Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-240/2023 24.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı «aktın ləğv edilməsi əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 538 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş ******* saylı, 31 may 2022-ci il tarixli aktın ləğv edilməsi və ona əsassız olaraq hesablanmış 538 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. Onun xəbəri olmadan barəsində ******* saylı,31 may 2022-ci il tarixli akt tərtib edilmişdir. Həmin akta görə mənzilin qaz sayğacına baxış keçirilən zaman qaz itkisi aşkarlanmışdır. Sayğac laboratoriyadan keçirilmiş və rəy verilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan üst zavod plastmas plombları istilik nəticəsində ərimişdir. Nəticədə ona əsassız olaraq 538 manat məbləğində cərimə borcu yazılmışdır. Sayğaca tərəflərindən heç bir kənar müdaxilə olmamış, bu rəylə də təsdiq olunur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X2 məhkəmə iclasında iddianı əsasız hesab edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bunu onunla izah etmişdir ki, sayğaca baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sayğaca müdaxilə olunmuşdur və bununla bağlı rəy olduğunu bildirdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus abonent kodu **********04490 olan sayğac yenisi ilə əvəz edilmişdir. xx.xx.2022-ci il tarixli, ******* saylı aktda qeyd olunmuşdur ki, Cavabdeh müvafiq aktına əsasən sayğaca baxış keçirilən zaman qaz itkisi aşkarlanmışdır. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamə adlı sənəddən görünür ki, cavabdehə cəmi 4320 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. 1**********04490 saylı abonentin saldosundan görünür ki, sərf edilmiş təbii qaza görə yuxarıda qeyd olunan abonent koduna 538 manat borc hesablanmışdır. Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli, 29/1710-01990-1 saylı aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə Metrologiya Departamenti, Sayğacların müayinəsi labaratoriyasında nömrəsi **********9 olan G-4 markalı sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan üst zavod plastmas plombları istilik nəticəsində əriyib. Qeyd etmək lazımdır ki, «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci maddəsinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.8-ci maddəsinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.9-cu maddəsinin tələblərinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İşin faktiki hallarından görünür ki, sayğaca müdaxilə edilməsinin və bunun nəticəsində zərər vurulmasının İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Göründüyü kimi, iddia əsaslıdır, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 31 may 2022-ci il tarixli, ******* saylı akt ləğv edilməli, İddiaçı abunə koduna əsassız olaraq hesablanmış 538 manat məbləğində borc məbləği silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 31 may 2022-ci il tarixli, ******* saylı akt ləğv edilsin. İddiaçı abunə koduna hesablanmış 538 manat məbləğində borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-240/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-240/2023
24.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver