Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2711/2023 17.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «xüsusi təyinatlı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin köçdüyü gündən ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 12 iyun 2020-ci il tarixli “26/21” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh1 arasında sosial kirayə müqaviləsi bağlanmış və Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 3 Yaşayış Kompleksi 26 saylı binanın 21 nömrəli mənzil Cavabdeh1 və ailə üzvlərinə kirayəyə verilmişdir.
2. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Lökbatan 2 saylı Mənzil İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli aktlara əsasən, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi,Qobu Park 3 Yaşayış Kompleksi, 26 saylı binanın 21 nömrəli mənzildə məskunlaşan Cavabdeh1 həmin mənzildə yaşamadığı məlum olmuşdur. Mənzilin su sayğacının göstəricisi 57 m3-dir, qapı bağlıdır və yaşayış yoxdur. İddia tələbi
3. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Məhərrəmova (Rzayeva) Şəlalə Azər qızının Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 3 Yaşayış Kompleksi,26 saylı binanın 21 nömrəli mənzilinə dair 12 iyun 2020-ci il tarixli “26/21” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Məhərrəmova (Rzayeva) Şəlalə Azər qızı və ailə üzvlərinin əşyaları ilə birlikdə 21 nömrəli mənzidən çıxarılmaqla, “26/21” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin veriməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin (bundan sonra-Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinin 12 iyun 2020-ci il tarixli “26/21” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Rzayev X1 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonunda məcburi köçkünlər üçün inşa edilmiş Lökbatan qəsəbəsi,Qobu Park 3 Yaşayış Kompleksi,26 saylı binanın 21 nömrəli 2 otaqlı mənzili ilə təmin edilmişdir. Mənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və Məhərrəmova (Rzayeva) Şəlalə Azər qızının 21 nömrəli mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh1 və Məhərrəmova (Rzayeva) Şəlalə Azər qızının mənzildə yaşamadığı üçün mənzilin açarlarının könüllü təhvil verilməsi barədə xəbərdarlıq edilsədə nəticəsi olmamışdır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir.
5. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.3 və 82.3-cü maddələrinə istinad etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, cavabdeh sözügedən evdə yaşamır, bunu Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları da təsdiq etmişlər, onların tərtib etdiyi aktlardan cavabdehin mənzildə yaşamadığı, kommunal xidmətlərdən istifadə etmədiyi görünür. Cavabdeh işi ilə əlaqədar evə ancaq yatmağa gəldiyini bildirsə də, bu barədə Mənzil Kommunal Təsərrüfat Birliyinə məlumat verməli idi, cavabdehin məhkəməyə təqdim etdiyi sübutlar mötəbər olmamaqla mübahisəli mənzildə yaşaması və mənzildən istifadə etməsi təsdiqini tapmır. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Cavadeh Cavabdeh1 məhkəmə hazırlıq iclaslarına izahat verərək iddia tələbini qəbul etmədiyini, əvvəllər Bakı şəhəri, Yasamal rayonunda yerləşən yataqxanada yaşadığını, hazırkı mübahisə edilən mənzilin ona ölkə başçısının fərmanı əsasında, qanuni əsaslarla ayrıldığını, sosial kirayə müqaviləsinin onun adına bağlandığını bildirmiş və əlavə olaraq, digər Cavabdeh2 onun keçmiş həyat yoldaşı olduğunu, 2020-ci ildə nikahlarının pozulduğunu, Cavabdeh2 uşaqla birlikdə atasının evində Xırdalan şəhərində yaşadığını, bu səbəbdən mənzildə hazırda özünün tək yaşadığını, kommunal xərclərin az yazılmasının səbəbinin də bu olduğunu, özünün qarmon ifaçısı olduğunu və toy məclislərində iştirak edərək qazancını bu yolla əldə etdiyini, bu səbəblə, evə ancaq gecə yatmağa gəldiyini, bundan başqa özünün qara ciyərinin xəstə olduğundan səhhətində olan ciddi problemlərə bağlı stasionar müalicələr aldığını, eyni zamanda həyat yoldaşından ayrıldığı üçün xəstəliyi şiddətləndiyi vaxt yaxınlıqda yaşayan anasının evində bir neçə ay qaldığını və həmin dövrdə anasının ona baxdığını, qayğısına qaldığını, bu halları qonşuların da təsdiq etdiyini, lakin göstərilən bu halların heç birinin onun özünə ayrılmış mənzildən daimi köçməsi niyyətini ehtiva etmədiyini, əksinə yenidən ailə qurmaq fikri olduğunu və belə olan halda ailəsi ilə məhz hazırkı mübahisə predmeti olan mənzildə yaşamağı planlaşdırdığını qeyd etmişdir. İddiaçı onu qanuni əsaslarla ona ayrılmış mənzildən çıxarmaq istəsə də, bunu əsaslandıra bilmir, odur ki, iddianın rədd edilməsini xahiş edir.
8. Cavabdeh Rzayeva (Məhərrəmova) Şəlalə Azər qızı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, keçmiş həyat yoldaşı Cavabdeh1 İnşalla oğlunun Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 3 Yaşayış Kompleksi 26 saylı binanın 21 nömrəli mənzilində yaşamasını təsdiq edir, dövlət tərəfindən verilmiş həmin evin Cavabdeh1 alınacağı təqdirdə sonuncunun kirayədə yaşayacağını və bu səbəbdən övladının alimentini vaxtında ödəyə bilməyəcəyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir.
9. Cavabdehlərə məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq: b) Azərbaycan Respublikası Konstitusiyası
10. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
11. Maddə 91.1.1. Xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir: 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri.
12. Maddə 96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur.
13. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.
14. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.
15. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.
16. Maddə 100.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər.
17. Maddə 100.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər.
18. Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.
19. Maddə 82.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər.
20. Maddə 82.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi onunla birlikdə yaşayan ailə üzvlərinin yazılı razılığı ilə istənilən vaxt sosial kirayə müqaviləsini ləğv etmək hüququna malikdir.
21. Maddə 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir.
22. Maddə 82.4. Kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. 82.5. Sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir.
23. Maddə 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir.
24. Maddə 101.2. Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir.
25. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.
26. Maddə 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular.
27. Maddə 102.3. Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir.
28. Maddə 102.4. Bu Məcəllənin 101.2-ci maddəsində nəzərdə tutulmuş hallarda digər yaşayış sahələri verilməklə vətəndaşların xidməti yaşayış sahələrindən və ya yataqxanalarda yaşayış sahələrindən çıxarılması müvafiq yaşayış sahələrini verən əvvəlki mülkiyyətçi və ya dövlət (bələdiyyə) orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
30. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
31. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
32. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
34. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
36. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
37. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qərarı
39. Maddə 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur.
40. Maddə 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur.
41. Maddə 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər.
42. Maddə 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər.
43. Maddə 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz.
44. Maddə 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. c) Əsaslandırma
45. İddia əsassızdır.
46. Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park 3” yaşayış kompleksi 26 saylı binanın 21 nömrəli mənzili Azəbaycan Respublikası Prezidentinin 2001-ci il tarixli 7 sentyabr 577 nömrəli və 2002-ci il 13 may tarixli 700 nömrəli fərmanlarına əsasən Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin balansında olmaqla məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilməsi üçün nəzərdə tutulmuşdur.
47. Qeyd edilən mənzil 12 iyun 2020-ci il tarixli 26/21 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında Cavabdeh1 sahibliyinə və istifadəsinə verilmişdir. Kirayəçinin ailə üzvləri qismində aşağıdakılar göstərilmişdir: X4 və X6. İddiaçı cavabdehlərin qeyd edilən mənzildə uzun müddət yaşamadıqlarını əsas gətirərək qeyd edilən müqavilənin ləğv edilməsi və cavabdehlərin mənzildən çıxarılmalarını xahiş edir.
48. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
49. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 3.7-ci maddəsinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.
50. Eyni zamanda tərəflər arasında bağlanmış 12 iyun 2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən: 5.1. Tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edilə bilər. 5.2. Kirayəçi istənilən vaxt bu Müqaviləni ləğv edə bilər. 5.3. Kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu Müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. 5.4. Aşağıdakı hallarda bu Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.4.1. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; 5.4.2. Kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla) 5.4.4. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 5.4.5. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. 5.5. Bu Müqaviləyə həmin yaşayış sahəsinin məhv olması itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan Kirayəçinin vəfatı ilə əlaqədar və ya Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. 5.7. Kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənın tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 5.7.1. Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (ari), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrufat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; 5.7.2. Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə 5.7.3 Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə.
51. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırkı mülki iş üzrə sübutemə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, məhz iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad olunan halları, yəni cavabdehin həmin mənzildə daimi yaşamaması halını sübut etməlidir.
52. İddiaçı tərəf iddia tələbinin əsası kimi istinad olunan halların təsdiq olunmasına dair sübut qismində müvafiq Mənzil İstismar İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli aktlara istinad etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən yeganə sübut qismində təqdim edilmiş həmin aktlar Cavabdeh1 mübahisə predmeti olan mənzildə daimi yaşamaması halını birbaşa təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməz.
53. Belə ki, həmin aktlarda göstərilir ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 3 Yaşayış Kompleksi 26 saylı binanın 21 nömrəli mənzildə qapı bağlıdır və yaşayış yoxdur. Məhkəmə hesab edir ki, müvafiq Mənzil İstismar İdarəsinin əməkdaşları həmin mənzilə gedərkən cavabdehin mənzildə olmaması, Cavabdeh1 həmin mənzildə daimi yaşamaması, mənzildən köçməsini və ya başqa yaşayış sahəsi əldə etməsini təsdiq etmir. Bu hal isə özlüyündə həmin aktların formal olaraq tərtib edilməsi, ümumi sözlərlə ifadə edilməsi kimi qiymətləndirilməsinə əsas verir.
54. Digər tərəfdən, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC Qaradağ rayon Sukanal İdarəsinin kommunal ödənişlərlə bağlı qəbzindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 3 Yaşayış Kompleksi 26 saylı binanın 21 nömrəli mənzil üzrə cavabdehə xx.xx.2023-cü il tarixə 8.50 manat məbləğində su təchizatına görə ödəniləcək borc məbləği hesablanmışdır. Qeyd edilən qəbzlə iddiaçının təqdim etdiyi aktların tarixləri nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdehin ən azı 2023cü ilin yanvar-aprel ayları ərzində mübahisəli mənzildə su təchizatından istifadə edilməsi halı öz təsdiqini tapır.
55. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 017936 nömrəli təkrar emal aktına əsasən Cavabdeh1 Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 3 Yaşayış Kompleksi 26 saylı binanın 21 nömrəli mənzil üzrə zibil və lift xərclərini ödəmiş və elektron ödəmə sistemləri vasitəsilə ödənilmiş 11048 nömrəli qəbzə əsasən, ünvan üzrə “X9 Smart Card” xidmətinin nağd ödənişi xx.xx.2023-cü il tarixdə, 12088 nömrəli qəbzə əsasən ünvan üzrə "xxxx" ASC-yə müvafiq kommunal ödəniş xx.xx.2023-cü il tarixdə yerinə yetirilmişdir.
56. Eyni zamanda, Bakı şəhəri, Qobu park 3 Yaşayış Kompleksində yaşayan qonşular Amalya Qasımova, Kazım Məstanov, Tural Əkbərli, Aşırov Nugay tərəfindən imzalanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, qonşular Cavabdeh1 2020- 2023-cü illər ərzində səhhətində yaranmış ciddi problemlərlə əlaqədar statsionar müalicələr alması, həyat yoldaşından ayrıldıqdan sonra xəstəliyi ilə əlaqədar baxıma ehtiyacı olduğundan anasına məxsus evdə (bina 30, mənzil 83) bir müddət yaşaması, boşandıqdan sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 3 Yaşayış Kompleksi 26 saylı binanın 21 nömrəli mənzilində tək yaşamasını, evi tərk etmədiyini və musiqiçi işlədiyi üçün evə gecə saatlarında gəldiyini təsdiq etmişlər.
57. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən yeganə sübut qismində təqdim edilmiş müvafiq aktlar iddia tələbinin əsası kimi istinad edilən halları birbaşa təsdiq edən mötəbər sübut qismində çıxış edə bilməz və iddiaçı tərəfindən həmin hallara dair başqa hər hansı mötəbər sübut (cavabdehlərlə başqa şəxslər arasında bağlanılmış kirayə müqaviləsi, cavabdehin hər hansı hüquq əsasında başqa yaşayış sahəsi əldə etməsi barədə sübutlar və s.) məhkəməyə təqdim edilməmiş, əksinə tərəflərin izahatları, məhkəməyə təqdim edilmiş digər sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 mübahisəli mənzildə yaşayır, həmin mənzili daimi əsaslarla tərk etməmiş, başqa yaşayış sahəsi əldə etməmiş, nikahının pozulması, peşəsinin xarakteri və səhhətində olan xroniki problemlə əlaqədar anasına məxsus mənzildə bir müddət yaşamışdır.
58. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müvafiq qanunvericilikdə xüsusi təyinatlı yaşayış sahəsinə dair kirayə müqaviləsinin kirayə verənin tələbi ilə ləğv edilməsinin əsasları dəqiq və birmənalı şəkildə ifadə edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı hazırkı iş üzrə mənzil qanunvericiliyində kirayə verənin tələbi ilə kirayə müqaviləsinin ləğv edilməsinə səbəb olan əsaslara dair heç bir hal aşkar edilməmişdir. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək və mənzil qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi xüsusi təyinatlı kirayə müqaviləsinin ləğv edilməsi və Cavabdeh1 mənzildən çıxarılması hissəsində əsassız olmaqla təmin edilməməlidir.
59. Məhkəmə onu da qeyd edir ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli,2(002)-807/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 və Şəlalə Rzayeva (Məhərrəmova) arasında olan nikah qeydi pozulmuş, nikahın pozulmasından sonra birgə nikahlarından olan övladları X6 anasının himayəsində saxlanması, həmin uşağın yetkinlik yaşında çatana qədər saxlanması üçün Cavabdeh1 hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi; Rzayeva (Məhərrəmova) Şəlalə Azər qızına və azyaşlı uşağa məxsus qətnamənin nəticə hissəsində qeyd edilən əşyaların Cavabdeh1 alınaraq Rzayeva (Məhərrəmova) Şəlalə Azər qızına verilməsi qət edilmişdir.
60. Cavabdeh Rzayeva (Məhərrəmova) Şəlalə Azər qızı məhkəməyə ünvanladığı ərizə ilə keçmiş həyat yoldaşı Cavabdeh1 İnşalla oğlunun Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 3 Yaşayış Kompleksi 26 saylı binanın 21 nömrəli mənzilində yaşamasını təsdiq etmiş, həmin evin Cavabdeh1 alınacağı təqdirdə sonuncunun kirayədə yaşayacağını və bu səbəbdən övladının alimentini vaxtında ödəyə bilməyəcəyindən iddianın rədd edilməsini xahiş etmişdir.
61. Göründüyü kimi məhkəmə araşdırması zamanı cavabdehlərin nikah qeydinin 2021ci ildən pozulması, Şəlalə Rzayevanın övladı Sübhan Rzayev ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 3 Yaşayış Kompleksi 26 saylı binanın 21 nömrəli mənzildən daimi əsaslarla tərk edərək başqa ünvanda yaşaması halı müəyyən edilmişdir.
62. Məhkəmə qeyd edir ki, belə olan halda, iddia tələbinin “cavabdeh Məhərrəmova (Rzayeva) Şəlalə Azər qızının, ailə üzləri və əşyaları ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 3 Yaşayış Kompleksi 26 saylı binanın 21 nömrəli mənzildən çıxarılması” hissəsində təmin edilməsi üçün faktiki əsaslar aradan qalxmışdır. Nəticə
63. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «xüsusi təyinatlı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin köçdüyü gündən ləğv edilməsi» barədə iddia tələbi təmin edilməməlidir.
64. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova