Məhkəmə qərarları › İş №2(002)-245/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-245/2023

29.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-245/2023 29.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi(oğlu) Nümayəndə1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ləğv olunması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdİ: Təsviri: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ləğv olunması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaşadığı ünvan 1 ünvanında istifadə etdiyi suya görə ona əsassız hesablanmış 284 manat borcun ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 2 cavabdeh tərəfindən içməli su ilə təmin olunur. Suyun satılması və verilməsi elektron smart sayqac ilə təmin olunur.Yəni o, smart karta pulu ödəyib suyunu alıb istifadə edir. xx.xx.2022-ci il tarixdə suyunun qəlmədiyi üçün cavabdehə zənq edib xəbərdarlıq etmişdir.xx.xx.2022-ci il tarixdə cavabdehin metroloqu Asim adında şəxs yerində baxış keçirərək sayqacın əlp bağlanması səbəbindən suyun keçməməsini izah etdi.Həmin şəxs sayqacımın elektron hissəsini ayırdı, mexaniki üsuluna (yəni bir başa suyun verilməsi) keçirtdi. Dedi ki, bir ay müddətində qəlib sayğacı dəyişdirəcəklər.xx.xx.2022-ci il tarixdə ona cavabdeh tərəfindən çek qəldi, 457 manat o, ödəməlidir suya qörə. Halbuki, xx.xx.2022-ci ildən xx.xx.2022-ci tarixədək su ümümiyyətlə verilməmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək su işlənilməyib. xx.xx.2022-ci il tarixdə o, şikayət məktubu ilə cavabdehdən əsassız yazılmış borcumun silinməsini və sayqacın yenisi ilə əvəz edilməsini xahiş etdi.xx.xx.2022-ci il tarixdə Qaradağ su idarəsi məktubu ilə imtina etmişdir.xx.xx.2022-ci ildə mən "xxxx" ASC-yə şikayət məktubu ilə müraciət etmişdir.xx.xx.2022-ci il tarixdə onun sayqacı mexaniki sayqac ilə əvəz olunmuşdur. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC 457 manatdan 173 manat 83 qəpik əsasssız borcundan silmiş yerdə qalan 284 manatın ödənilməsini saxlamışdır.Hazırda cavabdeh 284 manatın ödənilməsini ondan tələb edir. əks halda suyun verilməsinin dayandırılmasının xəbərdarlıq edir. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin məzmunun uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahatında iddianı qəbul etmədiyini və iddianın rədd olunmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonent kodu **********000:26089116 olan abonent kartından görünür ki, abonent kodu **********000:26089116 olan İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 284,17 manat məbləğində su təchizatı xidmətlərinə görə borcu yaranmışdır. İş materiallarında olan Azərsu ASC-nin Nəzarət Ölçü cihazların Kalibrləmə Laboratoriyası tərəfindən tərtib edilmiş 13 fevral 2023-cü il tarixli 23969/0223428 nömrəli rəydən də görünür ki, Alfasu AS-20,Smart-kart tipli, 49823969 nömrəli suölçən cihaz Azərsu ASC-nin Nəzarət Ölçü cihazların Kalibrləmə Laboratoriyasında xx.xx.2023-cü il tarixdə yoxlanılmış və 23969/0223428 nömrəli rəy verilmişdir.Rəyin nəticəsi olaraq, Alfasu AS-20,Smart-kart tipli, 49823969 nömrəli suölçən cihaz(su sayğacı) istismara yararsızdır.(ekran işləmir) İş materiallarında olan Azərsu ASC-nin ******* nömrəli xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, Alfasu TG-15,Smart-kart tipli, 49952173 nömrəli suölçən cihaz (su sayğacı) işləmədiyindən dəyişdirilməlidir. İş materiallarında olan Azərsu ASC-nin İddiaçı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nın 7.7-ci bəndinə əsasən elektron abonent bazasında (kod-**********000) müraciətdə qeyd edilmiş ünvanın hesabında 173,83 manat məbləğində düzəliş edilmişdir.Hazırda sayğac göstəricisi 591 m³ olmaqla, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabınızda 284,17 manat borc var. Qeyd edilən borc sayğac göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir.Həmçinin bildirir ki, "xxxx" ASC-nin "Elektron su" portalında (www.esu.az) qeydiyyatdan keçərək abonent hesabınızda yaranmış qalıq borcunuzu öyrənə və ödəyə,hesab fakturalarınıza və ödənişlərinizə nəzarət edə, "Elektron müraciət" bölməsindən isə "xxxx" ASC-nə müraciət etməklə müraciətin statusunu və icra mərhələsini izləyə bilərsiniz. Eyni zamanda bildirir ki, "Sudan istifadə Qaydaları"nın 7.15-ci yarım bəndinə uyğun olaraq Sizə göndərilmiş (təqdim edilmiş) hesab üzrə gecikdirilmiş ödənişləri (qalıq borclarını) STKM ilə qarşılıqlı razılaşma əsasında hissə-hissə ödəyə bilərsiniz. Bunun üçün Qaradağ rayon Sukanal İdarəsinə yaxınlaşıb razılıq protokolu imzalamağınız tövsiyyə olunur. İş materiallarında olan Azərsu ASC-nin X1 təmiri və dəyişdirilməsinə dair xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2022-ci il tarixli əmri ilə ünvan 2 ünvanı üzrə Alfasu AS-20,Smart-kart tipli, 49823969 nömrəli suölçən cihazın dəyişdirlməsi qərara alınmış və xx.xx.2022-ci il tarixdə əmrə əsasən müvafiq ünvan üzrə su ölçən cihaz mexaniki cihazla əvəz edilərək icra edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci i ltarixli ********* nömrəli fakturadan görünür , ünvan 2 ünvanı üzrə 49823969 nömrəli sayğac üzrə 283,17 manat pul(borc) hesablanmışdır. İş materiallarında olan Azərsu ASC-nin 25 iyul 2022-ci il tarixli vətəndaşa ünvanlanmış məktubundan görünür ki, Azərsu ASC- vətəndaşa bildirirk ki, “49823969 nömrəli sayğacın elektron (elektron göstərici 132) və mexaniki (mexaniki göstərici 590) göstəriciləri arasında 458 kub fərq olduğu üçün sizə su və çirkab su xidmətindən istifadəyə görə 458 manat borc yaranmışdır. Siz 132 kuba kimi ödəniş edərək su almısınız, lakin 590 kuba kimi sudan istifadə etmisiniz. Borcunuz realdır və yaranmış borcun ödənişini təmin etməyiniz xahiş olunur. Eləcə də smart sayğac olmadığı üçün sayğacınız nasaz olduğu halda mexaniki sayğacla əvəz oluna bilər”. İş materiallarında olan vətəndaş İddiaçı Azərsu ASC-yə ünvanlanmış məktubundan görünür ki, ünvan 3 ünvanında kartlı su sayğacına xx.xx.2022-ci il tarixdə pul ödəsə də su gəlməmişdir. (çeki ərizəyə əlavə edir). O, xx.xx.2022-ci il tarixdə Qaradağ rayon Su İdarəsinə suyun gəlməməsinə görə müraciət etdi. Qaradağ su sayğacları şöbəsinin metroloqu Asim adlı şəxs su sayğacına baxış keçirdi.Sayğacın ərp bağlaması səbəbindən sayğacın işləməməsini bildirdi.xx.xx.2022-ci il tarixdə Qaradağ rayon su kanal idarəsi faktura çeki göndərmiş (çeki ərizəyə əlavə edir). Çekdə 457 manat işləməyən sayğacda yanlışlıqda ödəniləcək məbləğ göstərilmişdi. Həmin ünvanda yaşayış yoxdur. Buna sübut kimi işıq sayğacının kodunu əlavə edir. (işıq kodu: **********a0000). 2014-cü ildən qoyulmuş su sayğacının hesablanması yeni tariflə keçirilmişdir. Sayğaca heç bir müdaxilə edilməyib. Sizdən sübut kimi sayğacın laborator müayinəsinin keçirilməsini xahiş etmişdir. Cavabdeh> ASC-yə ərizə ilə müraciət edərək, Qaradağ rayon Səngəçal qəsəbəsi massiv 1, ev 1 ünvanında xarab işləməyən sayğacı yeni kartlı saycağla əvəz edilməsini və ona yalnışlıqla yazılmış 457 manatlıq hesab borcuna düzəliş edilməsini, 2014-cü ildən qoyulmuş kartlı sayğacın hesablanması yeni tariflə yox, köhnə tariflə hesablanmasını və ona yazılmış borcun silinməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə yazılı sübutlara, o cümlədən tərəflərin izahatlarına və Azərsu ASC-nin Nəzarət Ölçü cihazların Kalibrləmə Laboratoriyası tərəfindən tərtib edilmiş 13 fevral 2023-cü il tarixli 23969/0223428 nömrəli rəyə əsasən müəyyən edildi ki, fiziki şəxs olan iddiaçı yaşayış ünvanına quraşdırılan su sayğacı düzgün işləmir və istismara yararsızdır, beləliklə, həmin yararsız sayğac əsasında iddiaçının ünvanına 284 manat məbləğində borcun hesablanması əsassız hesab olunmalı, bu səbəbdən iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Tətbiq edilən hüquq normaları: Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3- cü maddəsinə görə, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 12-ci maddəsinin “b” bəndinə görə, hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla su kəmərlərindən ətraf mühitə su sızmasının aradan qaldırılmasını və belə halların baş verməsinin qarşısının alınmasını təmin etməlidir. Qanunun 30-cu maddəsinə görə, verilən suyun həcminin hesablanması qaydalarına görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Qanununun 31-ci maddəsinə görə, fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Su təchizatının düzgün ölçülməsini və qeydiyyatını təmin etmək məqsədi ilə suölçən cihazın yerinin dəyişdirilməsi, təmiri, çıxarılması, quraşdırılması, onun fəaliyyətinə mane olan amillərin aradan qaldırılması və ya hər hansı digər işlər su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi tərəfindən və ya onun iştirakı ilə aparılır. İstehlakçının suölçən cihazın dəqiqliyinin yoxlanılması üçün su təchizatı müəssisəsinə yazılı şəkildə müraciət etmək hüququ var. Su təchizatı müəssisəsi müraciət daxil olduğu gündən üç həftə müddətində istehlakçının vəsaiti hesabına belə yoxlamanı həyata keçirməyə borcludur. Qanununun 32-ci maddəsinə görə, suölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmini əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən müəyyənləşdirir. Suölçən cihazın göstəricisinin pozulması dövrünün müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Suölçən cihazın yenidən quraşdırılmasına ehtiyacı olan istehlakçı bu barədə həmin ehtiyacın yarandığı gündən yeddi gündən gec olmayaraq qabaqcadan su təchizatı müəssisəsinə yazılı müraciət etməlidir. Suölçən cihazın göstəricisi onun yenidən qurulması anında götürülür. Qanunun 61.1-ci maddəsinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə görə, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. MPM-nin 77.2-ci maddəsinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmənin mövqeyi: Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş su sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması su paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların su sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi su paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən su sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, yararsız sayğac əsasında hesablanmış borc, iddiaçı tərəfindən istifadə edilmiş su sərfiyyatını ifadə edə bilməz, bu səbəbdən həmin borc əsassız hesab edilməli və silinməlidir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, cavabdeh tərəfindən abonent qismində iddiaçıya yazılmış 284 manat məbləğdə olan borc əsassız olduğundan, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 4 ünvanı üzrə abonent qismində çıxış edən İddiaçı (abonent kodu: **********000:********) əsassız hesablanmış 284(iki yüz səksən dörd) manat borcu ləğv edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 4 ünvanı üzrə abonent qismində çıxış edən İddiaçı (abonent kodu: **********000:********) əsassız hesablanmış 284(iki yüz səksən dörd) manat borcu ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə elekton kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim : Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar