Məhkəmə qərarları › İş №2(002)-2180/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2180/2024

28.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2180/2024 28.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış kommunal borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış kommunal borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* saylı 16 may 2023-cü il aktın ləğv edilməsi və həmin akt əsasında "xxxx" ASC tərəfindən bizin ünvana itirilmiş qazın həcmi üçün hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi Salyan yolu 25 saylı evin 17 saylı mənzili məhrum atası X3 adına olmuş, atası 08 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Hazırda həmin evdə o, öz ailə üzvüləri ilə birlikdə yaşayır. Lakin hazırkı vaxta kimi qaz sayğacı atası X2 adınadır.Cavabdeh ilə aralarında bağlanmış müqaviləyə əsasən yaşadığı ünvana qaz sayğacı quraşdırılmışdır. Sonradan həmin qaz sayğacı yenisi ilə əvəz edilmiş və yeni qaz sayğac quraşdırılmışdır. Sayğac dəyişdirilərkən plombu üzərində olmuş və gözlə görünən hər hansı bir nöqsan aşkar edilməmişdir.Bundan sonra xx.xx.2023-cü il tarixdə isə akt tərtib edilmişdir.Həmin aktda qeyd edilmişdir ki, sayğaca müdaxilə edilmişdir.Sayğacın hesablama mexanizminə heç bir müdaxilə edilməmişdir. Çünki sayğacın plombu üstündə olmuş və sayğacın üzərində hər hansı bir qüsur olmamışdır. Həmçinin guya həmin aktın təqdim edilməsi lakin ev sahibi Xanatov tərəfindən imza etməməsi.qeyd edilmişdir. Əslində həmin akt bizim ailə üzvümüzün heç birinə təqdim edilməmişdir. Akt yazılarkm atam X5 08 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Göründüyü kimi tərtib edilmiş akt formal xarakter daşıyır. Dəyişdirilmiş sayğacın plomb üstündə olmuş və heç bir müdaxilə olmamışdır.O,vətəndaşdır və sayğaca nəzarət idarə tərəfindən edilməli idi və hər ayda nəzarət olunurdu. O, gecə-gündüz sayğaca nəzarət edə bilməz. Sayğac evdən kənarda yerləşdirilmişdir. Əgər sayğacda hər hansı bir nasazlıq olsaydı nəzarətçi bunu görməli idi və dərhal da tədbir görməli idi. Lakin heç bir əsas olmadan bizə 3110,40 manat cərimə yazılmışdır.Onun özü X6 iştirakçısıdır. Hal-hazırda ailədə 4 nəfərik. Himayəmdə anası, həyat yoldaşı və azyaşlı uşağı vardır. Hazırda özü Qarabağda işləyir. Bizə hesablanmış cərimə borcunu ödənəyə imzamınız yoxdur.Cavabdeh təşkilata rəsmi olaraq müraciət etsə də heç bir nəticəsi olmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılmasına dair dəqiqləşmə verərək, ******* saylı 16 may 2023-cü il akt əsasında "xxxx" ASC tərəfindən onun ünvanına itirilmiş qazın həcmi üçün hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh İB məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə göndərək, məhkəmə baxış iclasının onların nümayəndəsinin iştirkı olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh İB xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinə etiraz ərizəsi göndərərək, iddia tələbinin rədd edilməsini xahiş edərək, əlavə etmişdir ki, İddiaçı Cavabdehnə qarşı **********00000 istehlakçı hesabı üzrə xx.xx.2023-cü il tarixdə ******* nömrəli aktın ləğv edilməsi və akta əsasən hesablanmış 3110,4 borcun silinməsi tələbinə dair iddia qaldırmışdır. Aşağıdakılara əsasən iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. İddiaçı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində X1 nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən zaman sayğacın çıxış plastmas borrusunun deşildiyi, sayğacın LCD ekranında informasiyanın əks olunmadığı, klapanının açıq olduğu və istismara yararsız olduğu müəyyən edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə X1 nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2023-cü il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Eyni zamanda istehlakçının saldosundan mübahisəsiz qaydada görünür ki, istehlakçının sonuncu ödənişi 2021-ci ilin noyabr ayında olmuş, həmin vaxtan 2023-cü ilin may ayına kimi mənzildə yaşayış olmasına (yaşayış olmamasını təsdiq edən sübut iş materiallarında yoxdur.) qazdan istifadə edilməsinə görə heç bir ödəniş etməmişdir. Məhkəmə iddiaçının ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş AR Dövlət Neft Şirkəti Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-4848/Q001 saylı aktında qeyd edilmişdir ki, “Sayğaca ümumi baxış keçirildi, Sayğacın çıxış plastmas borusu deşilib. Sayğacın LCD ekranında informasıya əks olunmur. Klapan açıqdır, qaz keçir. Sayğac isitismara yararsızdır” rəyi verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı mənzildəki sayğac dövlət yoxlanılmasında keçirilmiş və mexanizmə müdaxilə rəyi verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli 14-2-2/3-5- 4848/Q001 saylı akta əsasən G-4 **********8 nömrəli Sayğacın plastmas borusu deşilib. xx.xx.2023-cü il tarixli ******* saylı akt ilə **********00000 saylı abonent X4 qazın həcmi 259 20 m3 hesablanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş abonentin saldosundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1assiv 7, ev 53 ünvanı üzrə **********00000 saylı abonent kodu üzrə İddiaçı 3110,40 manat məbləğində pul hesablanmışdır. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1assiv 7, ev 53 mənzil ünvanında qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 327027 saylı ölüm haqqında şəhafətnamədən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1990-ci il tarixli qərardadn görünür ki, X4 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində 7-ci massivdə torpaq sahəsi ayrılmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 3110,430 manat məbləğində borc hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu borc məbləği ilə razılaşmamış və həmin məbləğində borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə(və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə),bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanınatəqdimetməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsiniistehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-1-ci maddəsi 01 may 2022-ci il tarixdən qüvvəyə minmişdir. Abonentin saldosundan isə müəyyən olunur ki həmin borc 2023-cü ili əhatə edir. Cavabdeh İB isə iddiaçıya qarşı hər hansı bir inzibati məsuliyyət tədbiri görməmiş, iddiaçı isə məhkəmə iclasında sayğaca müdaxilə etməsini və ya qanunsuz qoşulmasını etiraf etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin kənarında yerləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mənzilində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan itirilmiş qaz sərfiyyatına və sayğacın dəyərinə görə pul tələb etmişdir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı və Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən abonent kodu **********00000 olan İddiaçı hesablanmış 3110,40 manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən abonent kodu **********00000 olan iddiaçı X4 hesablanmış 3110,40 (üç min bir yüz on manat qırx qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar