Məhkəmə qərarları › İş №2(002)-2709/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2709/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2709/2023 20.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı «03 iyun 2020-ci il tarixli 25/3 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı «03 iyun 2020-ci il tarixli 25/3 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi «Qobu-Park 3» yaşayış kompleksində yerləşən 25 nömrəli evin 3 nömrəli mənzilinin Cavabdeh müvəqqəti istifadəsinə verilməsinə dair 03 iyun 2020-ci il tarixli 25/3 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və onun ailə üzvləri və əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası» təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirirlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verir, qeyri-qanuni öz aralarında alğı-satqı edir və yaxud ümumiyyətlə həmin mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 03 iyun 2020ci il tarixli 25/3 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Əliyeva X5 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş «Qobu-Park 3» yaşayış kompleksində yerləşən 25 nömrəli evin 2 otaqlı 3 nömrəli mənzili ilə təmin edilmişdir. Daha sonra, Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh 3 nömrəli mənzildə yaşamadığ üçün mənzilin açarlarının könüllü təhvil verilməsi barədə xəbərdarlıq edilsə də nəticəsi olmamışdır. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7-ci bəndlərinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, Cavabdeh mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.3 və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, Qaydaların 3.7-ci bəndinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülməlidir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Xüsusi təyinatlı kirayə müqaviləsinin 5.7-ci bəndinə istinad edən iddiaçı qeyd etmişdir ki, Cavabdeh həmin mənzildə yaşamadığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Zəngilan tam orta məktəbində müəllimə işləyir. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi «Qobu-Park 3» yaşayış kompleksində yerləşən 25 nömrəli evin 3 nömrəli mənzilində yaşayır. İşə gedib-gəlir. Yalnız yay tətilində bəzən anasıgilə qonaq gedir. Mənzildən təyinatı üzrə istifadə edir. Anasıgilə qonaq getməsi onun mənzildən istifadə etməməsi anlamına gəlmir, onunla bağlanmış müqavilənin ləğv edilməsinə əsas deyil. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, şahid X2 ifadə verərək bildirdi ki, Cavabdeh ilə qonşudurlar. 13 ildən çoxdur ki qonşudurlar. Ülkər QobuParkda 25-ci binada, o isə 37-ci binada yaşayır. Məktəbdə bir yerdə işləyirlər. Arada Ülkərin evində, arada onun evində yığışırlar. Yay tətilində Ülkər anasıgilə gedəndə, mənzilə nəzarət etsinlər deyə açarı onlara verir. Mənzilə tez-tez nəzarət edirlər, açıb baxırlar. X1 ifadə verərək bildirdi ki, 4 ildir qonşuluqda yaşayırlar. O, 26-cı binada, Ülkər 25ci binada yaşayır. Yay ərəfəsində anasıgilə gedib-gəlir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 25/3 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi «Qobu-Park 3» yaşayış kompleksində bina 25-də yerləşən 3 nömrəli 2 otaqlı mənzil 1 nəfər ailə tərkibi ilə (özü) Cavabdeh kirayə verilmişdir. İddiaçı tərəf cavabdehin həmin mənzildə yaşamadığını, mənzilin boş olduğunu bildirərək, iş materiallarına əlavə edilmiş aktlara istinad edib, hazırkı iddia ərizəsi ilə məhkəməyə mürciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh həmin mənzildə yaşamaqla, mənzildən təyinatı üzrə istifadə edir. Mənzildə yalnız məktəbə işə, bir yerə qonaq gedərkən, hər hansısa mərasimə gedərkən, dükandan, bazardan alış-veriş edərkən olmur. Qalan bütün vaxtlarda mənzildən təyinatı üzrə istifadə edir. Cavabdehin mübahisə predmeti olan mənzildən başqa digər yaşayış yeri yoxdur. 2020-ci ildən indiyə qədər dövlətin ona icarəyə verdiyi mənzildən istifadə edir. Mənzil cavabdeh tərəfindən başqa şəxslərə kirayə verilməmiş, digər şəxslər mənzilinə hər hansı ad altında buraxılmamışdır. İşin faktiki hallarından göründüyü kimi, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı «03 iyun 2020-ci il tarixli 25/3 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı «03 iyun 2020-ci il tarixli 25/3 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar