Məhkəmə qərarları › İş №2(002)-1936/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1936/2021

02.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1936/2021 02.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 21.09.2002-ci ildə Bakı şəhərində anadan olmuş qızı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, X5 21.09.2002-ci ildə Bakı şəhərində anadan olmaqla onun qızıdır. Səmidə xəstə olmaqla diaqnozu “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllıq, kobud nitq və davranış pozuntuları” olmaqla 1-ci qrup əlildir, mütəmadi olaraq müalicə olunur, kənar şəxsin qulluğuna ehtiyacı vardır. Güründüyü kimi Səmidəyə xüsusi qulluq olunmaqla ona kiminsə baxması zəruridir və qəyyum təyin edilməlidir. Odur ki, qızının fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Ona görə də o, qızının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPMnin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, ərizəyə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, X4 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntusu diaqnozu qoyulmuşdur və kənar şəxslərin himayəsinə ehtiyacı vardır. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 124 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 138 saylı, 01.06.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Qaradağ rayonu, Müşfiqabad qəsəbədi, 3B saylı evin 6 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının 03.08.2020-ci il tarixli, 1705 saylı rəyindən görünür ki, X3 ağır əqli gerilik davranış pozuntuları (F72) qeyd olunur. Bunu anamnestik məlumatlarkörpəlikdən psixofiziki inkişafdan geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə oxuya bilməməsi, yardımçı məktəbdə təhsil alsa da elementar biliklərə yiyələnə bilməməsi, xəstəliyi ilə əlaqədar İ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-ünsiyyətə çətin daxil olması, ona ünvanlanan sualların bir qismini başa düşməməsi, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, davranışı üzərində nəzarətinin zəifləməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və s. sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinmişdir ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların) ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə ərizəçinin izahatını, yuxarıda qeyd olunan sübutları, o cümlədən ekspert rəyini və qanunvericiliyin normalarını nəzərə alaraq müəyyən edir ki, ərizəçinin 21.09.2002-ci ildə Bakı şəhərində anadan olmuş qızı X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 317 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 21.09.2002-ci ildə Bakı şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar