Məhkəmə qərarları › İş №2(002)-194/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-194/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-194/2021 02.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehlər Cavabdeh3, Cavabdeh4 qanuni nümayəndəsi və Cavabdeh2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2 (yetkinlik yaşına çatmamış ailə üzvləri Cavabdeh3 və Cavabdeh4 ilə birlikdə) qarşı xx xxxxxx 2019-cu il tarixli, 23/40 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müvəqqəti istifadələrinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Qobu 2 yeni yaşayış kompleksində bina 23-də yerləşən 40 nömrəli 2 otaqlı mənzilə dair xx xxxxxx 2019-cu il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və onların həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası» təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirirlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verir, qeyri-qanuni öz aralarında alğı-satqı edir və yaxud ümumiyyətlə həmin mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx xxxxxx 2019-cu il 23/40 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Cavabdeh1 3 nəfər ailə üzvü ilə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Qaradağ rayonunda məcburi köçkünlər üçün inşa edilmiş Qobu 2 Yeni yaşayış kompleksində yerləşən 23 saylı binanın 40 nömrəli 2 otaqlı mənzili ilə təmin edilmişdir. Qaradağ rayonunda məcburi köçkünlər üçün inşa edilmiş həmin qəsəbənin (Qobu 2 qəsəbəsi) Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və ailə üzvlərinin 40 nömrəli mənzildə yaşamadığı Rusiya Federasiyasında yaşadığı müəyyən edilmişdir. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7-ci bəndlərinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, Cavabdeh1 və ailə üzvləri onlara verilmiş mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.2 və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, Qaydanın 3.7-ci bəndinin tələbinə uyğun olaraq, müvafiq tədbirlər görülməlidir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Komitənin Mənzil-istismar departamenti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 23/40 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7, 5.7.1, 5.7.2, 5.7.3-cü bəndlərinə istinad edən iddiaçı hesab edir ki, Cavabdeh1 və ailə üzvlərinin onlara verilmiş - Bakı şəhəri Qaradağ rayonunda məcburi köçkünlər üçün inşa edilmiş QobuPark yeni yaşayış qəsəbəsində yerləşən 23 saylı binanın 40 nömrəli mənzilində yaşamadığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, Mülki Məcəllənin 157.2, Mənzil Məcəlləsinin 91, 98, 100-cü maddələrinə istinad edən iddiaçı vurğulamışdır ki, cavabdeh tərəfindən kirayə müqaviləsinin şərtləri pozulduğundan onunla iddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 23/40 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 qanuni nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, Cavabdeh1 Rusiya Federasiyasında qalmağa məcbur olması pandemiya dövründə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərlə bağlı olmuşdur. Bu səbəbdən Cavabdeh1 onu Azərbaycan Respublikasına göndərə bilmiş, xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycana gəlmişdir. Lakin Cavabdeh1 qalan işləri görüb Azərbaycana qayıtmaq istəsə də, bu mümkün olmamışdır. Çünki, noyabr ayında yenidən sərt lokdaun tətbiq edilmiş və sərhədlər bağlanmışdır. Ona görə də, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi X2 və cavabdehlər Cavabdeh3, Cavabdeh4 qanuni nümayəndəsi və Cavabdeh2 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 23/40 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Qobu 2 qəsəbəsindəki 23 saylı binada yerləşən 40 nömrəli 2 otaqlı mənzil 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı və iki övladı) Cavabdeh1 kirayə verilmişdir. Kirayə müqaviləsi bağlanarkən Cavabdeh1 Azərbaycan Respublikasında olmuşdur. Dövlət Sərhəd Xidmətinin müvafiq məlumatından (dövlət sərhəddindən hərəkət barədə İAMAS bazasından çıxarış) göründüyü kimi, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan hüdudlarına daxil olmuşdur və xx xxxxxx 2019-cu il tarixədək Azərbaycan Respublikasında olmuşdur. Sonuncunun həyat yoldaşı Cavabdeh2 isə xx xxxxxx 2012-ci il tarixdən Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuşdur və yalnız xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycana qayıtmışdır. Cavabdeh1 anası, vətəndaş X1 məhkəməyə göndərdiyi xx xxxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, ailələri məcburi köçkün düşdükləri vaxtdan 2019-cu ilədək Yasamal rayonu Qızıl Şərq küçəsi bina 289 mənzil 3 ünvanda məskunlaşmışlar. Yaşadıqları bina 2 mərtəbəli yerli sakinlərin də yaşadığı 2 qaçqın evi olan yaşayış binası idi. Yəni həmin bina nə yataqxana, nə də yaşayışa yararsız zirzəmi və ya qəzalı bina olmamışdır. 27 ildən sonra yaşadıqları bina X6 tərəfindən alınmış və onlar məcburi köçkünlərin binadan köçürülmələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə olunmuşdur. Burada qeydiyyatda olan bütün ailə üzvlərinin mənzillərlə təmin olunması üçün, oğlu Cavabdeh1 Ələmşah oğlunun özünün ailə vəziyyəti nəzərə alınaraq bina 23 blok 1 mənzil 40-ın sənədləri və açarları Cavabdeh1 təqdim olunmuşdur. Oğlunun ailəsində problem olduğu üçün ailəsi Rusiya Federasiyasında olmuşdur. Oğlu Yaşar ailəsini Rusiya Federasiyasından Azərbaycana, məcburi köçkün kimi təmin edildiyi mənzilə gətirmək üçün Azərbaycanı müvəqqəti tərk etmişdir. Sonra pandemiya ilə bağlı sərhədlər bağlanmış və sonuncular Azərbaycana qayıda bilməmişlər. Göründüyü kimi, iddiaçı cavabdehlərin müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyərək, onlara verilmiş yaşayış sahəsindən istifadə etmədiklərini əsas gətirərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 2019-cu ilin dekabr ayının ortalarında Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başlamış koronavirus pandemiyası ilə bağlı dünya dövlətləri tərəfindən müxtəlif məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi qərara alınmışdır. Digər önləyici tədbirlərlə yanaşı, ölkələr arasında gediş-gəliş qadağan edilmişdir. Bütün səfərlər təxirə salınmışdır. Bu vəziyyət sıravi vətənlaşlardan tutmuş, ölkələrin hərbi-siyasi elitalarına, ölkələrin iqtisadiyyatlarına və bir çox digər sahələrə ciddi təsir etmişdir. Dünya ölkələri hələ də bu koronavirus pandemiyasının təsiri altındadır. Ölkələr bu vəziyyətdən minimum itkilərlə çıxmağa çalışsalar da, vəziyyət çox ciddidir. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında gediş-gəlişin məhdudlaşdırılması (qadağan edilməsi) nəticəsində, burada səfərdə olan Rusiya Federasiyasının vətəndaşları Azərbaycanda qalmağa, Rusiya Federasiyasında səfərdə olan Azərbaycan vətəndaşları isə orada qalmağa məcbur olmuşlar. Bu müddət ərzində, insanlar daimi yaşayış yerlərindən kənarda qalmağa məcbur olmuş və bu, onların iradələrinin ziddinə olaraq, özləri istəmədən baş vermişdir. Hazırkı iş üzrə Cavabdeh1 Rusiya Federasiyasında qalmağa məcbur olması pandemiya dövründə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərlə bağlı olmuşdur. Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 Azərbaycan Respublikasına göndərə bilmiş, sonuncu xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycana gəlmişdir. Cavabdeh1 qalan işləri görüb qurtararaq Azərbaycana qayıtmaq istəsə də, bu mümkün olmamışdır. Çünki, noyabr ayında yenidən sərt lokdaun tətbiq edilmiş və sərhədlər bağlanmışdır. İşin faktiki hallarından göründüyü kimi, cavabdehlərin onların müvəqqəti istifadəsinə verilmiş mənzildə yaşamaması üzrlü səbəblərlə bağlı olub, cavabdehlə bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 23/40 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx xxxxxx 2019-cu il tarixli, 23/40 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx xxxxxx 2019-cu il tarixli, 23/40 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar