Məhkəmə qərarları › İş №2(002)-218/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-218/2024

13.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-218/2024 13.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi İddiaçı nümayəndəsi (əri) X3 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “ əsassız hesablanmış kommunal borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış kommunal borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz” İB Bakı RQSD-nin nümayəndələri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmas haqqında tərtib edilmiş xx.xx.2023 tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi, qanunsuz olaraq itirilmiş qazın bərpası adı ilə Cavabdeh İB hesabına tutulmuş pul vəsaitinin özümə qaytarılması ,ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi şəxsi mülkiyyətindədir. Evin istilik sisteminə və isti suya olan tələbatının ödənilməsi üçün orada bir ədəd kombi, bir ədəd 4 gözlü qaz plitəsi(PQ4), bir ədəd su qızdırıcısı(düz axımlı) quraşdırılmışdır. Qaz təchizatı SOCAR Cavabdeh İB ilə bağladığı qazın alğı-satqısı Müqaviləsi əsasında təmin olunur.“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə və “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə uyğun olaraq qaz paylayıcısı ilə balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün xx.xx.2019 cu il tarixdə G-6 İTRON DİAFRAQMA markalı, 1805AZ**********25 Ns-li “Smart-kart” tipli qaz sayğacı quraşdırılmışdır.Ailə üzvlərindən heç kim “Smart-kart” tipli qaz sayğacın “Smartkart” tipli qaz sayğacının funksiyalarını bilmir. Yalnız 4-5 gündən bir “Smart Kart”a yüklədiyim müvafiq miqdarda pul vəsaitini hesablaşma sayğacına köçürməklə istehlak edəcəyi qaz sərfiyyatı haqqını əvvəlcədən ödəyir. Qaz hasilatına dair ağıllı sayğacdan müasir internet şəbəkəsi vasitəsilə istehlakçıya ötürülən məlumatlar qaz paylayıcısında olur.18 aprel 2023-cü il tarixdə Cavabdeh İB Bakı RQSD-nin 3 nəfər nümayəndəsi tərəfindən yuxarıda qeyd etdiyi qaz paylayıcısının hesablaşma sayğacının hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi faktı aşkar edilərək sayğac yenisi ilə əvəz olunmuş və nəticəsinə dair təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* N-li akt tərtib edilmişdir. Yoxlama zamanı sayğacın plombu pozulmamışdır.Plombu pozulmamış sayğac laboratoriya müayinəsindən keçirilməsi barədə məlumatım yoxdur. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsinin səbəbini Cavabdeh İB Bakı RQSD-nin əməkdaşları da bilmirlər.Tərtib edilmiş ******* Ns-li akt əsasında Cavabdeh İB Bakı RQSD-nin komissiyası plombu pozulmamış qaz sayğacında aşkar olunan qüsuru heç bir əsas olmadan mənim üzərimə qoymuş və “SOCAR” Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydalarfna əsasən qaz sayğacının maksimal saatlıq qaz sərfi 6 kubmetr, orta günlük iş rejimi 24 saat, hesabat müddəti isə 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 51.840 kubmetr hesabat aparılaraq hesablanmış (6 X 24 X 360=51.840) 6.229,44 manat məbləğində ödəniş edilməsi barədə mənə xx.xx.2023-cü il tarixli tələbnamə göndərilmişdir. Bir ədəd kombi, bir ədəd 4 gözlü qaz plitəsi(PQ4) və bir ədəd su qızdırıcısı(düz axımlı) üçün bir saatda 6 kubmetr qaz sərfiyyatının hesablanması ağılasığmaz və qəbul edilməzdir. Hal-hazırda bir sutkada mənim evimdə qaz sərfiyyatı təxminən 2-3 kubmetrdir. Qış aylarında isə bu kəmiyyət sutkada 5-6 kubmetrdən artıq olmur.Cavabdeh İB Bakı RQSD-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* Ne-li aktın təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* Ne-li aktın və itirilmiş təbii qaz dəyərinin hesablanması komissiyasının Dəymiş ziyanın bərpasına dair tələbnaməsinin aramızda bağlanmış alğısatqı Müqaviləsinin 5.2-ci bəndinin birinci cümləsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6 maddəsinə əsasən qarşılıqlı anlaşma yolu ilə ləğv olunması və münasibətin məhkəməyəqədər (pretenziya qaydasında) nizama salınması üçün xx.xx.2023-cü il tarixdə sifarişli qaydada SOCAR Cavabdeh İB-nə müraciət etmişəm. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, müraciət xx.xx.2023-cü il tarixdə SOCAR Cavabdeh İB-nin məsul əməkdaşı Paşayeva tərəfindən qəbul edilmiş və bu barədə xx.xx.2023-cü il tarixdə ona xəbərnamə daxil olmuşdur. Lakin Cavabdeh İB-nə etdiyi müraciətə 4 aydan çox müddətdə heç bir cavab verilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək, "Azəriqaz" İB tərəfindən onun ünvanına əsassız hesablanmış 6.229,44 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (əri) X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ev həyət evidir və sayğac həyətin qapısının xaricindədir. Sayğaca onlar tərəfindən heç bir müdaxilə olunmamışdır. Bu səbəbdən yaranmış borcun silinməsini və ödənilmiş dövlət rüsumunun qaytarılmasını xahiş etmişdir. . Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixdə Azemis Elektron Məhkəmə Sistemində elektron kabinət vasitəsi ilə ərizə göndərərək, iddia tələbinin rədd edilməsini xahiş edərək, bildirir ki, İddiaçı X2 iddia ərizəsi ilə Qaradağ rayon məhkəməsinə müraciət edərək sərfiyyat üzrə yaranmış 6220,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilən dəlillərdən irəli gələrək hesab edir ki, iddiaçı X1 məhkəmə qarşısında qaldırdığı iddiası tam əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir: Belə ki, iddiaçı X2 uzun müddət təbii qazdan ödəniş etməyərək istifadə etməklə Cavabdehnə 6220,80 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar əməkdaşlarımız tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına 2023-cü ilin aprel ayında yoxlama aparılmış və aşkar olmuşdur ki, iddiaçı qaz sayğacına müdaxilə etməklə Cavabdehnə 6220,80 manat həcmində ziyan vurmuşdur. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər iddiaçı X1 təbii qazdan dəyəri ödənilmədən istifadə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı yuxarıda göstərilənlər əsasında ümumi məbləğ hesablanaraq ümumilikdə 6220,80 manat həcmində qazdan istifadə edildiyi müəyyən edilmişdir.Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X7”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. İddiaçı cavabdehin etiraz ərizəsinə öz etirazını göndərərk , bildirir ki, Azəriqaz" İB Bakı RQSD-nin nümayəndələri 18 aprel 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində istehlak etdiyim qazın sərfinə görə hesablaşma aparan "Smart-kart" tipli qaz sayğacına baxış keçirərkən sayğacın hesablama mexanizminin keçən qazın həcmin iqeyd etməməsi faktını aşkar etmiş, sayğac yenisi ilə əvəz olunaraq nəticəsinə dair təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* No-li akt tərtib etmişlər. Akt əsasında "Azəriqaz" İB Bakı RQSD-nin komissiyası qaz sayğacında aşkar olunan qüsuru heç bir əsas olmadan onun üzərinə qoyaraq itirilmiş qazın bərpası üçün 51.840 kubmetr hesabat apararaq hesablanmış məbləğin ödənilməsi barədə ona xx.xx.2023-cü il tarixli tələbnamə göndərmişdir. Tələbnamənin icrası üçün xx.xx.2023-cüiltarixdə ona 6.229,44manat 44 qəpik məbləğində ödəniş xəbərnaməsi göndərilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023 tarixli,0380793 nömrəli aktın ləğv edilməsi və qazın bərpası üçün 51.840 kubmetr qaz həcminin qiyməti olan 6.229,44 manat məbləğin silinməsi barədə Qaradağ rayon məhkəməsinə iddia ərizəsi verilmişdir.İş üzrə cavabdeh tərəf Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olanvəpaylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair" təlimatın tələblərini pozmaqla müvafiq qaydada tərtib edilmədən, qeydə alınmadan kağız üzərində iddia tələbinə etiraz edərəkbildirilmişdirki, guya o uzun müddət təbii qazdan ödəniş aparmadan istifadə etməklə 6.220,80 manat dəyərində borc yaratgığını bildirmişdir. Etirazın bu hissəsini tamamilə əsassız olduğundan qəbul etmir. Belə ki, əvvəl istehlak etdiyi qazın sərfinə görə hesablaşma aparan sayğac "Smart-kart" tiplidir. Qaz hasilatına dair ağıllı sayğac müasir internet şəbəkəsi vasitəsilə paylayıcısıs tərəfindən daimi nəzarətdə olur və sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi operator tərəfindən dərhal aşkar edilir.Beləliklə,hesab edir ki,"Smart-kart"tipli sayğac vasitəsi ilə ödəniş edilmədən qazdan uzunmüddət istifadə olunması praktiki olaraq mümkün deyildir. Daha sonra, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-ci bəndində qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombun olması nəzərdə tutulur. İstehlak etdiyi qazın sərfinə görə hesablaşmaaparan sayğac yaşadığı həyət evindən kənarda, küşədə quraşdırılımışdır. Yoxlama zamanı sayğacın plombunun pozulmadığı müəyyən edilmişdir. Plombu pozulmadan sayğaca müdaxilə olunmasının yolunu bilmir. Bunadan əlavə, Qaydaların 4.8ci bəndinə görə Qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik qaz paylayıcısının üzərinə düşür. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktdan görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın dişli çarxlarının kəsildiyini və boş işlədiyini aşkar edərək, vurulmuş ziyan hesablanıb ödənilməsi rəyi verilmişdir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən **********30000 saylı abonent İddiaçı sərf elediyi qazın həcmi 51840 m3 olaraq hesablanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixində tərtib edilmiş abonentin saldosundan görünür ki, ünvan 3 ünvanı üzrə **********30000 saylı abonent kodu üzrə İddiaçı 6220,80 manat məbləğində pul hesablanmışdır. Tətbiq edilən hüquq normaları: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 3110,40 manat məbləğində borc hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin borc məbləği ilə razılaşmamışdır. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin darvazasının kənarında yerləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mənzilində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan itirilmiş qaz sərfiyyatına və sayğacın dəyərinə görə pul tələb etmişdir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və İddiaçı ünvan 3 ünvanı üzrə (abonent kodu üzrə **********30000 saylı) hesablanmış 6220,80 manat məbləğində( abonent saldosunda göstərilən qədər) borc Cavabdeh tərəfindən silinməli və iddia tələbi qalan hissəsi ilə sübut olmadığından rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 3 ünvanı üzrə (abonent kodu: **********30000) hesablanmış 6220(altı min iki yüz iyirmi) manat, 80(səksən) qəpik məbləğində borc Cavabdeh tərəfindən silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar