Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2155/2024 13.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 və Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 4354,56 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi 16 saylı evdə yaşayırlar. Cavabdeh ilə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən yaşadıqları ünvana qaz sayğacı quraşdırılmışdır. Sayğac quraşdırılarkən əsas xəttin sayğaca gələn hissəsinə hərəkət edən döngələr quraşdırılmışdır, bu səbəbdən sayğac yuxarı və aşağı hərəkət edirdi. Bu barədə iddiaçı qaz idarəsinin əməkdaşlarına müraciət edərək bütün döngələri ləğv etmələrini xahiş etmiş, lakin onlar buna əhəmiyyət verməmişlər. Həmçinin sayğac üçün qutu da quraşdırılmamışdır. Sayğac evin hasarının çöl hissəsində, yəni küçədə quraşdırılmışdır. İddiaçı və onun ailəsi tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir. Qaz idarəsinin əməkdaşları onların iştirakı olmadan gəlib 30 dekabr 2022-ci il tarixdə sayğacda olan nöqsan barədə akt tərtib etmişlər. Tərtib edilmiş 30 dekabr 2022-ci il tarixli aktda “əraziyə baxış keçirildi, qeyd olunan ünvanda quraşdırılan qaz sayğacının üfüqi vəziyyətə gətirildiyi və nəticədə qazın sərfiyyatının qeyd olunmasının qarşısının alındığı aşkar olundu” kimi ifadələr qeyd edilmişdir. Aktda guya həmin aktın iddiaçıya təqdim edildiyi və imza etməkdən imtina edildi kimi qeydlər olsa da, həmin aktdan onların xəbəri olmamışdır. Qaz sayğacının plombu üzərində olmuş və gözlə görünən hər hansı bir nöqsan aşkar edilməmişdir. Bir daha qeyd edir ki, sayğac üfiqi vəziyyətə iddiaçı tərəfindən gətirilməmişdir. Ona görə də iddiaçıya cərimə yazılması qanunsuzdur. Belə ki, sayğac həyətdən kənarda yerləşir, qaz sayğacının üfiqi vəziyyətdə dayanmasına onların heç bir aidiyyəti yoxdur. Sayğac kənar şəxslər, eyni zamanda qaz idarəsinin əməkdaşları tərəfindən həmin vəziyyətə gətirilə bilərdi. Sayğac quraşdırılarkən elə quraşdırılmalı idi ki, onu hərəkət etdirmək mümkün olmasın. Qaz istismar idarəsinin əməkdaşlarının səhlənkarlığı nəticəsində əsassız olaraq cərimə hesablanmışdır. İddiaçı vətəndaşdır və sayğaca nəzarət idarə tərəfindən edilməli idi və hər ay da nəzarət olunurdu. İddiaçı gecə-gündüz küçədə olan sayğaca nəzarət edə bilməz. Əgər sayğacda hər hansı bir nasazlıq olsaydı nəzarətçi bunu görməli idi. 30 dekabr 2022-ci ildə qeyd olunan məsələ ilə bağlı akt tərtib olunmuş və 4354,56 manat cərimə hesablanmışdır. Cavabdeh təşkilata rəsmi olaraq müraciət göndərsə də, bu günə qədər heç bir cavab verilməmişdir. Məcburiyyət qarşısında qalaraq iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, cavabdeh iddia tələbinə etiraz edir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına xx.xx.2022-ci il tarixdə baxış keçirilərkən təbii qazdan qanunsuz olaraq istifadə edilməsi aşkar olunmuş, həmin fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Belə ki, sayğac üfuqi vəziyyətə gətirilmiş və sərfiyyatı qeydə almamışdır. Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 4354,56 manat maddi zərərin Cavabdeh İByə dəymiş olduğu müəyyən olunmuşdur. Eyni zamanda Cavabdeh tərəfindən 17 yanvar 2023-cü il tarixdə məktubla iddiaçının qanunsuz hərəkətləri barədə müvafiq tədbirlərin görülməsi üçün Bakı şəhər Baş Polis İdarəsinə müraciət edilmiş, lakin bu günə qədər müraciətin nəticəsi barədə məlumat verilməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının fərdi yaşayış evinə quraşdırılan sayğac xx.xx.2018-ci il tarixdən bu günə kimi iddiaçının istifadəsindədir, baxış zamanı iddiaçının mənzilinə quraşdırılmış sayğacda hər hansı nöqsan aşkar edilməmişdir. Hazırki mülki işdə dəymiş ziyana görə tələb olunan məbləğ sayğaca müdaxilə ilə bağlı deyil, sayğacın üfiqi vəziyyətə gətirilərək təbii qazdan qanunsuz istifadə edilməsi ilə bağlıdır. Sayğac üfüqi vəziyyətə gətirilərək sayğacın qaz sərfini hesablamasına maneə törədilmiş, nəticədə qaz sayğacından keçən qaz sərfiyyatı üzrə hesabat düzgün aparılmamışdır. Ona görə də akta əsasən hesablanmış məbləğ əsaslıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı bölməsində böyük mühəndis vəzifəsində işləyir. Ümumiyyətlə qaz itkisinin qarşısının alınması məqsədilə ərazilərdə vaxtaşırı reydlər keçirilir. Həmçinin, nəzarətçilər tərəfindən mütəmadi yoxlamalar həyata keçirilir. İddiaçının yaşadığı ünvana baxış zamanı müəyyən edildi ki, quraşdırılan qaz sayğacı üfüqi vəziyyətdədir və bu vəziyyətdə keçən qazın həcmi qeydə alınmır. Bu səbəbdən fotoşəkillər çəkilərək akt tərtib olunmuşdur. Sayğac küçədə yerləşirdi və hər hansı kənar xətt yox idi, aşkar edilən nöqsan qaz sayğacının üfuqi vəziyyətə gətirilməsi nəticəsində yaranmışdı. Məhkəmə, izahatları və şahidin ifadəsini dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək müəyyən edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, paylayıcı Cavabdeh İB bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı İddiaçı keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Cavabdeh İB tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.1.10-cu bəndinə əsasən, istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq paylayıcının vəzifəsidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın və fotoşəkillərin surətlərindən görünür ki, abonent kodu **********00000 olan İddiaçı məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, qeyd olunan ünvanda quraşdırılan qaz sayğacının üfüqi vəziyyətə gətirildiyi və nəticədə qazın sərfiyyatının qeyd olunmasının qarşısının alındığı aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən abonentə 36288 m3 həcmində məbləğ hesablanmışdır. İş materiallarında olan **********00000 kod nömrəli abonentin saldosundan və çıxarışdan görünür ki, abonentin 2022-ci ilin dekabr ayında akta əsasən 4354,56 manat borcunun yarandığı qeyd olunmuşdur. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən izahatlara, şahid ifadəsinə, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, fiziki şəxs olan istehlakçı iddiaçı üçün qaz sayğacı yaşayış evindən kənarda quraşdırılmış və cavabdeh təşkilatın həmin qaz sayğacına maneəsiz nəzarət imkanı olmuşdur. Belə olan halda, sayğacla bağlı yaranmış problemə görə fiziki şəxs olan istehlakçının hər hansı təqsiri müəyyən edilmədiyindən və sübuta yetirilmədiyindən, habelə mövcud qanunvericiliyə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, iddiaçının barəsində xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən borcun hesablanması əsassız hesab olunmalı, bu səbəbdən iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə cavabdeh tərəfin etirazında göstərilən dəlillərlə bağlı həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən istehlakçının sayğaca müdaxilə və ya qaz xəttinə qanunsuz qoşulma ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir, ona görə də həmin dəlillər əsaslı hesab oluna bilməz. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, abonentin təqsirli olması müvafiq orqanın qərarı və ya məhkəmənin qərarı ilə təsdiq edilmədən, hesablanmış məbləğin abonentdən tələb edilməsi əsassızdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə, qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022ci il tarixli, ******* saylı akta əsasən abonent kodu **********00000 olan İddiaçı hesablanmış 4354,56 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2155/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2155/2024
13.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver