Məhkəmə qərarları › İş №2(002)-1860/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1860/2021

23.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1860/2021 23.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı etiabrnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X2, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 19.11.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etiabrnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X3 izahat verərək bildirdi ki, iddiaçı çoban olmaqla heyvan saxlamaqla məşğuldur. O, savadsız, qanundan xəbərsiz olan şəxsdir və əslində cavabdehdən heç bir kredit almamışdır. Belə ki, tərəflərin birlikdə qışlaq işləri olmuş, iddiaçının cavabdehə heç bir borcu olmamışdır. Lakin cavabdeh iddiaçının ona 10000 (on min) manat borcu olması barədə Qaradağ rayon Polis İdarəsinə 2015-ci ildə müraciət etmiş, daha sonra iddiaçı Qaradağ rayon Polis İdarəsinə çağırılmış və izahatı alınmışdır. İddiaçı izahatında Cavabdeh borcunun olmadığını bildirsə də, polis əməkdaşı iddiaçının Cavabdeh 10000 (on min) manat pul verməli olduğunu, bununla bağlı müqaviləni imzalamalı olduğunu və həmin 10000 (on min) manatı ödəmədiyi təqdirdə tutulacağını bildirmişdir. Bu vəziyyətdə iddiaçı 10000 (on min) manat borcunun olmasının təsdiq edən kredit müqaviləsini imzalamağa məcburi şəkildə razı olmuşdur. Bundan sonra tərəflər 8 saylı notariat kontoruna getmiş, Cavabdeh yazdırdığı kredit müqaviləsini iddiaçı imzalamışdır. Həmin vaxtda iddiaçı 10000 (on min) manat pul düzəldərək cavabdehə vermiş, cavabdeh müqavilənin arxasında həmin pulun onun tərəfindən alınmasını təsdiq edən yazını yazaraq imza etmişdir. Yenidən Cavabdeh polis əməkdaşlarına sənəd işlərinə görə 3000 manat xərcinin çıxdığını iddia etmiş və bu məbləği də iddiaçıdan tələb etmişdir. İddiaçı cavabdehlə əlaqəsinin kəsilməsini istədiyindən sözügedən 3000 manat pulu da cavabdehə ödəmişdir. Sonradan Cavabdeh İddiaçı qarşı pul tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdikdən sonra iddiaçıya mübahisə predmeti olan kredit müqaviləsində 10000 manat əvəzinə 50000 manat yazıldığı, eyni zamanda guya ona 50000 manat məbləğində kredit verildiyi, kredit müqaviləsinin ondan əlavə başqa şəxsin imzası ilə də təsdiq edildiyi məlum olmuşdur. Göstərilənlərə əsasən, heç bir kreditin alınmadığı, iddiaçının cavabdeh tərəfindən hədə altında imza etməyə razı salındığı, iddiaçının savadsızlığından sui-istifadə edilərək 10000 manat əvəzinə 50000 manat məbləğində kredit alması barədə müqaviləyə imza etməyə məcbur edildiyi nəzərə alınaraq həmin kredit müqaviləsi etibarsız sayılmalıdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, cavabdeh iddia tələbinə qəti etiraz edir. Belə ki, iddiaçı 19.11.2015-ci il tarixdə notarial qaydada bağlanmş kredit müqaviləsinə əsasən Cavabdeh 50000 manat məbləğində faizsiz borc almış, kredit müqaviləsi həmin tarixdə Bakı şəhəri 8 saylı notariat kontoru tərəfindən təsdiqlənmişdir. Notarius tərəflərə hüquq və vəzifələrini izah etdiyindən, guya onun savadsız olması və bundan sui-istifadə edilməsi barədə deyilənlər həqiqətə uyğun deyildir. Müqavilənin şərtlərinə əsasən, İddiaçı aldığı borcu 19.11.2016-cı il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin o, öhdəliyini qismən icra etmiş, 05.11.2018-ci ildə 10000 manat, daha sonra müxtəlif vaxtlarda 200-300 manat olmaqla cəmi 3200 manat pul ödəmiş, Cavabdeh qalan borcun tutulması üçün məhkəməyə müraciət etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(002)-439/2021 saylı qətnaməsi ilə İddiaçı 36800 (otuz altı min səkkiz yüz) manat borcun, iddia ərizəsinin yazılması və hüquqi yardım göstərilməsi üçün ödədiyi 200 (iki yüz) manat pulun, 30 (otuz) manat dövlət rüsumunun, cəmi 37030 (otuz yeddi min otuz) manatın alınıb Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnamənin icrasını yubatmaq üçün hazırki iddianı vermişdir. Hazırda iddiaçı hər hansı hədə-qorxuya məruz qalması, müqavilə bağlamağa məcbur edilməsi barədə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, müqavilə bağlandıqdan 6 (altı) il sonra iddia qaldırmaqla iddiaçı iddia müddətini də ötürmüşdür. Ona görə də iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirir ki, tərəflər arasında müqavilədən irəli gələn münasibətlərin yaranması işin mübahisə edilməyən halına aiddir. Müqavilə tələbləri üzrə iddia müddətinin üç il olduğunu və iddiaçının həmin müddət başa çatdıqdan sonra məhkəməyə müraciət etdiyini nəzərə alaraq, iddia müddəti keçdiyinə görə hazırki iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 19.11.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Cavabdeh borc alan İddiaçı 5000 (əlli min) manat borc pul vermiş, borc alan İddiaçı həmin borcu 19 noyabr 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Borc verən tərəfindən müqaviləni Cavabdeh, borc alan tərəfindən müqaviləni İddiaçı və onun savadsız olması səbəbindən M.Ağayev imzalamışlar. Notariusun qeydlərinə əsasən, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Müqaviləni tərəflər şəxsən özləri notariusun iştirakı ilə imza ediblər, tərəflərin şəxsiyyəti müəyyən edilib, onların fəaliyyət qabiliyyəti yoxlanılıb. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış 09.03.2021-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh müraciəti əsasında 2015-ci il tarixdə 74/15 saylı rədd materialı olmuşdur. Həmin material arxivdə saxlama müddəti bitdiyi üçün DİN-in Q36-001-15 saylı qərarına əsasən yandırılaraq məhv edilmiş, bu səbəbdən tələb olunan sənədlərin surətlərinin göndərilməsini təmin etmək mümkün olmamışdır. İş materiallarında olan İddiaçı imzası ilə təsdiq edilən yazının kserosurətindən görünür ki, İddiaçı Cavabdeh olan borcu 05.11.2018-ci il tarixə 50000 (əlli min) manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 19.11.2015-ci il tarixli kredit müqaviləsinin surətinin 2-ci səhifəsində olan qeyddən görünür ki, İddiaçı Cavabdeh 05.11.2018-ci il tarixdə 10000 (on min) manat vermişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(002)-439/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, cavabdeh İddiaçı 36800 (otuz altı min səkkiz yüz) manat borcun, iddia ərizəsinin yazılması və hüquqi yardım göstərilməsi üçün ödədiyi 200 (iki yüz) manat pulun, 30 (otuz) manat dövlət rüsumunun, cəmi 37030 (otuz yeddi min otuz) manatın alınıb iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.06.2021-ci il tarixli, 2(103)-5172/2021 saylı qəradadının surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbi barədə mülki iş üzrə icraatın, İddiaçı Cavabdeh qarşı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə qərarının qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən izahatlara və iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında 19.11.2015-ci il tarixdə notarial qaydada kredit müqaviləsi bağlanmışdır, iddiaçı hazırda həmin müqavilənin etibarsız hesab edilməsini tələb etməkdədir. Məhkəmə iddiaçı tərəfin həmin müqavilənin etibarsız hesab edilməsi üçün dəlillərinə hüquqi qiymət verərək müəyyən edir ki, qeyd olunan müqavilənin hədə təsiri altında və ya aldatma yolu ilə bağlandığını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının savadsız olması dəlili də müqavilənin etibarsız sayılmasına əsas vermir. Belə ki, müqavilədən görünür ki, notarius tərəfindən müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, həmçinin notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Müqaviləni tərəflər şəxsən özləri notariusun iştirakı ilə imza ediblər, tərəflərin şəxsiyyəti müəyyən edilib, onların fəaliyyət qabiliyyəti yoxlanılıb. Digər tərəfdən, müqavilə bağlananda yalnız 10 min manat borcu ödəməyə razı olduğunu bildirən iddiaçı tərəfin dəlilləri onun müqavilə bağlandıqdan sonra cavabdehə bundan daha artıq məbləğdə ödənişlər etməsi səbəbindən inandırıcı görünmür. Ona görə də iddia tələbinin əsaslandığı hallar sübuta yetirilmədiyindən və məhkəmə iclasında əqdin müəyyənləşdirilmiş qanuni şərtlər pozulmaqla bağlanıldığı müəyyən edilmədiyindən, iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən, qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.4-cü maddəsinə əsasən, əgər fiziki şəxs bədən qüsuruna, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 334.2-ci maddəsinə əsasən, əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 425.1ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. Həmin Qanunun 35-ci maddəsinə əsasən, əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Bundan əlavə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının istinad etdiyi əsaslarla əqdin mübahisələndirilməsi hüququ üzrə müddət keçdiyindən, həmin müddətin keçməsi isə hüququn xitamına səbəb olduğundan, hazırda əqdin etibarsızlığının irəli sürülməsi tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.06.2013-cü il tarixli Qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia tələbi əsassız olduğundan və əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş müddət keçdikdən sonra verildiyindən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar