Məhkəmə qərarları › İş №2(002)-2182/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2182/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2182/2020 27.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 və Cavabdeh1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvəqqəti istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən 30 nömrəli 1 otaqlı mənzilə dair xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 65 nömrəli Qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir.Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə qeyd olunan Qaydaya əsaslanaraq daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirir. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində bəzi məcburi köçkünlərin onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmədikləri, mənzilləri kirayə verdikləri və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmədikləri müəyyən edilmişdir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cu hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri müəyyən edilmişdir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırılmaqla daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinirı xx xxxxx 2020-ci il tarixli 11/30 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Zəngilan rayonundan məcburi köçkün olan cavabdehlər Dövlət Proqramı çərçivəsində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş ‘Qobupark” yaşayış kompleksində 11 saylı binada 30 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Qaradağ rayonu “QobuPark” yaşayış kompleksinin Mənzil İstismar Sahəsinin rəisi tərəfindən aparılan araşdırma zamanı cavabdehlərin həmin mənzildə yaşamadığı və həmin mənzili kirayə verdiyi müəyyən edilmiş, bu barədə xidməti-məlumat iddia ərizəsinə əlavə edilmişdir. Odur ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri pozulduğundan, cavabdehlərə verilmiş mənzil boşaldılıb Komitəyə təhvil verilməlidir. Belə ki, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən, yaşayış sahəsindən təyinatı üzrə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək, yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək, mənzili subicarəyə verməmək kirayəçinin vəzifələridir. Həmin müqavilənin 5.7.1-ci bəndinə əsasən, kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Odur ki, kirayə müqaviləsinin qeyd olunan şərtləri cavabdehlər tərəfindən pozulduğundan, kirayə müqaviləsi ləğv edilməli və cavabdehlər mənzildən çıxarılmalıdır. Bu səbəbdən iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, digər cavabdeh onun qızıdır. Məcburi köçkün ailəsi kimi yaşayış yerinə ehtiyacları olduğundan qeyd olunan mənzil 2019-cu ilin avqust ayında onlara verilmiş, mənzilə dair müqavilə isə xx xxxxx 2020-ci il tarixdə bağlanılmışdır. Həqiqətən 2020-ci ilin mart ayından həmin mənzildə yaşamırlar və mənzili kirayə vermişlər. Belə ki, iş üzrə digər cavabdeh olan qızı Həmidli X1 qəsəbəsində müəllimə işləyir, ona görə də qızı Dürdanə ilə birlikdə Maştağa qəsəbəsində kirayədə yaşayırlar. Mənzildən gələn gəlirlə isə hazırda yaşadıqları evin kirayəsini ödəyirlər. Ona görə də iddia tələbinə etiraz edir və iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə istinad edərək, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxx 2020-ci il tarixli 11/30 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “QobuPark” yaşayış kompleksi, 11 saylı binada yerləşən 30 nömrəli 1 otaqlı mənzil məcburi köçkün Cavabdeh1 və ailə üzvünə (qızı Cavabdeh2) müvəqqəti yaşamaq üçün verilmişdir. Həmin Müqavilənin 2.4.2-ci bəndinə əsasən, kirayəçi xüsusi təyinatlı yaşayış sahəsini subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək vəzifəsini daşıyır. Həmin Müqavilənin 5.7.1-ci bəndinə əsasən, kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. İş materiallarında olan “Qobupark” Mİİ-nin rəisi tərəfindən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoruna ünvanlanmış xidməti-məlumatdan görünür ki, Qaradağ rayonu, Lökbatan qəsbəsi, “Qobupark” yaşayış kompleksi, bina 11, mənzil 30-da məskunlaşan Cavabdeh1 mənzilinə dəfələrlə getsələr də, mənzildə yaşamadığı və eyni zamanda mənzilin kirayəyə verildiyi məlum olmuşdur. Ailə üzvləri iki nəfərdən (Cavabdeh1, Cavabdeh2) ibarətdir. İş materiallarında olan “Qobupark” Mİİ-nin rəisi tərəfindən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoruna ünvanlanmış xx.xx.2020-ci il tarixli xidməti-məlumatdan görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobupark-1” yaşayış kompleksi, bina 11, mənzil 30-da məskunlaşan Cavabdeh1 mənzilinə dəfələrlə baxış keçirilmiş və mənzilin kirayəyə verildiyi məlum olmuşdur. İş materiallarında olan Bakı şəhəri üzrə X5 rayonu 255 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 206 saylı arayışdan görünür ki, Həmidli X2 rayonu 255 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Beləliklə, iş üzrə sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx xxxxx 2020-ci il tarixli 11/30 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 30 nömrəli 1 otaqlı mənzil məcburi köçkün olan cavabdehlərə müvəqqəti yaşamaq üçün verilmişdir. İddiaçı cavabdehlərin həmin mənzildə yaşamadığını, hətta mənzili kirayə verdiyini, bununla da müqavilə şərtlərinin pozulduğunu iddia edərək və “Qobupark” Mİİ-nin rəisi tərəfindən verilmiş xidməti-məlumatlara əsaslanaraq, müqavilənin ləğvini və cavabdehlərin mənzildən çıxarılmasını tələb edir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, cavabdeh tərəf mübahisəli mənzilin 2020-ci ilin mart ayından kirayəyə verildiyini özü də təsdiq edir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin əsası olan hallar (kirayə müqaviləsinin 2.4.2-ci və 5.7.1-ci bəndlərinin cavabdehlər tərəfindən pozulduğu) sübuta yetirildiyindən, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Tərəflər arasında bağlanmış xx xxxxx 2020-ci il tarixli 11/30 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 2.4.2-ci bəndinə əsasən, kirayəçi xüsusi təyinatlı yaşayış sahəsini subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək vəzifəsini daşıyır. Həmin Müqavilənin 5.7.1-ci bəndinə əsasən, kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvəqqəti istifadəsinə verilmiş ünvan 2 ünvanında yerləşən 30 nömrəli 1 otaqlı mənzilə dair xx.xx.2020-ci il tarixli 11/30 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin və cavabdehlər həmin mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar