Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-228/2024 18.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən tərtib olunmuş, xx.xx.2023-cü il tarixli ******* №li Akta əsasən, ünvan 1 ünvanında **********00230 nömrəli sayğaca müdaxilə olunub, qaz itkisi 8640 m3 hesablanmışdır.
2. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il üzrə üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5- 6004/Q002 nömrəli Aktına əsasən G-4 markalı **********4 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan alt hissədəkinin üzərində və yuvasının ətrafında əzik-cızıq izləri aşkar olunmuş, xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta əsasən **********00230 saylı abonent İddiaçı 8640 m3 qaz sərfiyyatına uyğun dəymiş ziyan həcmi hesablanmışdır.
3. İddiaçı (abonent **********00230) məxsus saldo məlumatlarından görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Ümid qəsəbəsi, 3-cü küçə ünvanında yerləşən 23 saylı ev, Zenner G4T Smart sayğac qurğusu üzrə istehlakçıya 2023-cü ilin iyun ayı üzrə 1036.80 manat məbləğində borc hesablanmışdır. İddia tələbi
4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq onun **********00230 saylı istehlakçı hesabına 2023-cü ilin iyun ayına ******* saylı aktla yazılmış 1036 manat 80 qəpik borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən 23 saylı evdə yaşayır. Qeyd edilən yaşayış evi ona məxsusdur və həmin evə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və onunla "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında alqı-satqısı barədə" müqavilə imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən onların ünvanda qaz sayğacı quraşdırılmışdır. Onlar hər ay mütəmadi olaraq işlətdiyi qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Heç bir akt ona təqdim edilməmişdir. Akta əsasən onun ünvanına həmin tarixə 1036 manat 80 qəpik həcmində zərər hesablanmış və onun **********00230 saylı istehlakçı hesabına borc kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin öz hüquq və azadlıqlarını məhkəmələrdə müdafiəsinə təminat verir. Konstitusiyanın 60-ci maddəsinə əsasən: Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu səbəbdən hesab edirəm ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən müəyyən edilmiş ümumilikdə 1036 manat 80 qəpik cərimə pulu əsassız olduğu üçün silinməlidir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
6. İddiaçı tələbin hüququ əsası kimi “İstehlakçıların müdafiəsi haqqında” xx.xx.1995-ci il tarixli Qanunun 13-cü maddəsinin 8-ci bəndinə, 17-ci, 26-cı maddələrinə; “Qaz təchizatı haqqında” Qanunun 11-ci maddəsi, 12-ci maddəsinin 5-ci bənidnə, 12-ci maddəsinin 6-cı bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad etmişdir.
7. Cavabdeh İB iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı uzun müddət təbii qazdan ödəniş etməyərək istifadə etməklə "Azəriqaz" İsatehsalat Birliyinə saldo üzrə 1036.80 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar əməkdaşlar tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına 2023-cü ilin iyun ayında yoxlama aparılmış və iddiaçının qaz sayğacına müdaxilə etməklə təbii qazdan qeyri-qanuni istifadə aşkar olmuşdur. Nəticədə Cavabdehnə ümumilikdə 1036.80 manat həcmində ziyan vurmuşdur. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan qeyri-qanuni istifadə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı yuxarıda göstərilənlər əsasında ümumi məbləğ hesablanaraq ümumilikdə 1036.80 manat həcmində qazdan istifadə edildiyi müəyyən edilmişdir. Təsadüfi deyil ki, "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X2"nin Tədbirlər Planının 4.1.4.-cü əndində "Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi" təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir.
8. Cavabdeh etirazın hüquqi əsası kimi “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndinə, “Əhalinin təbii qazda istifadə üzrə yaranmış borcların silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsaslanmışdır.
9. Qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini, sayğacın evin kənarında olduğunu, sayğacın karopkasının onun xəbəri və icazəsi olmadan dəyişdirildiyini, hazırda borc yazılan evdə yox, oğlunun evində yaşadığını, aktı imzalamaqdan imtina etdiyini, səhərlər qazdan istifadə etdiyini, axşamlar isə qazdan istifadə etmədiyini, qış aylarında qaz borcunun 60-100 manat aralığında olduğunu bildirmiş, göstərilənlərə əsasən həmin borc məbləğinin tam əsassız müəyyən edildiyni qeyd edərək iddianın təmin edilməsini xahiş etdi.
11. Cavabdehə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.
15. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Qanunun
17. 17-ci maddəsinə əsasən, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanun
18. 6-2-ci bəndinə əsasən, müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür.
19. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
20. 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
21. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
23. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
24. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
25. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
27. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
28. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
29. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
31. İddia əsaslıdır.
32. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac üzrə xx.xx.2023-cü il tarixli cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən sayğaca kənar müdaxilə edilməklə qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, həmin akt əsasında hesabat müddəti 90 gün qəbul edilməklə 8640 m3 qaz itkisi müəyyən edilmiş və iddiaçıya məxsus saldo məlumatlarından göründüyü kimi ona 2023-cü il üzrə isə 1036.80 manat borc hesablanmışdır. İstehlakçı cavabdehin hesablanmış olduğu ziyan məbləği və aktla razılaşmayaraq borcun silinməsini tələb edir.
33. Məhkəmə ilk növbədə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, hazırkı iddia tələbi bilavasitə qanundan irəli gəlməklə, tərəflər arasında mübahisə mülki hüquq pozuntusundan (delikt) yaranan münasibətlərə aiddir.
34. Mülki hüquq pozuntusunun (delikt) (Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələri) dizpozisiya şərtləri aşağıdakı ünsürlərdən ibarətdir: əməl (hərəkət və hərəkətsizlik), əməlin hüquqazidd olması və təqsir.
35. Hazırkı işdə əməlin baş verib-vermədiyi, iddiaçının hüquqazidd hərəkət etməsi və bu zaman təqsirli olmasının yoxlanması zamanı ilk növbədə sübutetmə yükünün düzgün müəyyən edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, kənar xəttin çəkilməklə qaz itkisinin baş verməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə məhz Cavabdeh İB-nin üzərinə düşür.
36. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı sübut qismində xx.xx.2023-cü il tarixli akta, cavabdehin özü tərəfindən tərtib edilmiş laborator akt və həmin akta əsasən hesablanmış dəymiş ziyanla bağlı tələbnaməyə istinad edilmişdir.
37. Məhkəmə qeyd edilən sübut vasitəsilə bağlı onu qeyd edir ki, həmin aktlar kserosurət olmaqla, lazımi qaydada təsdiq edilməmişdir. Halbuki mülki qanunvericiliyin tələbinə əsasən yazılı sübutlar-sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməlidir. Bundan əlavə qeyd edilən aktların tərtib edilməsində istehlakçı qismində çıxış edən iddiaçı tərəfindən imzalanmamış, həmin akt cavabdehin özü tərəfindən birtərəfli qaydada tərtib edilmiş, iddiaçı məhkəmə iclasında verdiyi izahatında aktı imzalamadığını bildirmişdir. Bu hal isə həmin aktın formal olaraq tərtib edilməsi kimi qiymətləndirilməsinə əsas verir. Belə olduqda, cavabdeh tərəfindən təqdim edilmiş həmin sənədlərin iş üzrə mötəbər sübut qismində qəbul edilməsi yolverilməzdir.
38. Göründüyü kimi, cavabdeh tərəfindən isə iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması halına dair başqa heç bir sübut vasitəsi təqdim edilməmişdir. Bununla da, hazırkı mülki iş üzrə istehlakçı qismində çıxış edən iddiaçıya qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurulması halının müəyyən edilməsi və cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* №li aktın əsasının müəyyən edilməsi mümkün olmamışdır.
39. Bununla bağlı məhkəmə bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
40. Hazırkı mülki iş üzrə istehlakçı qismində çıxış edən iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində qaz paylayıcısına maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması halını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu da öz növbəsində iddiaçıya hesablanmış borc məbləğinin əsassız olmasını şərtləndirir.
41. Məhkəmə qeyd edilən halları əsas götürərək hesab edir ki, mübahisələndirilən akt əsasında cavabdeh tərəfindən istehlakçı qismində iddiaçıya məxsus sayğac üzrə 1036.80 manat vurulmuş ziyan məbləği əsassız borc olaraq yazıldığından iddia tələbi təmin edilməlidir. Məhkəmə xərcləri
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
43. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
44. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə bütün növ büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
45. Həmin qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir.
46. Məhkəmə hazırkı tələb üzrə ödənilməli olan dövlət rüsumunun “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən 30.37 manat təşkil etməsini, iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu və iddianın təmin edildiyi əsas götürərək, qanunvericliyin yuxarıda göstərilən tələblərinə əsasən qeyd edir ki, iş üzrə ödənilməli olan 51.10 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir.
47. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, cavabdeh iddiaçının tələbdə göstərilən borcunun yaranması halını sübut edə bilməməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB-i tərəfindən iddiaçıya hesablanmış 1036.80 manat məbləğində pul vəsaiti silinməlidir.
48. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh İddiaçı **********00230 saylı istehlakçı hesabına 30 iyun 2023-cü il tarixli ******* saylı aktla yazılmış 1036.80 manat məbləğində borc silinsin. İş üzrə ödənilməli olan 30.37 manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova