Məhkəmə qərarları › İş №2(002)-2122/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2122/2021

17.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2122/2021 17.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “aktın ləğv olunmasi və borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun ləğv olunmasi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən tərtib edilmiş ******* nömrəli 12 dekabr 2018-ci il tarixli aktın ləğv edilməsi və "xxxx" ASC tərəfindən onun ünvanına quraşdırılmış qaz sayğacı üzrə hesablanmış 474 ( dörd yüz yetmiş dörd) manat borcun silinməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki Cavabdeh təxminən 2008-cı il tarixdə hazırda onun yaşadığı Bakı şəhəri, ünvan 1 ünvana SMART qaz saycağı vasitəsi ilə qaz xətti çəkilmişdir. Lakin sayğac Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cı massiv, 4-cü küçədə yerləşdirilmiş və həmin qaz sayğacından qızı X1 adına olmuşdur. Həmin vaxtdan qızı həmin qaz sayğacından istifadə edir. Bundan sonra 2018-ci il tarixdə Cavabdeh əməkdaşları onu sayğac yerləşən küçənin yanna çağırmış və bildirmişlər ki, elekrtonla mexanika arasında fərq yarandığından sizin sayğac dəyişdirilməlidir. Onların təklifinə görə aradan olan mənfiyə görə o, 296 manat pul ödədi və onun yaşadığı ünvana çəkilən qaz xətti üzrə yenə də yaşadığı ünvandan kənarda olan Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cı massiv, 4-cü küçədə “yeni nəsil ağıllı sayğacı” qoydular. Həmin qaz sayğacının onun yaşadığı ünvana qoyulması barədə xahiş etsə də bildirdilər ki, bu mümkün deyildir, bu planlı şəkildə olur, nə vaxt plana düşərsiz ondan sayğac yaşadığınız ünvana qoyula bilər. Hazırda o, pul ödəyən zaman onun sayğacından əlavə pul çıxıldığına görə bu barədə cavabdeh təşkilata müraciət etmiş və ona bildirdilər ki, onun 2018-ci ildə sayğacı labaratoriyadan keçirilərkən nasazlıq yaranmış və 474 manat borc yazılmışdır. Bu barədə sənəd tələb etsə də həmin vaxt sənədlərin ona göndərilməsini bildirmişlər və buna dair ona heç bir sənəd verilməmişdir. O,sayğaca heç bir müdaxilə etməmiş, sayğac onun yaşadığı ünvandan xeyli aralıda olmaqla onun tərəfindən heç bir müdaxilə edilə bilməzdir. Həmçinin həmin sayğac 2008-cı il tarixdə qoyulmuş, istismar müddəti 5 il olan sayğac müddətindən artıq işləmişdir.Sayğacdan qızı Tünzalə istifadə etdiyinə görə öz adında məhkəmədə iddia qaldırmış və məhkəmənin 17 may 2021-ci il tarixli qərardadı ilə qızının deyil onun özünün iddia qaldırmaq hüququ olduğunu və cavabdeh təşkilata ilkin olaraq müraciət etməyi tövsiyyə edilmişdir. O, 26.05.2021-ci il tarixdə xəbərmamə ilə cavabdeh təşkilata müraicət etsə də ona rəsmi olaraq heç bir cavab verməmişlər Cavabdeh təşkilat tərəfindən akt 2018ci il tarixdə tərtib edilsə də bundan onların xəbəri olmamış, 2021-ci ilin aprel ayında ona məlum olub ki, onlara borc hesablanmışdır,amma bu barədə cavabdeh təşkilat iddiaçıya heç bir məlumat verməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, sayğac ümumiyyətlə onun evinin darvazasından kənarda yerləşir və onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş 12.12.2018-ci ildə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktın məzmunundan görünür ki, smart itron diafraqma tipli G-4 markalı **********5 nömrəli sayğac yenisi ilə əvəzlənərək Dövlət yoxlamasına göndərilmişdir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş AR Dövlət Neft Şirkəti Cavabdeh İB-nin 28.02.2019-cu il tarixli ******* saylı aktında qeyd edilmişdir ki, 1402AZ**********04 nömrəli sayğacın dövlət yoxlamasından “sayğacın qoruyucu örtüyünün üzərində olan plombların rəngi fərqlidir, Alaral rejimində işləyib” rəyi verilmişdir. Bakı Regional Qazın Satışı Departamentindən X2 müraciətinə 01.03.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Araşdırma zamanı evinizi təbii qazla təchiz edən qaz xəttinin üzərində quraşdırılmış əvvəlcədən ödənişli G-4 markalı 1402AZ**********04 nömrəli qaz sayğacı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 12.12.2018-ci il tarixli ******* saylı akt tərtib edilməklə yeni əvvəlcədən ödənişli G-4 markalı **********5 nömrəli qaz sayğacı ilə əvəzlənərək yoxlamaya göndərildiyi müəyyən olunmuşdur. "Metrologiya Departamenti, Sayğacların müayinəsi laboratoriyasının 06.02.2019-cu il tarixli MSK 29/1710-02666 saylı aktında "Xətalar normadan artıqdır, sayğac FO-44 rejimindən çıxarıldı, klapanı işlək deyil, yivli birləşmələri korroziyaya uğrayıb, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plomblarının rəngi fərqlidir, mexaniki göstəricidə 00163 əks olunur, sayğacın yaddaş arxivi Cavabdeh İB-nin nümayəndəsi tərəfindən oxundu, sayğacda istismar müddətində 18.02.2018-ci il tarixində 2 dəfə ALARM-1 rejimi aşkar olundu” qeyd edilmişdir. Bu səbəbdən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28.02.2019-cu il tarixli ******* nömrəli akt tərtib olunaraq 421,20 manat məbləğində dəymiş ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş AR Dövlət Neft Şirkəti Cavabdeh İB-nin 28.02.2019-cu il tarixli ******* saylı aktında qeyd edilmişdir ki, 1402AZ**********04 nömrəli sayğacın qoruyucu örtüyünün üzərindəki plombların rəngi fərqlidir, ALARM-1 rejimində işləyib“ rəyi verilmişdir Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 421,2 manat məbləğində borc hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin borc məbləği ilə razılaşmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» 19.09.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki,istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin çölündə yerləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mənzilində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan itirilmiş qaz sərfiyyatına və sayğacın dəyərinə görə pul tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı İddiaçı yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanına (abonent kodu: **********00151) hesablanmış 421,2 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanına (abonent kodu: **********00151) hesablanmış 421(dörd yüz iyirmi bir) manat 20(iyirmi) qəpik məbləğində borc Cavabdeh tərəfindən silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar