Məhkəmə qərarları › İş №2(002)-274/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-274/2025

24.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-274/2025 24.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Qaradağ rayon X6 İcraiyyə Komitəsinin Torpaqdan istifadə komissiyasının məsələləri haqqında 23 avqust 1991-ci il tarixli, 7/199 nömrəli “fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barədə” qərarının və həmin qərar əsasında verilmiş torpaq sahəsinin yerləşmə cizgisinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, Ərizəçi Lökbatan qəsəbəsi, 6-cı massivdə ayrılmış torpaq sahəsində fərdi yaşayış evi tikməyə icazə verilməsi ilə bağlı Qaradağ rayon X6 İcraiyyə Komitəsinin 23 avqust 1991-ci il tarixli "fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması" barədə qərarı mövcuddur. Müdafiə etdiyi şəxsin adı Ərizəçidur və şəxsiyyət vəsiqəsində, digər sənədlərdə də bu cür qeyd olunmuşdur. Lakin Qaradağ rayon X6 İcraiyyə Komitəsinin Torpaqdan istifadə komissiyasının məsələləri haqqında 7/199 saylı, 23 avqust 1991-ci il tarixli qərarında ata adı səhvən "Həmidulla" kimi yazılmışdır. O, 1991-ci ildə qərarın surətini alarkən buna fikir verməmişdir. Lakin hazırda Maraqlı şəxs həmin qərarda ata adının düzgün qeyd olunmadığını bildirərək, Qaradağ rayon X6 İcraiyyə Komitəsinin 23 avqust 1991-ci il tarixli qərarı ilə ona ayrılmış torpaq sahəsində fərdi yaşayış evi tikməsinə maneə törədir. Halbuki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 24 fevral 2023-cü il tarixli məktubuna əsasən Ərizəçi barəsində keçmiş Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ rayon İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 7/199 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı ona göndərilmişdir. Göründüyü kimi, 7/199 saylı, 23 avqust 1991-ci il tarixli qərarda müdafiə etdiyi şəxsin ata adı texniki səhv nəticəsində "Həmidulla" kimi yazılmışdır. Həmçinin verilmiş cizgi planında da eyni səhv təkrarlanmış, ata adı "Həmidulla" kimi yazılmışdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət olunmuş və həmin orqan tərəfindən məhkəməyə müraciət olunması bildirilmişdir. Bununla əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, məhkəmədən ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bununla yanaşı, iş materiallarından görünür ki, məhkəmə hazırlıq iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, o, uzun müddətdir ki, ərizəçinin qonşusudur. Ərizəçinin atasını da tanımışdır, ərizəçinin atasının adı Həmdulla olmuş, hər kəs də onu həmin adla tanımışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, o, uzun müddətdir ki, ərizəçinin qonşusudur. Ərizəçinin atasını da tanımışdır, ərizəçinin atasının adı Həmdulla olmuş, hər kəs də onu həmin adla tanımışdır, lakin ərizəçinin atasının sənədlərini görməmişdir. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023cü il tarixli məktubundan və Qaradağ rayon X6 İcraiyyə Komitəsinin Torpaqdan istifadə komissiyasının məsələləri haqqında 23 avqust 1991-ci il tarixli, 7/199 nömrəli “Fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barədə” Qərarının surətindən görünür ki, Lök-Batan qəsəbəsi, Hacıbəyov küçəsi 11 nömrəli evdə yaşayan Ərizəçi Həmidulla oğluna fərdi yaşayış evi tikdirməsi üçün Lök-batan qəsəbəsi 6-cı massivdən ayrılmış torpaq sahəsindən 600 kv.m ayrılıb verilməsi qərara alınmışdır. İş materiallarında olan Qaradağ rayon X6 İK-nin 23 avqust 1991-ci il tarixli, 7/199 nömrəli qərarına əsasən vətəndaş Ərizəçi Həmidulla oğluna fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində ayrılmış 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin surətindən görünür ki, həmin cizgi Rayon təsərrüfatı şöbəsinin müdiri və baş məsləhətçisi tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası X2r. İş materiallarında olan AZ-İ seriyalı, 212053 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 1992-ci ildə vəfat etmişdir. İş materiallarında sürücülük vəsiqəsinin surətindən görünür ki, Ərizəçi sürücülük vəsiqəsinin qüvvədə olma müddəti xx.xx.2018-ci ildən xx.xx.2028-ci ilədək müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Başçısının Müavini tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ona xüsusi icraat qaydasında məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur Beləliklə, mülki iş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, izahatlarda, şahidlərin ifadələrində, iş materiallarında olan yazılı sübutlarda, o cümlədən ərizəçinin doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində, ərizəçinin atasının ölüm haqqında şəhadətnaməsində qeyd olunan məlumatlar nəzərə alınaraq, ərizə təmin edilməli, Qaradağ rayon X6 İK-nin Torpaqdan istifadə komissiyasının məsələləri haqqında 23 avqust 1991-ci il tarixli, 7/199 nömrəli “fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barədə” qərarının və həmin qərar əsasında verilmiş torpaq sahəsinin yerləşmə cizgisinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə, hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Qaradağ rayon X6 İcraiyyə Komitəsinin Torpaqdan istifadə komissiyasının məsələləri haqqında 23 avqust 1991-ci il tarixli, 7/199 nömrəli “fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barədə” qərarının və həmin qərar əsasında verilmiş torpaq sahəsinin yerləşmə cizgisinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar