Məhkəmə qərarları › İş №2(002)-2301/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2301/2024

02.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2301/2024 02.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış kommunal borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış kommunal borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına əsassız yazılmış 777 manat borcun silinməsi haqqında qətnamənin qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun yaşadığı ünvan 1 kəndi ünvanında olan fərdi yaşayış evinə cavabdehin nümayəndələri tərəfindən baxış keçirilən zamanı həmin bu təbii qaz xəttinə quraşdırılmış qaz sayğacının plombunun qırıldığı bildirilmiş və bununla əlaqədar xx.xx.2024-cü il tarixində akt tərtib edilmişdir. Bu akta əsasən də ona 777 manat məbləğində cərimə yazılmışdır. Hesab edir ki, cavabdehin bu hərəkətləri həm qanunsuz, həm də əsassızdır. Belə ki, bu sayğaca baxış keçirilərkən onun iştirakı təmin edilməmiş və sayğaca müdaxilənin konkret nədən ibarət olduğu və kimin günahından baş verdiyi müəyyən edilməyərək onun barəsində qanunsuz borc hesablanmışdır. Qeyd etmək istəyir ki, cavabdeh tərəfindən AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələbləri kobud şəkildə pozulmuşdur. Həmin Qaydaların 4-cü maddəsinə əsasən: 4.1.Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır.Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, 2012-cildən 2022-ci ilədək sayğac smart idi. Bir ildən çox idir ki, mexaniki sayğac quraşdırılmışdır. Ayın axırında sərfiyyatına uyğun aylıq ödənişini edirdi. Sayğaca onlar tərəfindən heç bir müdaxilə olunmamışdır. Cavabdeh İB məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə göndərək, məhkəmə baxış iclasının onların nümayəndəsinin iştirkı olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etnişdir. Məhkəmə iddiaçının ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli tarixli ******* saylı aktdan görünür ki, ünvan 1 kəndi ünvanında olan İddiaçı məxsus fərdi yaşayış evində növbədənkənar dövlət yoxlaması keçirilmiş və 13806588 nömrəli mexaniki sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş AR Dövlət Neft Şirkəti Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli 0256 saylı aktında qeyd edilmişdir ki, “Sayğaca ümumi baxış keçirildi, Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzrəinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzik-cızıqlar mövcuddur. Sayğacın hesablama mexanizminin qoruyucu qapağı fiziki təsir nəticəsində gövdədən tamamilə ayrılmışdır. Qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır. Sayğac isitismara yararsızdır” rəyi verilmişdir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktdan görünür ki, İddiaçı şahidlərin iştirakı ilə tərtib edilmiş aktı imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən G-4 **********4 nömrəli Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzik-cızıqlar mövcuddur. Sayğacın hesablama mexanizminin qoruyucu qapağı fiziki təsir nəticəsində gövdədən tamamilə ayrılmışdır. Qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır. xx.xx.2024-cü il tarixli ******* saylı akt ilə **********00170 saylı abonent İddiaçı qazın həcmi 6480 m3 hesablanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş abonentin saldosundan görünür ki, ünvan 2 ünvanı üzrə **********00170 saylı abonent kodu üzrə İddiaçı 777,60 manat məbləğində pul hesablanmışdır. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən İddiaçı təqdim edilmiş xx.xx.2024-cü il tarixli bildirşdən görünür ki, ünvan 2 ünvanı üzrə **********00170 saylı abonent kodu üzrə İddiaçı 797 manat məbləğində borcu mövcuddur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 777,60 manat məbləğində borc hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu borc məbləği ilə razılaşmamış və 777 manat məbləğində borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmə iclasında iddia tələbini müdafiə etdi. Cavabdeh isə iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə(və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə),bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanınatəqdimetməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsiniistehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci maddəsi 01 may 2022-ci il tarixdən qüvvəyə minmişdir. Abonentin saldosundan isə müəyyən olunur ki həmin borc 2024-cü ili əhatə edir. Cavabdeh İB isə iddiaçıya qarşı hər hansı bir inzibati məsuliyyət tədbiri görməmiş, iddiaçı isə məhkəmə iclasında sayğaca müdaxilə etməsini və ya qanunsuz qoşulmasını etiraf etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin kənarında yerləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mənzilində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan itirilmiş qaz sərfiyyatına və sayğacın dəyərinə görə pul tələb etmişdir. Mülki Prosessual Məcəllənin 218.3.-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, abonent saldosunda(777,60 manat borc) və xəbərdarlıq üçün verilmiş bildirişdə (797 manat borc) borc məbləği çox yazılmasına baxmayaraq hazırda iddiaçı iddia ərizəsində yalnız 777 manat məbləğində borcun silinməsini xahiş etdiyindən, məhkəmə yalnız iddiaçının xahiş etdi tələb üzrə qətnamə qəbul edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı və Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən abonent kodu **********00170 olan İddiaçı hesablanmış 777 manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən abonent kodu **********00170 olan İddiaçı hesablanmış 777 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar