Məhkəmə qərarları › İş №2(002)-1837/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1837/2024

12.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1837/2024 12.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “ əsassız hesablanmış kommunal borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış kommunal borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* saylı 27 mart 2023-cü il tarixli aktın ləğv edilməsi və "xxxx" ASC tərəfindən onun adına (ünvanına) hesablanmış 12960 kub metr itirilmiş təbii qazın həcmi üzrə hesablanmış borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o,Gədəbəy rayonu Qasımağalı kəndində qeydiyyatda olsa da faktiki olaraq ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Cavabdeh tərəfindən onlarla bağlanmış müqaviləyə əsasən yaşadığı Qaradağ rayonu, Sahil qəsəbəsi Qaradağ 50 saylı üvanda yerləşən fərdi yaşayış evinə 2012-ci qaz sayğac quraşdırılmış, həmin vaxtdan da istifadəmizdə olmuşdur. Sonradan isə 2017-ci ildə isə “SMART” kart sayğacı quraşdırılmışdır. 2020-ci il tarixdə isə həmin sayğac yenidən mexanika sayğacı ilə əvəz edilmişdir. Yeni quraşdırılmış mexaniki sayğac işlənmiş sayğac olmuşdur. Həmin sayğac 2022-ci ilin dekabr ayının əwələrindən başlayaraq normal işləməmiş və qaz bəzən ız,bəzən isə çox verilmişdir. Bu barədə qaz idarəsinə şifahi olaraq yəni telefon vasitəsi ilə məlumat verdim. Qaz idarəsinin əməkdaşları onun çağırışı əsasında gələrək qaz sayğacını dəyişdirərək yenisə ilə əvəz etdilər. Lakin sonrada 27 mart 2023-cü il tarixdə akt tərtib edərək sayğacın hesablanma mexanizminin qoruyucu şüşəsinin deşilməsi aşkar edildiyi qeyd edilmiş və buna görə bizə borc hesablanmışdır. Lakin bildirir ki, həmin akt tamamilə əsassızdır. Belə ki, həmin vaxt sayğac plomblu olmuş və bizim plomba müdaxilə etməyimizi mümkün deyildir. Əgər belə olsayda onda aktda sayğacın plombuna müdaxilə edilməsi göstərilərdi.O, vətəndaşdır və sayğaca nəzarət idarə tərəfindən edilməli idi və hər ayda nəzarət əlunurdu. Əgər sayğacda hər hansı bir nasazlıq olsaydı nəzarətçi bunu görməli idi.Ona hesablanmış borc əsassız və qanunsuzdur. Bu barədə cavabdeh təşkilata rəsmi daraq müraciət etsə də heç bir nəticəsi olmamışdır. İddiaçı sonradan iddia tələbinə dəqiqləşdirmə verərək, ******* saylı 27 mart 2023cü il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında "xxxx" ASC tərəfindən onun adına (ünvanına) hesablanmış 1206,20 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ev həyət evidir və sayğac həyətin qapısının xaricindədir.Sayğaca onlar tərəfindən heç bir müdaxilə olunmamışdır. Cavabdeh İB məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə göndərək, məhkəmə baxış iclasının onların nümayəndəsinin iştirkı olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etnişdir. Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixdə Azemis Elektron Məhkəmə Sistemində elektron kabinət vasitəsi ilə ərizə göndərərək, iddia tələbinin rədd edilməsini xahiş edərək, bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı ******* saylı, xx.xx.2023-cü il tarixli akt əsasında 12960 m3 itirilmiş qaz sərfiyyatı üzrə hesablanmış (**********00430 istehlakçı hesabı üzrə) borcun silinməsi tələbinə dair iddia qaldırmışdır. Aşağıdakılara əsasən iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. İddiaçı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində X1 nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşildiyi və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə X1 nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2023-cü il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə 1555,2 manat borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Hazırda iddiaçının borc üzrə tutulmalar nəticəsində 1206,2 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X3”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “X3nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi öz-özlüyündə istisna edilir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın məzmunundan görünür ki, sayğacın mexanikası ilişdiyindən ilə yenisi ilə əvəzlənmişdir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş AR Dövlət Neft Şirkəti Cavabdeh İBnin xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-11-265-1 saylı aktında qeyd edilmişdir ki, “Sayğaca ümumi baxış keçirildi, xətalar normadan artıqdır. Sayğac isitismara yararsızdır” rəyi verilmişdir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli təbii X3nın pozulması haqqında ******* nömrəli aktdan görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilməklə müdaxilə edildiyindən vurulmuş ziyan hesablanıb ödənilməsi rəyi verilmişdir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-11-265-1 saylı akta əsasən G-4 **********7 nömrəli sayğacda hesablama müexanizminin qoruyucu şüşəsi deşilib,xx.xx.2023-cü il tarixli ******* saylı akt ilə **********00430 saylı abonent İddiaçı qazın həcmi 12960 m3 hesablanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş abonentin saldosundan görünür ki, ünvan 2 ünvanı üzrə **********00430 saylı abonent kodu üzrə İddiaçı 1206,20 manat məbləğində pul hesablanmışdır. Tətbiq edilən hüquq normaları: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «X3»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 3110,40 manat məbləğində borc hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin borc məbləği ilə razılaşmamışdır. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin darvazasının kənarında yerləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mənzilində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan itirilmiş qaz sərfiyyatına və sayğacın dəyərinə görə pul tələb etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, aktın ləğv edilməsi müstəqil məhkəmə baxış predmeti ola bilməz. Belə ki, ******* saylı 27 mart 2023-cü il tarixli akt özlüyündə hər hansı hüquq münasibəti yaratmır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı İddiaçı yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ev 50 ünvanına (abonent kodu: **********00430) hesablanmış 1206,20 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ev 50 ünvanına (abonent kodu: **********00430) hesablanmış 1206(bir min iki yüz altı) manat 20(iyirmi) qəpik məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar