Məhkəmə qərarları › İş №2(002)-2438/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2438/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2438/2022 29.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh1, Cavabdeh1 vəkili X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «29 may 2019-cu il tarixli 5/61 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «29 may 2019-cu il tarixli 5/61 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvəqqəti istifadəsinə verilmiş Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış qəsəbəsində yerləşən 5 saylı evin 12 nömrəli 1 otaqlı mənzilinə dair xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və onların həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası» təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirirlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verir, qeyri-qanuni öz aralarında alğı-satqı edir və yaxud ümumiyyətlə həmin mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 29 may 2019cu il tarixli 5/61 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Abbasova X3 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış qəsəbəsində yerləşən 5 saylı evin 61 nömrəli 1 otaqlı mənzili ilə təmin edilmişdir. Sonradan həmin qəsəbənin Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 uzun müddətdir ki, həmin mənzildə yaşamadığı müəyyən edilmiş və aktlaşdırılmışdır. Göstərilən hallarla bağlı Cavabdeh1 xəbərdarlıq edilmiş, lakin cavabdeh şəxs mənzilin təhvil verilməsindən imtina etmişdir. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3.3, 3.7-ci bəndlərinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, Cavabdeh1 mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.3 və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, Qaydanın 3.7-ci bəndinin tələbinə uyğun olaraq, müvafiq tədbir görülmüşdür. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Komitənin mənzil-istismar Departamenti ilə Cavabdeh1 arasında Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış qəsəbəsində yerləşən 5 saylı evin 61 nömrəli 1 otaqlı mənzilinin ona verilməsi ilə bağlı 29 may 2019-cu il tarixli 5/61 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır. 29 may 2019-cu il tarixli 5/61 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə (5.7, 5.7.1, 5.7.2, 5.7.3), həmçinin Azərbaycan Respublikasının Kosntitusiyasına və Mənzil Məcəlləsinin aidiyyatı maddələrinə istinad edən iddiaçı hesab edir ki, Cavabdeh1 verilmiş mənzildə yaşamadığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o, həmin mənzildə yaşamaqla, mənzildən təyinatı üzrə istifadə edir. Mənzildə yalnız bir yerə qonaq gedərkən, hər hansısa mərasimə gedərkən, dükandan, bazardan alış-veriş edərkən olmur. Qalan bütün vaxtlarda mənzildən təyinatı üzrə istifadə edir. Onun mübahisə predmeti olan mənzildən başqa digər yaşayış yeri yoxdur. 2019-cu ildən indiyə qədər dövlətin ona icarəyə verdiyi mənzildən istifadə edir. Mənzil onun tərəfindən başqa şəxslərə kirayə verilməmiş, ödənişsiz əsaslarla yaşamaq üçün heç kimə təqdim olunmamışdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 vəkili X4 çıxışında iddianın təmin edilməməsi barədə qətbamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, şahid X7 ifadəsində bildirdi ki, qonşuları olduğundan cavabdehləri tanıyır. O, Ümid qəsəbəsindəki 5 nömrəli evin 65 saylı, cavabdehlər 5 saylı mənzilində yaşayır. Lakin günün çox vaxtını qaynıgildə olurlar. Qayınıgil şəhərdə olur. Cavabdehlər hazırda öz evlərində yaşayırlar. Aradabir olur ki, Qaçqınkomdan kimsə gəlir. O, qaz ambarında işləyir. Əvvəl iki nəfər yaşayırdılar, hazırda isə tək yaşayır. X1 ifadəsində bildirdi ki, o, 26 yanvar 2010-cu il tarixdən Ümid qəsəbəsi bina 5 mənzil 68 ünvanda yaşayır. O, 2-ci mərtəbədə, cavabdehlər 1-ci mərtəbədə yaşayır. Cavabdeh1 dərzi işləyir. İşi ilə əlaqədar çox vaxt evdə olmur. Digər cavabdeh isə onun övladıdır, aradabir həmin mənzilə baş çəkir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 5/61 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış qəsəbəsində yerləşən 5 saylı evin 61 nömrəli 1 otaqlı mənzili 2 nəfər ailə tərkibi ilə Cavabdeh1 kirayə verilmişdir, ailə üzvü kimi Cavabdeh2 qeyd edilmişdir. İddiaçı tərəf cavabdehlərin həmin mənzildə yaşamadığını bildirərək, iş materiallarına əlavə edilmiş aktlara istinad edib, hazırkı iddia ərizəsi ilə məhkəməyə mürciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər həmin mənzildə yaşamaqla, mənzildən təyinatı üzrə istifadə edirlər. Mənzildə yalnız bir yerə qonaq gedərkən, hər hansısa mərasimə gedərkən, dükandan, bazardan alış-veriş edərkən olmurlar. Qalan bütün vaxtlarda mənzildən təyinatı üzrə istifadə edirlər. Cavabdehlərin mübahisə predmeti olan mənzildən başqa digər yaşayış yeri yoxdur. 2019-cu ildən indiyə qədər dövlətin onlara icarəyə verdiyi mənzildən istifadə edirlər. Mənzil cavabdehlər tərəfindən başqa şəxslərə kirayə verilməmiş, ödənişsiz əsaslarla yaşamaq üçün heç kimə təqdim olunmamışdır. İşin faktiki hallarından göründüyü kimi, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «29 may 2019-cu il tarixli 5/61 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «29 may 2019-cu il tarixli 5/61 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar