Məhkəmə qərarları › İş №2(002)-2275/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2275/2023

24.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2275/2023 24.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçınun Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən tərtib olunmuş, xx.xx.2023-cü il tarixli ******* №li Akta əsasən, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi ev 17, mənzil 15 ünvanında **********00150 nömrəli sayğaca müdaxilə olunub, qaz itkisi 8640 m3 hesablanmışdır.

2. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il üzrə üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-ci il tarixli 14-2-2/3-5-4204- 1 nömrəli Aktına əsasən G-2.5 markalı 00229923 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı üst sol hissədən aralanması aşkar olunmuş, xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta əsasən **********00150 saylı abonent İddiaçı 8640 m3 qaz sərfiyyatına uyğun dəymiş ziyan həcmi hesablanmışdır.

3. İddiaçı (abonent **********00150) məxsus saldo məlumatlarından görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi ev 17, mənzil 15 ünvan, Zenner G4T mexaniki sayğac qurğusu üzrə istehlakçıya 2022-ci il üzrə 0,00 manat; 2023-cü ilin aprel ayı üzrə 1036.80 manat məbləğində borc hesablanmışdır.

İddia tələbi

4. İddiaçı X1 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* saylı 27 aprel 2023-cü il tarixli aktın ləğv edilməsi və Cavabdeh ASC tərəfindən onun adına (ünvanına) 8640 kub metr itirilmiş təbii qazın həcmi üzrə hesablanmış 1036.80 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi ev 17, mənzil 15 ünvanda yaşayır. Uzun müddətdir ki, Cavabdeh tərəfindən həmin ünvana qaz sayğac qoyulmuş və onlar hər ay nəzarətçinin bildirişi əsasında ödənişlər etmişlər. Həmin sayğac küçədə yerləşdirilmişdir. Uzun müddət istifadə etdikdən sonra xx.xx.2023-cü il tarixdə həmin sayğac ödənişli yeni qaz sayğacı ilə əvəz edilmişdir. Köhnə sayğac çıxarılaraq yenisi ilə əvəz edilmiş, köhnə sayğac onun yanında maşına atılmışdır. 27 aprel 2023-cü il tarixdə isə akt tərtib etimşlər ki, guya sayğacın hesablama mexanizminə müdaxilə edilmişdir. Aktda onun tanış olduğu, guya imza etmədiyi qeyd edilmişdir. Həmin aktdan onun xəbəri olmamış, eləcə də ona imzalama üçün təqdim edilməmişdir. O vətəndaşdır və sayğaca nəzarət idarə tərəfindən edilməli idi və hər ayda nəzarət olunurdu. Sayğac onun evindən kənarda yerləşir. Əgər sayğacda hər hansı nasazlıq olsaydı nəzarətçi bunu görməli idi və dərhal da tədbir görməli idi. Onun sayğacı istismar müddətinin bitməsi səbəbindən dəyişdirilmiş, dəyişdirilərkən də qeyd edilən nasazlıq guya aşkar edilmişdir. Heç bir əsas olmadan ona 1036.80 manat cərimə yazılması tam əsassızdır. Bu barədə cavabdeh təşkilata rəsmi olaraq müraciət etsə də heç bir nəticəsi olmamışdır. Ümumiyyətlə qeyd etməlidir ki, illər üzrə ödənişlərdəndə göründüyü kimi heç keçən 10 il ərzində aktda göstərilən məbləğ qədər o heç qaz işlətməmişdir. Əsassız yerə vətəndaşları bu kimi borclar yazılmaqla vətəndaşların hüquqlarını kobud şəkildə pozurlar. O sayğaca heç bir müdaxilə etməmiş, sayğac evin çöl hissəsində yerləşdirilmiş, sayğac dəyişdirilərkən plombu üzərində olmuş, plomba hər hansı bir müdaxilə olmamışdır. Əvvəlki sayğac istismar müddəti bitmişdir, istismar müddəti 5 il olan sayğac müddətindən artıq işlənmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

6. İddiaçı tələbin hüququ əsası kimi “İstehlakçıların müdafiəsi haqqında” xx.xx.1995-ci il tarixli Qanunun 13-cü maddəsinin 8-ci bəndinə, 17-ci, 26-cı maddələrinə; “Qaz təchizatı haqqında” Qanunun 11-ci maddəsi, 12-ci maddəsinin 5-ci bənidnə, 12-ci maddəsinin 6-cı bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad etmişdir.

7. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

8. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və bildirdi ki, onlara məxsus sayğacın istismar müddəti keçdiyi üçün cavabdehin əməkdaşları tərəfindən yenisi ilə dəyişdirilmiş, bir müddət sonra onlara cərimə hesablanmışdır ki, sayğaca müdaxilə edilib. Sayğac isə həyətdən kənarda yerləşmişdir. Halbuki, həmin sayğaca hər hansı müdaxilə edilməsi mümkünsüzdür. Aktda göstərilir ki, guya o imza etməkdən imtina etmişdir, halbuki o, nə akt görmüşdür, nə aktın tərtib edilməsində iştirak etmişdir.Evdə İran peçi yoxdur, başqa bir cihaz yoxdur, bir dənə “qızdırıcı” var, səhər evdən çıxıb axşam gəlirlər, o qədər qaz işlədilməsi mümkünsüzdür. Xəstə uşağı var, qaz sayğacına müdaxilə etmək imkanında deyildir. Göstərilənlərə əsasən hesab edir ki, həmin borc məbləği tam əsassız müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi.

9. Cavabdehə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi

10. 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.

13. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

14. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanunu

15. 17-ci maddəsinə əsasən, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanun

16. 6-2-ci bəndinə əsasən, müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür.

17. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»

18. 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

19. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

21. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

22. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

23. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

25. 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

26. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

27. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

28. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

b) Əsaslandırma

30. İddia əsaslıdır.

31. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac üzrə xx.xx.2023-cü il tarixli cavabdeh tərəfindən tərtib edilmiş aktlara əsasən sayğaca kənar müdaxilə edilməklə qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, həmin akt əsasında hesabat müddəti 90 gün qəbul edilməklə 8640 m3 qaz itkisi müəyyən edilmiş və iddiaçıya məxsus saldo məlumatlarından göründüyü kimi ona 2023-cü il üzrə isə 1036.80 manat borc hesablanmışdır. İstehlakçı cavabdehin hesablanmış olduğu ziyan məbləği və aktla razılaşmayaraq borcun silinməsini tələb edir.

32. Məhkəmə ilk növbədə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, hazırkı iddia tələbi bilavasitə qanundan irəli gəlməklə, tərəflər arasında mübahisə mülki hüquq pozuntusundan (delikt) yaranan münasibətlərə aiddir.

33. Mülki hüquq pozuntusunun (delikt) (Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələri) dizpozisiya şərtləri aşağıdakı ünsürlərdən ibarətdir: 1) əməl (hərəkət və hərəkətsizlik) 2) əməlin hüquqazidd olması 3) təqsir.

34. Hazırkı işdə əməlin baş verib-vermədiyi, iddiaçının hüquqazidd hərəkət etməsi və bu zaman təqsirli olmasının yoxlanması zamanı ilk növbədə sübutetmə yükünün düzgün müəyyən edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, kənar xəttin çəkilməklə qaz itkisinin baş verməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə məhz Cavabdeh İB-nin üzərinə düşür.

35. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı sübut qismində xx.xx.2023-cü il tarixli akta, cavabdehin özü tərəfindən tərtib edilmiş laborator akt və həmin akta əsasən hesablanmış dəymiş ziyanla bağlı tələbnaməyə istinad edilmişdir.

36. Məhkəmə qeyd edilən sübut vasitəsilə bağlı onu qeyd edir ki, həmin aktlar kserosurət olmaqla, lazımi qaydada təsdiq edilməmişdir. Halbuki mülki qanunvericiliyin tələbinə əsasən yazılı sübutlar-sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməlidir. Bundan əlavə qeyd edilən aktların tərtib edilməsində istehlakçı qismində çıxış edən iddiaçı tərəfindən imzalanmamış, həmin akt cavabdehin özü tərəfindən birtərəfli qaydada tərtib edilmiş, iddiaçı məhkəmə iclasında verdiyi izahatında aktın tərtib edilməsi zamanı ümumiyyətlə evdə olmadığın bildirmişdir. Bu hal isə həmin aktın formal olaraq tərtib edilməsi kimi qiymətləndirilməsinə əsas verir. Belə odluqda, cavabdeh tərəfindən təqdim edilmiş həmin sənədlərin iş üzrə mötəbər sübut qismində qəbul edilməsi yolverilməzdir.

37. Göründüyü kimi, cavabdeh tərəfindən isə iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması halına dair başqa heç bir sübut vasitəsi təqdim edilməmişdir. Bununla da, hazırkı mülki iş üzrə istehlakçı qismində çıxış edən iddiaçıya qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır. Bununla da, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* №li aktın əsasının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, qeyd edilən akt əsasında cavabdeh tərəfindən istehlakçı qismində iddiaçıya məxsus sayğac üzrə 1036.80 manat vurulmuş ziyan məbləği əsassız borc olaraq yazılmışdır. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir.

38. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir.

39. Bununla da, məhkəmə hazırkı mülki iş üzrə istehlakçı qismində çıxış edən iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində qaz paylayıcısına maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması halını sübut edilməmiş hesab edir. Bu da öz növbəsində iddiaçıya hesablanmış borc məbləğinin əsassız olmasını şərtləndirir. Məhkəmə qeyd edilən halları əsas götürərək hesab edir ki, iddiaçının cavabdeh qarşısında qaz sərfiyyatına görə yaranmış 1036.80 manat məbləğində pul öhdəliyinin yaranması halı aşkar olunmadığından, iddia tələbi təmin edilməlidir.

40. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar və 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, MPM-in 119-cu maddəsinin tələbi baxımından hazırkı mülki iş üzrə tərəflərin dövlət rüsumu ödəməkdən azad olunması halının nəzərə alınmasını zəruri hesab edir.

41. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, cavabdeh iddiaçının tələbdə göstərilən borcunun yaranması halını sübut edə bilməməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB-i tərəfindən ünvan 1 ünvanı üzrə (abonent kodu: **********00150 üzrə) hesablanmış 1036.80 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən silinməlidir

42. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş, ******* saylı, 27 aprel 2023-cü il tarixli akt ləğv edilsin, həmin akt əsasında İddiaçı (abonent kodu: **********00150) 8640 m3 itirilmiş qazın həcmi üzrə hesablanmış 1036.80 manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar