Məhkəmə qərarları › İş №2(002)-220/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-220/2024

13.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-220/2024 13.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “ əsassız hesablanmış kommunal borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış kommunal borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* saylı 16 may 2023-cü il tarixli akt əsasında "xxxx" ASC tərəfindən onun adına (ünvanıma) hesablanmış 25920 kub metr itirilmiş qazın həcmi üçün hesablanmış məbləğin Cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə yuxarıda qeyd etdiyi Qaradağ rayonu, ünvan 1 ünvanında yaşayır. Cavabdeh tərəfindən onunla bağlanmış müqaviləyə əsasən yaşadığı ünvana 2015-ci il tarixdə “Smart” qaz sayğacı quraşdırılmışdır. Həmin qaz sayğacı xx.xx.2023-cü il tarixdə istismar müddəti bitdiyinə görə yeni mexaniki qaz sayğacı ilə əvəz edilmişdir. Bu barədə akt tərtib edilmişdir. Dəyişdirilmiş qaz sayğacında heç bir qüsur olmamış və plomb üstündə olmuşdur. 16 may 2023-cü il tarixdə isə akt tərtib etmişlər və bu barədə rəy verilmişlər. Rəydə qeyd edilir ki, guya sayğac baxışdan keçirilmiş, sayğaca müdaxilə edilməsi qeyd edilmişdir. Aktda onun tanış olduğu, güya imza etmədiyi qeyd edilmişdir. Halbuki həmin aktdan onun xəbəri olmamış, eləcə də ona imzalama üçün təqdim edilməmişdir.O, vətəndaşdır və sayğaca nəzarət idarə tərəfindən edilməli idi və hər ayda nəzarət olunurdu. O, gecə-gündüz sayğaca nəzarət edə bilməz. Əgər sayğacda hər hansı bir nasazlıq olsaydı nəzarətçi bunu görməli idi və dərhal da tədbir görməli idi. Aktda yazılmış sayğacın hesablama mexanizminə müdaxilə edilməsi mümkün deyildir.Çünki sayğacın plombu üstündə olmuş və sayğacın üzərində hər hansı bir qüsur olmamışdır. Əgər sayğacda həmin nasazlıq var idisə nəzarətçi bunu görməli və dərhal da tədbir görməli idi. Lakin mənim sayğacım istismar müddətinin bitməsi səbəbindən dəyişdirilmiş, dəyişdirlərkən də qeyd olunan nasazlıq aşkar edilmiş və heç bir əsas olmadan mənə cərimə olaraq 3146 manat borc yazılmışdır. Hər ay işlətdiyim qazı kart vasitəsilə ödəmişəm və mənim 3146 manat dəyərində təbii qazdan istifadə etməyim mümkün deyildir. Bu qədər qaz israf etmişəmsə indiyə kimi nəzarətçi hara baxırdı və bu barədə niyə tədbir görməmişdir.Eyni zamanda sayğac dəyişdirilərkən xx.xx.2023-cü il tarixdə akt tərtib edilmiş və həmin aktda sayğacın istismar müddətinin bitdiyi qeyd edilmişdir. Əgər sayğacda hər hansı bir problem olsaydı aktda qeyd edilərdi. Sonradan sayğacın hesablanma mexanikinin zədələnməsi, plomb yuvasının ətrafı zədəli olması barədə yeni akt tərtib etmişlər, hansı həmin aktdan onun xəbəri olmamışdır. Plomb yuvasının ətrafı zədəli olması gözlə görünən olmuş və bu sayğac dəyişdirilərkən görünməli idi. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək, ******* saylı 16 may 2023-cü il tarixli akt əsasında "xxxx" ASC tərəfindən onun adına (ünvanıma) hesablanmış 3110,40 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ev həyət evidir və sayğac həyətin qapısının xaricindədir.Sayğaca onlar tərəfindən heç bir müdaxilə olunmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında bildirir ki, cavabdeh sayğacı dəyişməyə aparandan onlar borclarının olmamasına dair sənəd verilmiş, lakin 6 ay sonra isə sayğaca görə borcun olmasına bildiriş gəlir. Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixdə Azemis Elektron Məhkəmə Sistemində elektron kabinət vasitəsi ilə ərizə göndərərək, iddia tələbinin rədd edilməsini xahiş edərək, bildirir ki, İddiaçı iddia ərizəsi ilə Qaradağ rayon məhkəməsinə müraciət edərək sərfiyyat üzrə yaranmış 3110,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilən dəlillərdən irəli gələrək hesab edir ki, İddiaçı məhkəmə qarşısında qaldırdığı iddiası tam əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir: Belə ki, İddiaçı uzun müddət təbii qazdan ödəniş etməyərək istifadə etməklə Cavabdehnə 3110,40 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar əməkdaşlarımız tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına 2023-cü ilin may ayında yoxlama aparılmış və aşkar olmuşdur ki, iddiaçı qaz sayğacına müdaxilə etməklə Cavabdehnə 3110,40 manat həcmində ziyan vurmuşdur. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan dəyəri ödənilmədən istifadə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı yuxarıda göstərilənlər əsasında ümumi məbləğ hesablanaraq ümumilikdə 3110,40 manat həcmində qazdan istifadə edildiyi müəyyən edilmişdir. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X1”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın məzmunundan görünür ki, sayğacın istismar müddəti bitdiyindən ilə yenisi ilə əvəzlənmişdir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş AR Dövlət Neft Şirkəti Cavabdeh İBnin xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-4180-1 saylı aktında qeyd edilmişdir ki, “Sayğaca ümumi baxış keçirildi, hesablama mexanizminin qoruyucu örtüynün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafı zədəlidir Sayğac isitismara yararsızdır” rəyi verilmişdir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktdan görünür ki, sayğaca baxış keçirilmiş, sayğaca müdaxilə edildiyindən vurulmuş ziyan hesablanıb ödənilməsi rəyi verilmişdir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-4180-1 saylı akta əsasən G-4 1402AZ**********19 nömrəli sayğacda ALARM-1 rejimi aşkarlanmış, **********00080 saylı abonent İddiaçı qazın həcmi 25920 m3 hesablanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixində tərtib edilmiş abonentin saldosundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyat küçəsi ünvanı üzrə **********00080 saylı abonent kodu üzrə İddiaçı 3110,40 manat məbləğində pul hesablanmışdır. Tətbiq edilən hüquq normaları: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 3110,40 manat məbləğində borc hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin borc məbləği ilə razılaşmamışdır. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin darvazasının kənarında yerləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mənzilində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan itirilmiş qaz sərfiyyatına və sayğacın dəyərinə görə pul tələb etmişdir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanına (abonent kodu: **********00080) hesablanmış 3110,40 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanına (abonent kodu: **********00080) hesablanmış 3110(üç min bir yüz on) manat 40(qırx) qəpik məbləğində borc Cavabdeh tərəfindən silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar