Məhkəmə qərarları › İş №2(002)-2317/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2317/2025

29.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2317/2025 29.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən **********00000 saylı abonent koduna xx.xx.2024-cü il tarixli ******* saylı akta istinad olunaraq əsassız hesablanmış 777,60 manat məbləğində borcun silinməsi və tutulmuş 43,96 manat vəsaitin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə ərizə verərək, tutulmuş 43,96 manat məbləğində pul vəsaitin geri qaytarılması hissəsində iddia tələbini azaltmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayır. Cavabdeh İB-nin işçiləri evi təbii qazla təmin edən, çöldə, heç bir qoruma vasitəsi ilə təmin edilməmiş, onun nəzarət edə bilməyəcəyi bir yerdə quraşdırılmış qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərilməsi adı ilə açaraq aparmışlar. 2024-cü ilin aprel ayında 6480 m3 (777 manat 60 qəpik) məbləğində itirilmiş qazın həcmi hesablandığı, həmin borcun və qaz sayğacına müdaxilə ilə əlaqədar ******* saylı akt tərtib edilmişdir. Bildirir ki, həmin akt əsasında yazılmış məbləğlə razı deyil, hesab edir ki, tamamilə qanunsuz yazılmış və hesablanmışdır. Çünki, o, yuxarıda qeyd etdiyi kimi, çöldə, heç bir qoruma vasitəsi ilə təchiz edilməmiş, qaydalara uyğun şəkildə quraşdırılmamış qaz sayğacına görə cavabdehlik daşımır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, **********00000 saylı abonent kodu mərhum atası X1 adınadır. Atası vəfat etmişdir. Atasından qalmış miras əmlakı qəbul etmək üçün Bakı şəhəri 45 saylı notariat ofisinə müraciət etmiş və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. O, atasının varisidir. ünvan 1 ünvanda yaşayır. Nə atası, nə özü qaz sayğacına hər hansı müdaxilə etməmişdir. Onun sayğacdan başı çıxmır, texniki bilikləri yoxdur ki, sayğaca müdaxilə etsin. Evdə yaşadığından, təbii qaz, işıq, sudan istifadə etdiyi üçün, ödənişləri həyata keçirdiyi üçün və həmin ödənişləri müvafiq qurumlar tərəfindən heç bir etiraz edilmədən qəbul olunduğu üçün, ödənişlər və s. bağlı yaranmış məsələlərdə anlaşılmazlıq, qeyri-düzgün məsələlərlə bağlı həmin qurumlara müraciət etmək hüququ da var. Ona görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borcun ödənilməsi ondan tələb olunur, sabah əsassız borca görə təbii qazın verilişi dayandırılsa, birbaşa ona ziyan vurulacaq, ona narahatçılıq yaradılacaq, onun mənafelərinə xələl gələcək. Ona görə də, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Sona Qasımova məkəməyə iddiaya etiraz göndərərək qeyd etmişdir ki, akt üzrə hesablanmış məbləğdən 43,96 manat tutma mövcud deyildir. Qeyd edilən abonent kodu üzrə iddiaçının adına heç bir sənədləşmə olmamışdır, həmin şəxslə Cavabdeh İB arasında heç bir müqavilə öhdəliyi yoxdur. Bu səbəbdən, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Cavabdehin digər nümayəndəsi Zümrüd Alıyeva 29 oktyabr 2025-ci il tarixdə məhkəməyə iddiaya etiraz göndərərək qeyd etmişdir ki, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmir. İddianın mahiyyəti ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında müqavilə öhdəliyi mövcud deyil. İddiaçı subyektiv hüququnun olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 540740 saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktda, 23 aprel 2024cü il tarixli Qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə aktda, 30 aprel 2024cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə, 30 aprel 2024-cü il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd olunmuşdur ki, Cavabdeh İB-nin əməkdaşları İddiaçı yaşadığı (abonent kodu **********00000 X1 adınadır) ünvanda istifadə olunan təbii qazın həcmini ölçən sayğacı çıxararaq, yeni sayğac quraşdırmışlar. Çıxarılmış sayğac yuxarıda qeyd edilən akta əsasən laboratoriyada yoxlanılarkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan alt zavod plastmas plombunun üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzikcızıq izlərinin olduğu aşkar edilmişdir. Cavabdeh İB tərəfindən G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6480 m3 itkiyə görə 777 manat 60 qəpik hesablanmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, sayğaca abonent tərəfindən hər hansı müdaxilə edilməmişdir, sayğac iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində yararsız hala düşməmişdir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Məhkəmə qeyd edir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir: «Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.» Qeyd olunan maddə 2022-ci ilin mayın 1-dən qüvvəyə minmişdir. Eləcə də, Qanunun 13-cü maddəsinin 8-ci hissəsi aşağıdakı redaksiyada verilmişdir: «Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). «Smart-kart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.» Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu bərədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibatı Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxan olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Analoji norma, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 6.5-ci bəndində də müəyyən edilmişdir (həmin norma yeni redaksiyada verilmişdir - 25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. «Xalq» qəzeti. 6 iyul 2023-cü il. № 138. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. 2023-cü il, № 6, maddə 878). Göründüyü kimi, Cavabdeh əməkdaşları tərəfindən Qanunun göstərilən maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, 2022-ci il mayın 1-dən sonra sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmiş, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə təsdiq edilmədən onun şəxsi hesabına borc kimi yazılaraq istehlakçıdan tələb edilmişdir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırki iş üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələbinin əsaslı olub-olmamasına qiymət verilməsi üçün kifayət edir. Göründüyü kimi, iddia əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddiaçının izahatı ilə razılaşaraq qeyd edir ki, **********00000 saylı abonent kodu iddiaçının atası, mərhum X1 adına olsa da, mənzildə faktiki olaraq İsmayıl İsmayılovun varisi olan İddiaçı yaşayır, kommunal xidmətlərdən, təbii qazdan, elektrik enerjisində, içməli sudan istifadə edir, ödənişlərin hamısı özü tərəfindən həyata keçirilir. Borc yarandığı təqdirdə həmin borcun ödənilməsi iddiaçıdan tələb olunur və iddiaçının etdiyi ödənişlər aidiyyəti hüquqi şəxslər tərəfindən qəbul edilir. Mənzilə verilən təbii qazın, elektrik enerjisinin, içməli suyun yaranacaq borc məbləğinə görə kəsiləcəyi an, iddiaçının mənafelərinə xələl gəlmiş olur. Bundan başqa, iddiaçı atasının varisi olmaqla, abonent kodunun öz adına dəyişdirilməsi üçün Cavabdehnə müraciət etmək hüququ var. Belə olduğu təqdirdə, iddiaçının subyektiv hüququnun mübahisələndirilməsi üçün hər hansı əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixli ******* saylı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» akt əsasında İddiaçı yaşadığı ünvana (abonent kodu: **********00000) itirilmiş təbii qazın həcmi üzrə hesablanmış 777 manat 60 qəpik məbləğində borc Cavabdeh İB tərəfindən silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli ******* saylı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» akt əsasında İddiaçı yaşadığı ünvana (abonent kodu: **********00000) itirilmiş təbii qazın həcmi üzrə hesablanmış 777 manat 60 qəpik məbləğində borc Cavabdeh İB tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar