Məhkəmə qərarları › İş №2(002)-2506/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2506/2022

03.11.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2506/2022 03.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Qaradağ rayon İcra Hakimiyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Qaradağ rayon İcra Hakimiyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci ildə Cəlilabad rayonu, Tülkülü kəndində anadan olmuş həyat yoldaşı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, o, 09 noyabr 1982-ci il tarixdə X6 ilə ailə qurmuşdur. X6 xx.xx.1961-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur, onunla birlikdə ünvan 1 ünvanında yaşayır. X6 “ətrafın hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürü pozulması və afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri” diaqnozu ilə müddətsiz birinci qrup əlildir. X1 sinir pozğunluğu ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Göründüyü kimi həyat yoldaşına xüsusi qulluq olunmaqla kiminsə baxması zəruridir və ona qəyyum təyin edilməlidir. Odur ki, həyat yoldaşının fəaliyyət qabiliyyətinin olmamasının müəyyən edilməsi zəruridir. Ona görə də o, həyat yoldaşının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Qaradağ rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, ərizəyə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İİİ-JQ seriyalı 291543 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 xx.xx.1982-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Cəlilabad rayon VVADQ şöbəsində 142 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Tibbi-Sosial Ekspertiza Müayinəsindən çıxarışdan görünür ki, X6 birinci dərəcəli əlildir. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuşdur, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 09345701 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1961-ci il tarixdə Cəlilabad rayonu, Tülkülü kəndində anadan olmuşdur, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 2754 saylı rəyindən görünür ki, X4 demensiya (ağıl zəifliyi) qeyd olunur. xx.xx.1961-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş X6 öz hərəkətlərinin mənasını anlamaq və ya öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların) ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə izahatları, yuxarıda qeyd olunan sübutları, o cümlədən ekspert rəyini və qanunvericiliyin normalarını nəzərə alaraq müəyyən edir ki, ərizəçinin xx.xx.1961-ci ildə Cəlilabad rayonu, Tülkülü kəndində anadan olmuş həyat yoldaşı X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 317 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci ildə Cəlilabad rayonu, Tülkülü kəndində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar