Məhkəmə qərarları › İş №2(002)-2514/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2514/2021

01.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2514/2021 01.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X11 qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və 45 saylı notariat ofisinə qarşı «vəsiyyət üzrə vərəsəliyin qəbul edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və 45 saylı notariat ofisinə qarşı «vəsiyyət üzrə vərəsəliyin qəbul edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1ndan miras qalmış, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Vaqif Ələkbərov küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və üzərindəki 17 nömrəli evin vəsiyyət üzrə vərəsəliklə onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Vaqif Ələkbərov küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və 17 nömrəli ev, xüsusi mülkiyyət hüququ əsasında mərhum X1na məxsus olmuşdur. Həmin evi 13 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında o anasına hədiyyə etmişdir. Çünki, həmin vaxt müəyyən problemləri olduğu üçün evinin anasının adına olması məsləhət görüldü. Aralarında olan razılığa əsasən, daha sonra ev yenidən öz adına sənədləşəcəkdi. Lakin anasının vaxtsız və gözlənilməz vəfatı nəticəsində sənədləşmə işini görə bilməmişlər. 2020-ci il' tarixdə mərhum anası ilə 45 saylı Notariat ofisinə müraciət edib ki, anası evi onun övladlarına bağışlamaq istəyir. Lakin notaries bildirib ki, övladlarının soyadı başqa olduğuna görə bağışlama müqaviləsini təsdiq edə bilməz. Ev onun sahibliyində olduğu vaxtdan bu günədək, həmin evdə övladları ilə birlikdə yaşayır. Mərhum anası da, onunla birlikdə yaşamışdır. X1 04 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X12 1362 nömrəli, 04 fevral 2021-ci il tarixli arayışından da, göründüyü kimi anasının meyiti müvafiq tələblərə uyğun bükülmüş və dəfn olunması üçün qohumlarına təhvil verilmişdir. Həmin arayış ona verilmiş və anasının dəfn mərasimini o təşkil edərək, dəfn xərcləri onun tərəfindən ödənilmişdir. Bunu Qaradağ rayonu, Sahil Bələdiyyəsi tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli arayş da, təsdiq edir. Həmçinin qonşular da, yuxarıda qeyd edilənləri təsdiq edə bilərlər. Bu yaxınlarda, evdə anasının əşyalarını səliqə-səhmana salarkən, onun öz xətti ilə yazdığı vəsiyyətnaməni tapmışdır. Həmin vəsiyyətnamədə anası, evi ona verməsini açıq-aydın görsətmişdir. Anası vəfat etdikdən sonra, Bakı şəhəri 45 saylı Notariat Ofisində vərəsəlik işi açıldıqda, qardaşı Cavabdeh1 ərizə verərək, əslində ona məxsus olan evə vərəsə olduğunu bildirdi və notariusdan özünün də, qanun üzrə vərəsə kimi tanınmasını xahiş edərək, həmin evə dair payından imtina etmədi. Hansı ki, o yaxşı bilir ki, ev ona məxsusdur. O 45 sayh Notariat ofisində anası tərəfindən yazılmış vəsiyyətnaməni göstərdikdə, ona bildiriblər ki, həmin vəsiyyətnamə möhürlə təsdiq olunmadığından, məhkəməyə müraciət etməlidir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Cavabdeh1 09.08.2021-ci il tarixdə etiraz ərizəsi vermiş və etirazı onunla əsaslandırmışdır ki, İddia tələbini qəbul etmir və əsassız hesab edir. Belə ki, mübahisəli mülk məhrum onun X1na məxsus olmuş, anası 04 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra o 08 aprel 2021-ci il tarixdə 45 saylı Notariat ofisinə anasından miras qalmış əmlakın qəbul edilməsinə dair ərizə ilə müraciət etmişdir. Hazırda bacısı guya anasının ona mübahisəli mənzilə dair vəsiyyətnamə verməsini bildirmişdir.Lakin bu tamamilə yalandır. Belə ki,həmin vəziyyətnamə əllə yazımış, notartiat qaydasında təsdiq edilməmişdir. Əgər doğurdan da anası ona vəziyyət etsə idi notariat qaydada bunu təsdiq etdirərdi. Hətta bacısı dörd dəfə anasını notariat kontoruna aparmış,lakin anası razı olmamışdır. Anası məcbur etdiyinə görə o anasına məsləhət edib ki, bu barədə yazılı vəziyyətnamə ver.lakin notariat qaydasında təsdiq etdirmə.Belə ki, həmin vəziyyətnamə anasına zorla yazıdırlmış və anası heç vaxt evin bacısına verilməsinə razı olmamışdır. Bu barədə onun şahidləri də vardır və məhkəmə iclasına dəvət edə bilər.O anasının qanuni vərəsəsidir və bu barədə qanunda nəzərdə tutulan qaydada notarusa müraciət etməklə miras əmlakı qəbul etmişdir.Afət anasına məxsus karta olan 600 manat əmək haqqını və 740 manat təqaüd pulunu mənimsəmiş və dəfn üçün nəzərdə tutulan 600 manat pulunu da almışdır. Cavabdeh1 məhkəmə iclasında etiraz ərizəsinin məzmununa və dəillərinə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh 45 saylı notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş matereilalarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X5 məxsus olmaqla 16.08.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş matereilalarında olan 13.08.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini X5 hədiyyə etmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 04 fevral 2021-ci il tarixində ölmüşdür. İş materiallarına əlavə edilmiş 18.02.2021-ci il tarixli arayışın məzmunundan aydın olur ki, İddiaçı həqiqətən Sahil qəsəbəsi, Vaqif Ələkbərov küçəsi ev 17 ünvanında yaşayır və o həqiqətən X4 dəfn xərlərini çəkmişdir. İş matereilalarında olan 04.02.2021-ci il tarixli arayışın məzmunundan görünür ki, X6 04.02.2021-ci il tarixdə X7 rayon şöbəsinin meyitxanasına gətirilmiş və tələblərə uyğun olaraq bükülmüş və dəfn olunması üçün qohumlarına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş 15.07.2021-ci il tarixli 178№-li məktubun məzmunundan görünür ki, İddiaçı X1ndan qalmış mirasa vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə cavab olaraq, vəsiyyətnamənin notariat qaydasında təsdiq edilmədiinə görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş **********114 nömrəli ərizənin məzmunundan görünür ki, Cavabdeh1 X2 qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsini miras olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin Həmin Məcəllənin 1186-cı maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X5 məxsus olmaqla 16.08.2017-ci il tarixdə qeydiyyata alınmışdır. X6 04 fevral 2021-cii il tarixdə vəfat etmiş və onun adına miras qalmış əmlaka dair 45 saylı Notariat Kontorunda 53\2017 nömrəli vərəsəlik işi açılmışdır. İddiaçı mübahisə predmeti olan müvafiq miras əmlakın miras qoyan qimsində çıxış edən anası təərfindən ona vəsiyyət edildiyini, bu barədə vəsiyyətnamə tərtib edildiyini əsas gətirərək, miras əmlakın vəsiyyət üzrə vərəsəlik əsası ilə qəbul edilməsinin müəyyən eidlməsinə diar iddia tələbini irəli sürmüşdür. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, vəsiyyət üzrə vərəsəlik hüquq münaisbətlərinin yaranması əsası qimsində məhz yazılı formada (miras qoyanın öz sağlığında tərtib edərək, imzaladığı) və ya notarial formada (miras qoyanın öz saglığında tərtib edib, imzalayıb, notariusda təsdiq etdiyi) tərtib eidlmiş vəsiyyətnamə çıxış edir. Lakin indiki halda miras qoyan qismində çıxış edən X4 ona məxsus olan müvafiq miras əmlaka dair nə yazılı formada, nə nəd notarial formada tərtib eidlmiş vəsiyyatnamənin olması halı aşkar edilməmişdir. İddiaçı qeyd eidlən halla bağlı yeganə sübut qismində kserosurət olan kağıza istinad etmişdir. Məhkəmə qeyd edilən sübut növü ilə bağlı hesab edir ki, ididaçı tərəfindən təqdim edilmiş qeyd eidlən sübut növü mülki prosessual qnaunvericiliyin tələbi baxımından sübut qismində qəbul edilə bilməz. Belə ki, qeyd edilən sənəd kserosurət olmaqla, lazımi qaydada təqsdiq olunmamış və imzalanmamışdır. Ona görə də məhkəmə tərəfindən həmin sübutun əsasında iddia tələbinin əsaslılığını müəyyən etmək mümkün olmamışdır. Bu halda, məhkəmə qeyd eidlən halalrı əsas götürərək, hesab edir ki, iddiaçının idida tələbi əsasız olmaqla, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,s übutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, toplanmış digər sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və 45 saylı notariat ofisinə qarşı «vəsiyyət üzrə vərəsəliyin qəbul edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və 45 saylı notariat ofisinə qarşı «vəsiyyət üzrə vərəsəliyin qəbul edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar