Məhkəmə qərarları › İş №2(002)-2015/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2015/2021

08.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2015/2021 08.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 11 avqust 1966-cı il tarixli 8/4937 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin ona (Ərizəçi) məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən evi 11 avqust 1966-cı il tarixli müqaviləyə əsasən almışdır. Həmin müqavilədə onun soyadı qeyd edilməmişdir. Həmin vaxtdan da mübahisəli evdə yaşayır və orada qeydiyyatdadır. Hazırda həmin ünvanda yerləşən evin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə müraciət etsə də, sənədlərdə olan bu uyğunsuzluğa görə müəyyən problemlər yaranmışdır. Ərizədə qeyd etdiyi hüquqi faktın müəyyən edilməsi ona istifadəsində olan və hazırda yaşadıqları evə dair sənədləşdirmə aparmaq üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan (19.11.1968-ci il tarixli AZ seriyalı ******* saylı doğum haqqında şəhadətnamə – ərizəçinin övladının doğum haqqında akt qeydində ərizəçinin soyadı, Dövlət Arxivinin 01 aprel 2021-ci il tarixli arxiv arayışı və s.) görünür ki, Ərizəçi şəxsiyyəti müəyyəndir, şəxsiyyəti təsdiq edən sənədlərdə hər hansı uyğunsuzluq yoxdur. Lakin, iş materiallarına əlavə olunmuş 11 avqust 1966-cı il tarixli notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsində evi almış ərizəçinin soyadı qeyd olunmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 08.05.2021-ci il tarixli **********10 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, ərizəçidən asılı olmayan səbəblərdən səhvə yol verilərək, soyadının göstərilməməsinə görə, daşınmaz əmlak üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Göründüyü kimi, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 11 avqust 1966-cı il tarixli notarial qaydada təsdiq edilmiş 8/4937 saylı alğı-satqı müqaviləsi hazırkı iş üzrə ərizəçi – xx.xx.1936-cı il tarixdə Bakı şəhərində doğulmuş Ərizəçi məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 11 avqust 1966-cı il tarixli notarial qaydada təsdiq edilmiş 8/4937 saylı alğı-satqı müqaviləsinin hazırkı iş üzrə ərizəçi – xx.xx.1936-cı il tarixdə Bakı şəhərində doğulmuş Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11 avqust 1966-cı il tarixli notarial qaydada təsdiq edilmiş 8/4937 saylı alğı-satqı müqaviləsinin hazırkı iş üzrə ərizəçi – xx.xx.1936-cı il tarixdə Bakı şəhərində doğulmuş Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar