Məhkəmə qərarları › İş №2(002)-2623/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2623/2025

26.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2623/2025 26.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1963-cü il tarixli texniki pasportun mərhum X4na məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mülk mərhum X4na məxsus olmuş və həmin evə dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu verilmişdir. Həmin torpaq sahəsində ev tikərək həmin evdə yaşamışlar. Hazırda həmin evdə yaşayır. X4 isə 03 fevral 1988-ci il tarixdə vəfat etmişdir. Atasının ümumiyyətlə soyadı olmamış, bütün sənədlərdə adı Hüseyn Nəcəf oğlu kimi yazılmışdır. Lakin qeyd olunan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport verilərkən atasının adına özləri soyad əlavə etmiş və texniki pasportu da buna uyğun vermişlər. Sonradan həmin sənədi qaralayaraq Hüseyn Nəcəf oğlu kimi yazılmışdır. Hazırda sənədlərdə olan bu uyğunsuzluğa görə həmin torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş evi adına sənədləşdirə bilmir. Sənədlərdə olan bu uyğunsuzluğa görə müəyyən problemlər yaranmışdır. Hazırki hüquqi faktın müəyyən edilməsi ona torpaq sahəsinə dair sənədləşdirmə aparmaq üçün lazımdır. Bu səbəbdən, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa oxşar, eyni məzmunlu izahat verdi. Ərizədə qeyd olunan hüquqi faktın müəyyən edilməsinin ona sənədləşdirmə işlərinin aparılması üçün lazım olduğunu bildirdi. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 27 noyabr 1962-ci il tarixdə verilmiş AЗ seriyalı 325878 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X4, anası X1r. - Molotov rayon ZDS İK-nın 24 may 1954-cü il tarixli 89 saylı iclas protokolundan çıxarışdan görünür ki, «Molotovneft» X2 işçisi Hüseyn Nəcəf oğluna fərdi (şəxsi) yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsi ərazisindən 400 kvadrat metr torpaq sahəsi verilmişdir. - 5-ci Lökbatan (Xaqani) küçəsi 28 saylı evə dair tərtib olunmuş mart, 1963-cü il tarixli «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid» pasportdan görünür ki, «Molotovneft» X2 işçisi Hüseyn Nəcəf oğluna fərdi (şəxsi) yaşayış evinin tikintisi üçün 1954-cü il tarixdə ayrılmış torpaq sahəsində inşa edilmiş evə və tikililərə baxış keçirilərək səlahiyyətli şəxslər tərəfindən texniki pasport tərtib edilmiş, hüquq sahibinin soyadı, adı, ata atı yazılarkən yanlışlıqlara yol verilmiş, yanlış olaraq yazılmış soyadın üzərindən, eləcə də, adın bir hissəsinin üzərindən xətlər çəkilmiş (qaralanmış), müvafiq düzəlişlərə inanılması barədə qeyd aparılmamışdır. Qeyd olunan səhvə məhz texniki pasportu tərtib edən şəxslər tərəfindən yol verilmişdir. - 03 fevral 1988-ci il tarixdə verilmiş İİİ-JQ seriyalı 383445 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Hüseyn Nəcəf oğlu 15 yanvar 1988-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonunda vəfat etmişdir. Bu barədə müvafiq akt qeydləri kitabında 03 fevral 1988-ci il tarixdə 22 saylı akt qeydi aparılmışdır. İş materiallarından göründüyü kimi, ərizəçinin atasının adına verilmiş texniki pasportda səhvlərə yol verilmiş, Hüseyn Nəcəf oğluna hər hansı bir rəsmi sənədə istinad edilməməklə soyad əlavə olunmuş, sonradan həmin soyadın və ada əlavə olunan şəkilçinin üzərindən xətlər çəkilmişdir (qaralanmışdır). Halbuki, ərizəçinin atasının doğumundan soyadı olmamış, bütün sənədlərdə adı və ata adı Hüseyn Nəcəf oğlu kimi, yəni düzgün qeyd olunmuşdur. Sənədlərdə bu qəbildən olan səhvlər, həmin dönəmlər üçün xarakterik olmaqla, məhkəmə təcrübəsində kifayət qədər tez-tez rast gəlinir. Bu, ilk öncə qeydiyyat aparan şəxslərin çox vaxt təhsillərinin olmaması və yaxud kifayət qədər olmaması, qeydiyyat aparan şəxsin doğma dilini yaxşı bilməməsi, ikincisi, qeydiyyat aparan şəxslərin bir çox hallarda azərbaycandilli şəxs olmaması ilə bağlıdır. Vətəndaşlar müxtəlif səpkili sənədləşmə işlərinin aparılması zamanı bu səbəbdən çətinlik çəkirlər. Hazırkı iş üzrə ərizəçi də istisna deyil. Belə ki, yuxarıda adı çəkilən texniki pasportda ərizəçinin atasının ad və ata adında səhvə yol verildiyindən, o, müvafiq sənədləşdirmə işlərini apara bilmir. Göründüyü kimi, yuxarıda qeyd olunan səbəbdən ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid qeydiyyata alınmasına dair 1963-cü il tarixli texniki pasport 10 may 1918-ci il tarixdə Bakı şəhərində doğulmuş Hüseyn Nəcəf oğluna məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid qeydiyyata alınmasına dair 1963-cü il tarixli texniki pasportun 10 may 1918-ci il tarixdə Bakı şəhərində doğulmuş, 15 yanvar 1988-ci il tarixdə Bakı şəhərində vəfat etmiş Hüseyn Nəcəf oğluna məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid qeydiyyata alınmasına dair 1963-cü il tarixli texniki pasportun 10 may 1818-ci il tarixdə Bakı şəhərində doğulmuş, 15 yanvar 1988-ci il tarixdə Bakı şəhərində vəfat etmiş Hüseyn Nəcəf oğluna məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar