Məhkəmə qərarları › İş №2(002)-2216/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2216/2024

19.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2216/2024 19.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2024cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 777,6 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, ünvan 1 ünvanda yerləşən ev ona məxsusdur, ailə üzvləri ilə həmin evdə yaşayır. Cavabdehlə aralarında 2018-ci ildə müqavilə bağlanmış və küçə tərəfdə qaz sayğacı quraşdırılmışdır. Həmin qaz sayğacı xx.xx.2024-cü il tarixli aktla yenisi ilə əvəz edilmiş və yeni qaz sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilərkən üzərində plomb olmuş, gözlə görünən hər hansı nöqsan aşkar olunmamışdır. Sonradan isə xx.xx.2024-cü il tarixdə akt tərtib edilmiş və həmin aktda “sayğacın hesablama mexanizmini qoruyan şüşəsinin üzərinə vurulmuş plasmas borularin üzərində və ətrafında əzikçızıq izləri var” kimi qüsur qeyd edilmiş, akta əsasən 777,6 manat əlavə borc hesablanmışdır. Bildirir ki, sayğaca onun tərəfindən heç bir müdaxilə edilməmişdir, xx.xx.2024-cü il tarixli aktda qeyd edilən hallardan xəbəri yoxdur. Çünki sayğacın plombu üstündə olmuş və sayğacın üzərində hər hansı qüsur olmamışdır. xx.xx.2024-cü il tarixli akt ona təqdim edilməmiş və aktın mövcudluğundan xəbəri olmamışdır, lakin həmin aktda onun imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Sayğac evdən kənarda yerləşdirilmişdir, əgər sayğacda hər hansı bir nasazlıq olsaydı, nəzarətçi bunu görməli idi. Lakin heç bir əsas olmadan ona 777,6 manat cərimə yazılmışdır. Cavabdeh təşkilata rəsmi olaraq müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi həmçinin iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində əvəz edilmiş sayğaca baxış keçirilən zaman sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2024-cü il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək müəyyən edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, paylayıcı Cavabdeh İB bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı İddiaçı keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Cavabdeh İB tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.1.10-cu bəndinə əsasən, istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq paylayıcının vəzifəsidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvana quraşdırılmış sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, abonent kodu **********00470 olan İddiaçı məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, qeyd olunan ünvanda quraşdırılan qaz sayğacının hesablama mexanizmini qoruyan şüşəsinin üzərinə vurulan plasmas borularin üzərində və ətrafında əzik-cızıq izləri aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən abonentə 6480 m3 həcmində məbləğ hesablanmışdır. İş materiallarında olan **********00470 kod nömrəli abonentin saldosundan və çıxarışdan görünür ki, abonentin 2024-cü ilin aprel ayında akta əsasən 777,60 manat borcunun yarandığı qeyd olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, qaz sayğacı hasarın küçə tərəfində quraşdırılmışdır. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən izahatlara, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, fiziki şəxs olan istehlakçı iddiaçı üçün qaz sayğacı yaşayış evindən kənarda quraşdırılmış və cavabdeh təşkilatın həmin qaz sayğacına maneəsiz nəzarət imkanı olmuşdur. Belə olan halda, sayğacla bağlı yaranmış problemə görə fiziki şəxs olan istehlakçının hər hansı təqsiri müəyyən edilmədiyindən və sübuta yetirilmədiyindən, habelə mövcud qanunvericiliyə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, iddiaçının barəsində xx.xx.2024-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən borcun hesablanması əsassız hesab olunmalı, bu səbəbdən iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə cavabdeh tərəfin etirazında göstərilən dəlillərlə bağlı həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən istehlakçının sayğaca müdaxilə ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir, ona görə də həmin dəlillər əsaslı hesab oluna bilməz. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, abonentin təqsirli olması müvafiq orqanın qərarı və ya məhkəmənin qərarı ilə təsdiq edilmədən, hesablanmış məbləğin abonentdən tələb edilməsi əsassızdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə, qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən abonent kodu **********00470 olan İddiaçı hesablanmış 777,60 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar