Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-238/2022 31.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh1 və onun vəkili X5 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Mübarək oğluna və Cavabdeh5 oğluna qarşı «30 oktyabr 2019-cu il tarixli, 19/87 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Mübarək oğluna və Cavabdeh5 oğluna qarşı «30 oktyabr 2019-cu il tarixli, 19/87 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-2 yaşayış kompleksi bina 19-da yerləşən 87 nömrəli 3 otaqlı mənzilin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Mübarək oğlunun və Cavabdeh5 oğlunun müvəqqəti istifadələrinə verilməsinə dair 30 oktyabr 2019-cu il tarixli, 19/87 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və onların həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası» təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirirlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verir, qeyri-qanuni öz aralarında alğı-satqı edir və yaxud ümumiyyətlə həmin mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 30 oktyabr 2019-cu il tarixli, 19/87 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonunda məcburi köçkünlər üçün inşa edilmiş Lökbatan qəsəbəsində yerləşən Qobu-2 yaşayış kompleksində 19 saylı binanın 87 nömrəli 3 otaqlı mənzili ilə təmin edilmişdir. Sonradan QobuPark yaşayış kompleksi Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və ailə üzvlərinin həmin mənzildə yaşamadığı və mənzili kirayəyə verdiyi müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh1 və ailə üzvlərinin 87 nömrəli mənzildə yaşamadığı, mənzili başqa şəxsə kirayə verildiyi məlum olmuş və mənzilin başqa bir şəxsə kirayə verilməsinin qanunsuz olduğu bildirilmişdir. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7-ci bəndlərinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, Cavabdeh1 və ailə üzvlərinin mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.3 və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri pozulduğundan Cavabdeh1 verilmiş 87 nömrəli mənzil boşaldılıb Komitəyə təhvil verilməlidir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Komitənin mənzil-istismar Departamenti ilə Cavabdeh1 arasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-2 yaşayış kompleksi bina 19-da yerləşən 87 nömrəli 3 otaqlı mənzilin ona verilməsi ilə bağlı 30 oktyabr 2019-cu il tarixli, 19/87 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır. 30 oktyabr 2019-cu il tarixli 19/87 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə istinad edən iddiaçı hesab edir ki, Cavabdeh1 verilmiş mənzildə yaşamadığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, mənzili kirayə verməmişdir. Ailə üzvləri ilə həmin mənzildə yaşayır. Sadəcə olaraq işi ilə əlaqədar o, mütəmadi olaraq Kəlbəcər və Cəbrayıl rayonunda olur. Bu səbəbdən ailə üzvlərini həmin müddət ərzində qohumlarının yanında qoymalı olur. Gəldikdə isə yenə də ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayırlar. Evdə olmadığı müddət ərzində isə təhlükəsizlik baxımından qohumları vaxtaşırı evə baş çəkməli olurlar. Yaşamaq üçün digər mənzilləri yoxdur. İddia əsassızdır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 vəkili X10 çıxışında məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Mübarək oğluna və Cavabdeh5 oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Mübarək oğlunun və Cavabdeh5 oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını, Cavabdeh1 vəkili X5 çıxışını və şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, şahid X8 ifadəsində bildirdi ki, 18-ci binada, 11-ci mərtəbədə yaşayır. Mübarizi uşaqlıqdan tanıyır. Kəlbəcərdə işləyir, maşın sürür. Mübariz işi ilə əlaqədar rayonda olur. X2 ifadəsində bildirdi ki, Mübarizlə qonşudurlar, dostdurlar. Ailəvi gediş-gəlişləri var. Mübariz özü işlədiyi müddətdə burada olmur. Amma ailəsi burada olur. X1 ifadəsində bildirdi ki, Qobu Parkda yaşayır. Mübariz 19-cu binada, o isə 20-ci binada yaşayır. Mübariz Kəlbəcərdə, Cəbrayılda işləyir. Evinin əşyalarını yığanda köməklik etmişdir. Mübariz burada olanda həmin mənzildə yaşayır. İş materiallarına əlavə olunmuş 30.10.2019-cu il tarixli, 19/87 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-2 yaşayış kompleksi bina 19-da yerləşən 87 nömrəli 3 otaqlı mənzil 5 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, övladları) Cavabdeh1 kirayə verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən Cavabdeh1 verilmiş arayişdan görünür ki, o, həqiqətən 44 günlük Vətən Müharibəsindən sonra idarə etdiyi yük maşını ilə "xxxx" MMC-nin tərkibində Kəlbəcər və Cəbrayıl rayonlarının yol çəkilişi işlərində işləyir. İddiaçı tərəf cavabdehlərin həmin mənzildə yaşamadığını, mənzilin kənar şəxsə kirayə verildiyini bildirərək, iş materiallarına əlavə edilmiş aktlara istinad edib, hazırkı iddia ərizəsi ilə məhkəməyə mürciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər həmin mənzildə yaşamaqla, mənzildən təyinatı üzrə istifadə edirlər. Mənzildə yalnız bir yerə qonaq gedərkən, hər hansısa mərasimə gedərkən, işdə, dərsdə olarkən, dükandan, bazardan alış-veriş edərkən olmurlar. Qalan bütün vaxtlarda mənzildən təyinatı üzrə istifadə edirlər. Cavabdehlərin mübahisə predmeti olan mənzildən başqa digər yaşayış yerləri yoxdur. 2019-cu ildən indiyə qədər dövlətin onlara icarəyə verdiyi mənzildən istifadə edirlər. Mənzil cavabdehlər tərəfindən başqa şəxsə kirayə verilməmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Mübarək oğluna və Cavabdeh5 oğluna qarşı «30 oktyabr 2019cu il tarixli, 19/87 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Mübarək oğluna və Cavabdeh5 oğluna qarşı «30 oktyabr 2019-cu il tarixli, 19/87 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-238/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-238/2022
31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver