Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1879/2024 13.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi, daha sonra iddia tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında abonent kodu **********00000 olan abonent X1 adına hesablanmış 777,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və abonent hesabı mərhum əri X2 adınadır. Əri 2020-ci ildə vəfat edəndən sonra həmin evdə özü hərdən yaşayır, əsasən övladlarının yanında qalır. Aylıq ödənişlərdən də görünür ki, evdə yaşayış azdır. Cavabdeh tərəfindən həmin yaşadıqlara ünvana qaz sayğacı quraşdırılmışdır. Sayğac küçədə yerləşir. xx.xx.2023-cü il tarixdə qaz sayğacı yenisi ilə əvəz edilmiş, sayğac dəyişdirilərkən plombu üzərində olmuş və gözlə görünən hər hansı bir nöqsan aşkar edilməmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Həmin aktda nöqsanlar qeyd edilməsə də, sonradan müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan plasmas plombların üzərində və yuvasının ətrafında əzik cızıq izləri var, üzərləri kənar təsir nəticəsində deşilmişdir, sayğac istismara yararsızdır. Sayğaca onun tərəfindən hər hansı müdaxilə edilməmişdir və bundan xəbəri olmamışdır. xx.xx.2023-cü il tarixlı akt mərhum əri Bəşirov Xudaverdinin adına tərtib olunmuş, həmin aktdan uzun müddət xəbəri olmamışdır. Dəyişdirilmiş sayğacın plombu üstündə olmuş və heç bir müdaxilə olmamışdır. Sayğaca nəzarət cavabdeh tərəfindən edilməli idi. Sayğac evdən kənarda yerləşdirilmişdir. Əgər sayğacda hər hansı bir nasazlıq olsaydı, nəzarətçi bunu görməli və dərhal tədbir görməliydi. Lakin heç bir əsas olmadan **********00000 saylı abonent hesabına 777,60 manat cərimə yazılmışdır. Cavabdeh təşkilata müraciət etsə də, heç bir tədbir görülməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bununla yanaşı, cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz göndərərək, cavabdeh təşkilata qarşı qaldırılmış iddianın əsassız olduğunu bildirmişdir. Belə ki, iddiaçının evinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində sayğaca baxış keçirilən zaman sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2023-cü il tarixli, ******* saylı aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması, istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək müəyyən edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı Cavabdeh İB bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Cavabdeh İB tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın və qaz sayğacının yoxlanılması barədə aktın surətlərindən görünür ki, abonent kodu **********00000 olan abonent Bəşirov Xudaverdinin adına qeydiyyata alınmış ünvanda qaz sayğacına baxış keçirilmişdir, sayğac istismara yararsızdır. İş materiallarında olan Cavabdeh Qaz sayğacının yoxlanılması barədə MSK-14-2-2/3-5-12438/Q002 saylı aktının surətindən görünür ki, sayğaca ümumi baxış keçirilmişdir, sayğac istismara yararsızdır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, ******* saylı, xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən abonentə qaz işlədicilərinin orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 6480 m³ həcminə uyğun məbləğ (777,60 manat) hesablanmışdır. İş materiallarında olan **********00000 kod nömrəli abonentin saldosundan və çıxarışdan görünür ki, abonentin 2023-cü ilin noyabr ayında akta əsasən 777,60 manat borcunun yarandığı qeyd olunmuşdur. İş materiallarında olan İİ-JQ seriyalı, 347577 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı 20 sentyabr 1980-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. İş materiallarında olan AZ-İİ seriyalı, 085988 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci ildə vəfat etmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən izahatlara, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, fiziki şəxs olan istehlakçı üçün qaz sayğacı yaşayış evindən kənarda quraşdırılmış və cavabdeh təşkilatın həmin qaz sayğacına maneəsiz nəzarət imkanı olmuşdur. Belə olan halda, sayğacla bağlı yaranmış problemə görə fiziki şəxs olan istehlakçının hər hansı təqsiri müəyyən edilmədiyindən və sübuta yetirilmədiyindən, habelə mövcud qanunvericiliyə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən borcun hesablanması əsassız hesab olunmalı, bu səbəbdən iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən abonent kodu **********00000 olan abonent X1 adına hesablanmış 777,60 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1879/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1879/2024
13.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver