Məhkəmə qərarları › İş №2(002)-1896/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1896/2024

05.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1896/2024 05.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 1 ünvanda itirilmiş qaz həcminə görə hesablanmış 775 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi Yeni yaşayış massivi 12 saylı ev ona məxsusdur. Qeyd olunan evdə o da daxil olmaqla ailə üzvləri uzun müddətdir ki, birlikdə yaşayırlar. xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları yaşadıqları ünvana gəlmişlər. Cavabdeh qurumun mütəxəssisləri tərəfindən quraşdırılmış Zinner-94 markalı **********5 nömrəli zavod istehsalı olan sayğacın guya plombasının gözə görünməyəcək dərəcədə zədələndiyini aşkar etmişlər və bu barədə xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib etmişlər. Həmin akta əsasən qaz sayğacının maksimal sərfi 6 m3, orta günlük iş rejimi 12 saat, hesabat dövrü 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qeyd olunmuşdur. Həmin akta əsasən ona 6 x 12 x 90 = 775 manat məbləğində borc hesablanmışdır. Qeyd edir ki, özü və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmadığı halda, cavabdeh qurum tərəfindən qeyd olunan ziyanın hesablanaraq onlardan tələb edilməsi tam qanunsuz və əsassızdır. Bu səbəbdən hesab edir ki, həmin borc silinməlidir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi Aygün Quliyeva məhkəməyə iddiaya etiraz göndərərək, etirazda göstərmişdir ki, İddiaçı Cavabdehnə qarşı (**********00885 istehlakçı hesabı üzrə) hesablanmış 775 manat borcun silinməsi tələbinə dair iddia qaldırmışdır. Hesab edir ki, iddia ərizəsi əsassız otduğu üçün rədd edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombların üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar edilmiş, nəticədə istismara yararsız hesab edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə X1 nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2024-cü il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qaz sayğacının mənzildən kənarda quraşdırıldığından iddiaçıya məxsus sayğaca müdaxilə olunduğunun və qaz sayğacına nəzarət edilməsi vəzifəsi daşımaması barədə iddiaçının dəlillərinə gəldikdə isə «X2nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi özözündə istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu halda iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh İB-nin əməkdaşları İddiaçı yaşadığı ünvanda istifadə olunan təbii qazın həcmini ölçən sayğaca dair Azərbaycan Metrologiya İnstitutu tərəfindən tərtib olunmuş 05 mart 2024-cü il tarixli laboratoriya aktında qeyd olunanları əsas götürərək, vurulmuş ziyanın hesablanması barədə tələb qeyd edilən 29 fevral 2024-cü il tarixli ******* saylı Təbii X2nın pozulması haqqında akt tərtib etmişlər. Azərbaycan Metrologiya İnstitutu tərəfindən tərtib olunmuş laboratoriya aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombların üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunmuş, nəticədə sayğac istismara yararsız hesab edilmişdir. Bundan sonra, Cavabdeh İB tərəfindən yuxarıda qeyd edilən qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6480 m3 itkiyə görə 775 manat borc hesablanmışdır. Borcun hesablanma qaydası 29 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə əks olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, sayğaca abonent tərəfindən hər hansı müdaxilə edilməmişdir, sayğac iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində yararsız hala düşməmişdir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Məhkəmə qeyd edir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir: «Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir.» Qeyd olunan maddə 2022-ci ilin mayın 1-dən qüvvəyə minmişdir. Eləcə də, Qanunun 13-cü maddəsinin 8-ci hissəsi aşağıdakı redaksiyada verilmişdir: «Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). «Smart-kart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.» Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu bərədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibatı Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxan olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Analoji noıma, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «X2»nın 6.5-ci bəndində də müəyyən edilmişdir (həmin norma yeni redaksiyada verilmişdir - 25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. «Xalq» qəzeti. 6 iyul 2023-cü il. №

138. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. 2023-cü il, № 6, maddə 878). Göründüyü kimi, Cavabdeh əməkdaşları tərəfindən Qanunun göstərilən maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, 2022-ci il mayın 1-dən sonra sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmiş, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə təsdiq edilmədən onun şəxsi hesabına borc kimi yazılaraq istehlakçıdan tələb edilmişdir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırki iş üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələbinin əsaslı olub-olmamasına qiymət verilməsi üçün kifayət edir. Göründüyü kimi, iddia əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı adına (ünvan 1 ünvanına) (abonent kodu: **********00885) itirilmiş təbii qazın həcmi üzrə hesablanmış 775 manat məbləğində borc Cavabdeh İB tərəfindən silinməlidir. Bu qəbildən olan işlər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı adına (ünvan 1 ünvanına) (abonent kodu: **********00885) itirilmiş təbii qazın həcmi üzrə hesablanmış 775 manat məbləğində borc Cavabdeh İB tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar