Məhkəmə qərarları › İş №2(002)-2692/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2692/2023

25.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2692/2023 25.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı «aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı «aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* saylı, 31 may 2023-cü il tarixli aktın ləğv edilməsi və Cavabdeh ASC tərəfindən onun adına (ünvanına) hesablanmış 17280 kub metr itirilmiş təbii qazın həcmi üzrə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda 2016-cı il tarixdən Cavabdeh tərəfindən “SMART” qaz sayğacı quraşdırılmışdır. Həmin sayğac küçədə yerləşdirilmişdir. Onlar hər ay nəzarətçinin bildirişi əsasında ödənişlər etmişlər. 20 may 2023-cü ildə köhnə sayğac çıxarılaraq yenisi ilə əvəz edilmiş, həmin vaxtı o evdə olmamış və onun iştirakı təmin edilməmişdir. 31 may 2023-cü il tarixdə isə akt tərtib etmişlər ki, guya sayğaca onun tərəfindən müdaxilə edilmişdir. Aktla onun tanış olduğu, guya imza etmədiyi qeyd edilmişdir. Halbuki həmin aktdan onun xəbəri olmamış, eləcə də ona imzalanma üçün təqdim edilməmişdir. Yalnız Cavabdehnə müraciət etdikdən sonra həmin aktın mövcudluğundan xəbəri olmuşdur. Sayğac onun evindən kənarda yerləşir. O gecə-gündüz sayğaca nəzarət edlə bilmir. Əgər sayğacda hər hansı bir nasazlıq olsaydı nəzarətçi bunu görməli, dərhal tədbir görməli idi. Sayğacın çıxış plasmas qoruyucusunun deşilməsi gözlə görünən xətadır və əgər sayğacda həmin nasazlıq var idisə nəzarətçi bunu görməli və dərhal da tədbir görməli idi. Lakin onun sayğacı istismar müddətinin bitməsi səbəbindən dəyişdirilmiş, dəyişdirlərkən də qeyd olunan nasazlıq guya aşkar edilmişdir. Heç bir əsas olmadan ona cərimə yazılması da tam əsassızdır. Bu barədə cavabdeh təşkilata rəsmi olaraq müraciət etsə də heç bir nəticəsi olmamışdır. Onun azyaşlı övladları var, özü tək qadındır, gündüzlər işdə olur. Uşaqlar gündüzlər onun anasının evində olurlar və evdə ancaq axşamlar olurlar. Aylıq sərfiyyatı qış aylarında 25- 30 manat, yay aylarında isə 3-4 manat olmuşdur. Ona yazılan sərfiyyatı o heç 10 ildə də istifadə edə bilməz. O sayğaca heç bir müdaxilə etməmiş, sayğac evin çöl hissəsində yerləşdirilmiş, sayğac dəyişdirilərkən plombu üzərində olmuş, plomba hər hansı bir müdaxilə olmamışdır. Göründüyü kimi, əvvəlki sayğacın istismar müddəti bitmişdir, istismar müddəti 5 il olan sayğac müddətindən artıq işləmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı X2 iddia ərizəsi ilə Qaradağ rayon məhkəməsinə müraciət edərək sərfiyyat üzrə yaranmış 2073.60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilən dəlillərdən irəli gələrək hesab edirəm ki, iddiaçı X1 məhkəmə qarşısında qaldırdığı iddiası tam əsassızdır və bu səbəbdən də təmin edilməməlidir: Belə ki, iddiaçı X1 uzun müddət təbii qazdan ödəniş etməyərək istifadə etməklə Cavabdeh İsatehsalat Birliyinə saldo üzrə 2073,60 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar əməkdaşlarımız tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına yoxlama aparılmış və təbii qazdan qeyriqanuni istifadə aşkar olmuşdur. Nəticədə Cavabdehnə ümumilikdə 2073,60 manat həcmində ziyan vurmuşdur: faktla bağlı xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilərək foto şəkillər çəkilmişdir. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər iddiaçı X1 təbii qazdan qeyri-qanuni istifadə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı yuxarıda göstərilənlər əsasında ümumi məbləğ hesablanaraq ümumilikdə 2073,60 manat həcmində qazdan istifadə edildiyi müəyyən edilmişdir İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı məxsus sayğacda dəlik aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixli, ******* saylı aktda qeyd olunmuşdur ki, Cavabdeh müvafiq aktına əsasən sayğaca müdaxilə olunmuşdur. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamə adlı sənəddən görünür ki, cavabdehə cəmi 17280 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5- 5648/Q002 saylı aktdan görünür ki, 26 may 2023-cü tarixində əhali sektorunda istismarda olan BRQS Departamentin Metrologiya Departamentinə gətirilmiş aşağıda nömrələri qeyd olunan G4 və G6 markalı İtron tipli (Smart Payment, Gallus pay) Gulf və Zenner-Smart tipli qaz sayğacları 31 may 2023-cü il tarixində dövlət yoxlaması nəticəəsində yararsız hesab olunur. Qeyd etmək lazımdır ki, «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci maddəsinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.8-ci maddəsinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.9-cu maddəsinin tələblərinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İşin faktiki hallarından görünür ki, sayğaca müdaxilə edilməsinin və bunun nəticəsində zərər vurulmasının İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Göründüyü kimi, iddia əsaslıdır, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 31 may 2023-cü il tarixli, ******* saylı akt ləğv edilməli, İddiaçı adına hesablanmış 17280 kub metr itirilmiş təbii qazın həcmi üzrə hesablanmış 2073.60 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 31 may 2023-cü il tarixli, ******* saylı akt ləğv edilsin. İddiaçı adına hesablanmış 17280 kub metr itirilmiş təbii qazın həcmi üzrə hesablanmış 2073.60 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar