Məhkəmə qərarları › İş №2(002)-263/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-263/2024

10.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-263/2024 10.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv olunması və hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «aktın ləğv olunması və hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 avqust 2023-cü il tarixli ******* saylı akt əsasında Cavabdeh tərəfindən onun adına (ünvanına) 6480 m3 itirilmiş qazın həcmi üçün hesablanmış 777 manat 60 qəpiyin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən mənzildə ailəsi ilə birlikdə yaşayır. Həmin ünvanda yerləşən mənzil 2020-ci ildə müvəqqəti yaşamaq üçün dövlət tərəfindən onlara verilmişdir. Həmin mənzildə o, qızı, iki nəvəsi yaşayırlar. Cavabdeh tərəfindən həmin ünvanda hazırda mübahisə etdiyi sayğac olmuşdur. Onlar hər ay nəzarətçinin bildirişi əsasında ödənişlər etmişlər. Mənzillərinə qaz gəlmədiyi üçün Cavabdehnə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə sayğac dəyişdirilmiş və mənzillərinə qazın verilməsi təmin edilmişdir. Sayğac dəyişdirilərkən onun üzərində gözlə görünən heç bir nöqsan olmamış və plombu üzərində olmuşdur. Sayğac dəyişdirilərkən qazın fasilələrlə buraxdığı qeyd edilmiş, başqa heç bir nöqsan yazılmamışdır. Lakin sonradan, yəni xx.xx.2023-cü il tarixdə yenidən akt tərtib edilmişdir ki, guya plastmass plombların üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var. xx.xx.2023-cü il tarixdə isə akt tərtib etmişlər ki, guya mənzildə olan sayğacda dövlət yoxlamasından hesablama mexanizminə müdaxilə rəyi verilmişdir. Aktda onun tanış olduğu, guya imza etmədiyi qeyd edilmişdir. Halbuki, həmin aktdan onun xəbəri olmamış, eləcə də, ona imzalamaq üçün təqdim edilməmişdir. Yalnız Cavabdehnə müraciət etdikdən sonra həmin aktın mövcudluğundan xəbəri olmuşdur. O, vətəndaşdır, sayğaca nəzarət idarə tərəfindən edilməli idi və hər ay da nəzarət olunurdu. O, gecə-gündüz sayğaca nəzarət edə bilməz. Əgər sayğacda hər hansı bir nasazlıq olsaydı nəzarətçi bunu görməli idi və dərhal da tədbir görməli idi. Aktda yazılmış plombların üzərində və yuvasının ətrafında əzik-cızıq izləri gözlə görünən xətadır və əgər sayğacda həmin nasazlıq var idisə nəzarətçi bunu görməli və dərhal da tədbir görməli idi. Lakin onun sayğacın mənzilə qaz gəlməməsi səbəbindən onun müraciəti əsasında dəyişdirilmiş, dəyişdirilərkən də plombu yerində olmuş və üzərində heç bir nöqsan aşkar edilməmişdir. O, yay aylarında 4-5 manat arasında, qış aylarında isə təxminən orta hesabla 15-20 manat civarında qaz işlədir. Sayğac dəyişdiriləndən sonra da sərfiyyatı eyni olmuşdur. Heç bir əsas olmadan ona 777 manat 60 qəpik cərimə yazılması tam əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.7-ci bəndində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik qaz paylayıcısının üzərinə düşür. Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə iddiaya etiraz göndərərək göstərmişdir ki, İddiaçı uzun müddət təbii qazdan ödəniş etməyərək istifadə etməklə Cavabdehnə 777,60 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar İB-nin əməkdaşları tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına 2023-cü ilin avqust ayında yoxlama aparılmış və aşkar olunmuşdur ki, iddiaçı qaz sayğacına müdaxilə etməklə Cavabdehnə 777,60 manat həcmində ziyan vurmuşdur. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan dəyəri ödənilmədən istifadə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı yuxarıda göstərilənlər əsasında ümumi məbləğ hesablanaraq ümumilikdə 777,60 manat həcmində qazdan istifadə edildiyi müəyyən edilmişdir. Təsadüfi deyil ki, «Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X1»nin Tədbirlər Planının 4.1.4-cü bəndində «Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi» təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlib. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin «Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında» 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanının 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalmaz tədbirlər həyata kəçirilməsi enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. «Əhalinin tabii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi barədə» 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması ücün zəruri tədbirlər görməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə istinad edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə tətrəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda istifadə olunan təbii qaz sərfiyyatının hesabatını aparan sayğac götürülmüş, yeni sayğac quraşdırılmışdır. 31 avqust 2023-cü il tarixli MSK seriyalı 14-2-2/3-5-8178/Q001 saylı Qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə aktdan və Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 avqust 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, cavabdehin nümayəndələri tərəfindən iddiaçının yaşadığı mənzilə aid olan **********2 nömrəli qaz sayğacına dövlət yoxlamasından «hesablama mexanizminə müdaxilə» rəyi verilmişdir. Eləcə də, dəymiş ziyanın hesablanması barədə tələb qeyd olunmuşdur. 31 avqust 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə adlı sənəddən görünür ki, yuxarıda qeyd olunan akta əsasən cavabdehə cəmi 6480 m3 (6 x 12 x 90 = 6480 m3) qazın bərpası üçün ödəniş hesablanmışdır. Qeyd etmək lazımdır ki, «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci maddəsinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.8-ci maddəsinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.9-cu maddəsinin tələblərinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş materiallarından görünür ki, zərərin İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilmir. Digər tərəfdən, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində deyil, evdən kənarda quraşdırılmışdır və iddiaçı sayğacın nasazlığına, zədələnməsinə, aşınmasına və bu kimi hallara görə məsuliyyət daşımır. İddiaçının həmin sayğaca müdaxilə etməsinə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 31 avqust 2023-cü il tarixli, ******* nömrəli akt ləğv edilməli, həmin akt üzrə 6480 m3 itirilmiş qazın həcmi üçün hesablanmış 777 manat 60 qəpik cərimə (borc) silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 31 avqust 2023-cü il tarixli ******* nömrəli akt ləğv edilsin. Həmin akt üzrə 6480 m3 itirilmiş qazın həcmi üçün hesablanmış 777 manat 60 qəpik cərimə (borc) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar