Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1973/2020 24.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ləğv olunması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun ləğv olunması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, 001201 saylı akta əsasən hesablanmış 449,6 manat borcun ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, ev 8, mənzil 9 ona məxsusdur. Abonent kimi əvvəlki sakinin adı qeyd olunsa da, mənzildə yalnız özü və İ qrup əlil bacısı yaşayır. Yaşadığı ünvana 2013-cü ildə qaz sayğacı qoyulmuşdur və həmin vaxtdan qaz sayğacından istifadə edir. Qaz sayğacı smartkart tipli olmuş, hər ay təxminən 4-5 manat qaz pulu ödəmiş, heç vaxt borcu olmamışdır. Təxminən 2018-ci ildə işdən gələndə blokda yerləşən sayğacın bir qədər aralandığını görmüş, bu barədə dərhal qaz idarəsinə məlumat vermiş, səhəri gün qaz idarəsinin əməkdaşları sayğacı bərpa edərək ona bir sənədə qol çəkməsini xahiş etmişlər, o da həmin sənədi imzaladıqdan sonra getmişlər. Bundan sonra 2020-ci ilin avqust ayında həmin sayğac mexaniki sayğacla əvəz edilmiş və ona bildirilmişdir ki, 2018-ci ildə akt tərtib edilmiş və həmin akta əsasən plombun qırılması səbəbindən ona 449,6 manat borc hesablanmışdır. Daha sonra həmin aktın surətini əldə etmiş və onun əsasında qanunsuz olaraq borcun hesablandığını müəyyən etmişdir. Belə ki, o, sayğaca heç vaxt müdaxilə etməmişdir. Sayğac mənzildən kənarda, blokda yerləşdirilmişdir və həmin plombun onun tərəfindən zədələnməsi mümkün deyildir. Qaz sayğacı mənzildən kənarda yerləşdiyindən onun zədələnməsinə görə o, məsuliyyət daşımır. Ona görə də xx.xx.2018-ci il tarixli, 001201 saylı aktı qanunsuz hesab edir və akta görə hesablanmış borcun ləğv edilməsini tələb edir. Cavabdeh təşkilat onun tələblərini yerinə yetirmədiyinə görə məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 bildirdi ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, 001201 saylı aktla mənzilə aid qaz sayğacında plombun qırıldığı müəyyən edilmiş və akta əsasən dəymiş ziyan hesablanmışdır. Hesab edir ki, həmin ziyana görə məsuliyyəti iddiaçı özü daşıyır. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək müəyyən edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, həmin ərizə ilə istehlakçı ona məxsus qaz sayğacına müdaxilə etmədiyini və ona hesablanmış əsassız borcun silinməsini cavabdeh təşkilatdan xahiş etmişdir. İş materiallarında olan Bakı X3 Departamenti tərəfindən İddiaçı ünvanlanmş xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, müraciətə Cavabdeh “İstehlakçılardan daxil olmuş müraciətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiya”sı tərəfindən baxılmış və abonent hesabında düzəliş olunması məqsədəmüvafiq hesab edilməmişdir. İş materiallarında olan Cavabdeh Bakı X3 Departamentinin əməkdaşları tərəfindən tərtib edilmiş və xx xxxx 2018-ci ildə təsdiq edilmiş 001201 saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, abonent kodu **********00090 olan, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, ev 8, mənzil 9 ünvanında qaz sayğacına baxış keçirilmiş və baxış keçirilən zaman sayğacın yivli birləşməsinə vurulmuş plombun qırıldığı aşkar edilmiş, dəymiş ziyanın hesablanması tələb edilmişdir. İş materiallarında olan Cavabdeh Bakı X3 Departamentinin rəisi Zehin Rəsulov tərəfindən təsdiq edilmiş xx xxxx 2018-ci il tarixli tələbnamənin və abonentin saldosunun surətlərindən görünür ki, abonent kodu **********00090 olan, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, ev 8, mənzil 9 ünvanına dair tərtib edilmiş 001201 saylı akta əsasən 2376 m3 üçün 475,2 manat zərər hesablanmış, həmin akt üzrə faktiki borc məbləği 449,6 manat qeyd olunmuşdur. İş materiallarında olan MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, ev 8, mənzil 9 mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Beləliklə, məhkəmə iclasında iş üzrə sübutlara, o cümlədən izahatlara, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, fiziki şəxs olan istehlakçı iddiaçı üçün qaz sayğacı mənzildən kənarda yerləşən blokda quraşdırılmış və cavabdeh təşkilatın həmin qaz sayğacına maneəsiz nəzarət imkanı olmuşdur. Belə olan halda, sayğacla bağlı yaranmış problemə görə fiziki şəxs olan istehlakçının hər hansı təqsiri müəyyən edilmədiyindən və sübuta yetirilmədiyindən, habelə mövcud qanunvericiliyə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, iddiaçının barəsində xx.xx.2018-ci il tarixli, 001201 saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən borcun hesablanması əsassız hesab olunmalı, bu səbəbdən iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, 001201 saylı akta əsasən İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, ev 8, mənzil 9-a (abonent kodu: **********00090) hesablanmış 449,6 manat borc ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1973/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1973/2020
24.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver