu başqa yolla təsdiq edə bilmir. Həmin sənəddə olan uyğunsuzluğun düzəldilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə cavab olaraq Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı,atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edir. Bununla əlaqədar məhkəmə orqanlarına müraciət etməyi məqsədə müvafiq hesab edilmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və bildirdi ki, evin sənədlərində mərhum həyat yoldaşının soyad və ata adında olan yanlışlıqlara görə evi öz adına keçirdə bilmir. Göstərilənlərə əsasən ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi X7 məhkəmə iclasında iştirak edərək, öz izahatında keçmiş sənəd olduğu üçün imtina etdiklərini və ərizənin təmin olunmasına etirazı olmadığını bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan İİ-ЖГ 286251 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 ilə X6 arasında nikah xx.xx.1979-cu il tarixdə qeydə alınmışdır. İşdə olan, AZE 08285267 nömrəli, FİN 1S5KZBL şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.1957-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarına əlavə olunmuş, xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ № 327093 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə durğunluq ürək çatışmamazlığından vəfat etmişdir. Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının xx.xx.1999-cu il tarixli 227№-li Sərəncamına əsasən, Bakı şəhər İcrakomunun xx.xx.1989-cu il tarixli 13/713 saylı qərarına müvafiq olaraq Sahil qəsəbəsi, Sahil küçəsi, ev 41, mənzil 54də yaşayan X2 fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsinin şimal-qərbindəki yeni yaşayış massivinin 600.0 kv.m torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. Ərizəçi qeyd edilən sərəncamın mərhum yoldaşıma məxsus olmasının müəyyən edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, Azərbaycan Respublikası Bakı şəhəri Maraqlı şəxs Başçısının Müavininin xx.xx.2023-cü il tarixli, 5-13/1-M-26-091/2023 nömrəli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını müəyyən edir. Bununla əlaqədar toxunduğunuz məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək məqsədəmüvafiqdir. Bundan sonra ərizəçi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının xx.xx.1999-cu il tarixli 227№-li Sərəncamında qeyd edilmiş hüquq sahibinin mərhum ərinin soyadı və ata adı ilə (“Məmmədeminov”, “İsgəndər oğlu”) onun şəxsiyyətini təsdiq edən sənnəddə, habelə ölüm haqqında şəhadətnamədə göstərilən soyadı və ata adı (“Məhəmmədeminov”, “İsgəndəroviç”) arasında fərq olduğu aşkar edilmiş, həmin sənəd hüquqmüəyyənedici sənəd olmaqla, sənədin X1 məxsus olmasının müəyyən edilməsi barədə ərizəçinin müraciətindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən imtina edilmişdir. Göründüyü kimi, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Sahil qəsəbəsinin şimal-qərbindəki yeni yaşayış massivinin 600.0 kv.metr torpaq sahəsinə dair xx.xx.1999-cu il tarixli 227№-li Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Sərəncamında X1 məxsus olması halı öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs Başçısının 24 fevral 1999-cu il tarixli 227 saylı sərəncamının X1 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının 24 fevral 1999-cu il tarixli, 227 saylı sərəncamının X4 məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar