Məhkəmə qərarları › İş №2(002)-2118/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2118/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2118/2021 22.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı «13 noyabr 2013-cü il tarixli 10/7 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı «13 noyabr 2013-cü il tarixli 10/7 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müvəqqəti istifadələrinə verilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi bina 10-da yerləşən 7 nömrəli 4 otaqlı mənzilə dair 13 noyabr 2013-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və onların həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası» təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirirlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verir, qeyri-qanuni öz aralarında alğı-satqı edir və yaxud ümumiyyətlə həmin mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 13 noyabr 2013-cü il tarixli 10/7 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonunda məcburi köçkünlər üçün inşa edilmiş Müşfiqabad qəsəbəsində yerləşən 10 saylı binanın 7 nömrəli 4 otaqlı mənzili ilə təmin edilmişdir. Sonradan Müşfiqabad qəsəbəsinin Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 7 nömrəli mənzildə yaşamadığı müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd olunmuş ünvan üzrə istehlak olunan kommunal xidmətlərin sayğac göstəricilərinə əsasən (Azərişıq və Azərsu) cavabdeh kommunal xidmətlərdən həmin ünvanda istifadə etməmişdir. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7-ci bəndlərinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 onlara verilmiş mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.2 və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, Qaydanın 3.7-ci bəndinin tələbinə uyğun olaraq, müvafiq tədbirlər görülməlidir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Komitənin Mənzil-istismar departamenti ilə Cavabdeh1 arasında bağlanmış 13 noyabr 2013-cü il tarixli 10/7 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7, 5.7.1, 5.7.2, 5.7.3-cü bəndlərinə istinad edən iddiaçı hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 onlara verilmiş – Bakı şəhəri Qaradağ rayonunda məcburi köçkünlər üçün inşa edilmiş Müşfiqabad qəsəbəsində yerləşən 10 saylı binanın 7 nömrəli mənzilində yaşamadığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, Mülki Məcəllənin 157.2, Mənzil Məcəlləsinin 91, 98, 100-cü maddələrinə istinad edən iddiaçı vurğulamışdır ki, cavabdeh tərəfindən kirayə müqaviləsinin şərtləri pozulduğundan onunla iddiaçı arasında bağlanmış 13 noyabr 2013-cü il tarixli, 10/7 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək, mülki işə mahiyyəti üzrə baxaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin ərizəsini nəzərə alaraq hesab edir ki, mülki işə mahiyyəti üzrə baxılmalıdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 13.11.2013-cü il tarixli, 10/7 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi bina 10-da yerləşən 7 nömrəli 4 otaqlı mənzil 7 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, övladları və başqaları) Cavabdeh1 kirayə verilmişdir. İddiaçı tərəf cavabdehlərin həmin mənzildə yaşamadığını, kommunal xidmətlərdən istifadə etmədiklərini bildirərək, 05.02.2021, 02.03.2021, 08.04.2021-ci il tarixli aktlara istinad edib, hazırkı iddia ərizəsi ilə məhkəməyə mürciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər həmin mənzildə yaşamaqla, mənzildən təyinatı üzrə istifadə edirlər. Mənzildə yalnız bir yerə qonaq gedərkən, hər hansısa mərasimə gedərkən, işdə, dərsdə olarkən, dükandan, bazardan alış-veriş edərkən olmurlar. Qalan bütün vaxtlarda mənzildən təyinatı üzrə istifadə edirlər. Cavabdehlərin mübahisə predmeti olan mənzildən başqa digər yaşayış yerləri yoxdur. 2013-cü ildən indiyə qədər dövlətin onlara icarəyə verdiyi mənzildən istifadə edirlər. Mənzildə uzun müddət olmadıqları bir-iki hal olmuşdur ki, bu da rayon yerlərinə, qohumları gilə gedib, pandemiya səbəbli məhdudiyyətlərlə bağlı Bakıya qayıda bilməmələri, həmçinin Bakıda xəstəliyə yoluxma səviyyəsi çox olarkən rayon yerlərində qohumlarıgildə bir müddət qalmaları ilə, yəni üzürlü hallarla bağlıdır. İşin faktiki hallarından göründüyü kimi, cavabdehlərin onların müvəqqəti istifadəsinə verilmiş mənzildə 2021-ci ilin bəzi vaxtlarında yaşamaması üzrlü səbəblərlə bağlı olub, cavabdehlə bağlanmış 13 noyabr 2013-cü il tarixli, 10/7 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı 13 noyabr 2013-cü il tarixli, 10/7 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı 13 noyabr 2013-cü il tarixli, 10/7 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar