Məhkəmə qərarları › İş №2(002)-1907/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1907/2023

14.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1907/2023 14.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı vəkili X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kompensasiya verilmədən yaşayış və istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə yaşayış və istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi M.Ə.Sabir küçəsində yerləşən 4 nömrəli evdə qeydiyyatda olan Cavabdeh1 yaşayış və istifadə hüquqlarına 10.000 manat məbləğində kompensasiya verilməsi yolu ilə xitam verilməsi, Cavabdeh1 ailə üzvləri, yəni həyat yoldaşı Cavabdeh2, azyaşlı övladları və əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, kompensasiya verilmədən oğlu Cavabdeh1 istifadə hüququna xitam verilməsi, Cavabdeh1 ailə üzvləri, yəni həyat yoldaşı Cavabdeh2, azyaşlı övladları və əşyaları ilə birlikdə ünvan 1 ünvandan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi M.Ə.Sabir küçəsində yerləşən 4A nömrəli ev xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə ona DƏDRX tərəfindən xx.xx.2008-ci il tarixli MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə gəlinidir. Oğlu Cavabdeh1la və sonuncunun ailəsi ilə xeyli müddətdir ki, yola getmirlər. Bu səbəbdən, məcburiyyət qarşısında qalaraq, bir neçə ildir ki, qızının evində məskunlaşmışdır, qızıgilə maneçilik törədir. Öz evində də yaşamağa imkan vermirlər. Hətta qızı gəlib evdə ona baxmaq istədiyi vaxt qızının ünvanına atmaca atırlar, qızına qarşı da hörmətsizlik edirlər ki, evdə qalmasın. Baxanı, ona qulluq edən də olmayanda, məcburiyyət qarşısında qalıb öz evini tərk edir. Yaşlı insandır. Bu haqsızlıqlara dözə bilmir. Ona qarşı olan pis rəftara görə öz xüsusi mülkiyyəti olan evdə yaşaya bilmir. Ona bildirirlər ki, ev özlərinin olacaq, onun deyil. Gəlini və nəvəsi onu nalayiq söyüşlərlə təhqir edirlər. Üstünə hücum çəkirlər. Artıq belə bir şəraitdə birlikdə yaşamaları qeyri-mümkündür. Belə ki, hazırda cavabdehin və ailəsinin onun mülkiyyətində onunla yaşaması qeyri-mümkündür. Ona mülkiyyətində sakit, normal yaşamasına heç cür imkan verilmir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Öncəki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X2 iddia ərizəsində göstərilənləri təsdiqləyərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsində göstərilənləri qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəməyə ərizə göndərərək, iddianı özünə və uşaqlarına aid hissədə tam qəbul etdiyini, təzminat istəmədiyini, heç bir şikayət və tələbi olmadığını, eləcə də, işlə əlaqədar olaraq məhkəmə iclaslarına gələ bilmədiyini bildirərək, məhkəmədən məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə Cavabdeh1 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı və Cavabdeh2 izahatlarını, İddiaçı vəkili X1 çıxışını dinləyib mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi M.Ə.Sabir küçəsi 4 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 8768 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Ələt qəsəbəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli 08 saylı arayışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi M.Ə.Sabir küçəsi 4 A saylı ev İddiaçı məxsus olmaqla, Cavabdeh1, onun övladları və bacıları həmin evdə qeydiyyatdadırlar. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı oğlu Cavabdeh1 Cavabdeh2 ilə ailə qurmuş, sonuncunu anasına məxsus evə gəlin gətirmiş, anasına məxsus evdə yaşadıqları dövrdə Cavabdeh1la Cavabdeh2 xx.xx.2009-cu il tarixdə Məhəmməd, xx.xx.2011-ci il tarixdə Qönçə, xx.xx.2013-cü il tarixdə Yusif, xx.xx.2016-cı il tarixdə Ömər adlı 4 övladları doğulmuşlar. Cavabdeh2 fərdi yaşayış evinə gəlin gəlib yaşasa da, mülkiyyətçi olan İddiaçı ilə aralarında notarial qaydada razılaşma bağlanmamışdır. Cavabdehlərdən Cavabdeh1 evdən istifadə hüququ olsa da, Cavabdeh2 həmin evdən istifadə hüququ yoxdur. Cavabdehlər iddiaçının özünə məxsus fərdi yaşayış evində rahat şəkildə yaşamasına imkan vermədiklərindən və iddiaçının mülkiyyət hüququ kobud şəkildə pozulduğundan, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007ci il tarixli qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, əgər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edirdisə, 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş MM-in 228.1-ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Göründüyü kimi, mənzildən mülkiyyətçinin ailə üzvü kimi istifadə hüququ olan Cavabdeh1 iddianı etiraf edir, istifadə hüququnun itirilməsi üçün kompensasiya tələb etmir. Digər Cavabdeh2 isə mülkiyyətçi ilə arasında notarial qaydada müqavilə bağlanmamışdır və yuxarıda qeyd olunan evdən istifadə hüququ yoxdur. Bu səbəbdən, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən göründüyü kimi məhkəməyə iddia ərizəsi təqdim olunması üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 ünvan 1 saylı evdən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı övladları və əşyaları ilə birlikdə ünvan 1 ünvandan çıxarılmalıdırlar. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ünvan 1 saylı evdən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı övladları və əşyaları ilə birlikdə ünvan 1 ünvandan çıxarılsınlar. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar